Modern.az

YAP-dakı islahatlar nəyə hədəflənib? - AÇIQLAMA

YAP-dakı islahatlar nəyə hədəflənib? - AÇIQLAMA

14 Sentyabr 2021, 12:00

Sentyabr ayının 10-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin geniştərkibli iclası keçirildi. İclasda bir sıra məsələlər müzakirə olundu, Bakı şəhəri üzrə rayon təşkilat sədrlərinin dəyişdirilməsi qərara alındı.

 

Partiyanın daxilində aparılan son islahatlar haqqında Modern.az-a danışan  İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov YAP-ın tək ölkəmizdə deyil, bütövlükdə Cənubi Qafqazda ən böyük siyasi təşkilat olduğunu vurğulayıb.

 

700 mindən çox üzvün hakim partiyada birləşdiyini diqqətə çatdıran C. Osmanov ölkəmizdə seçkilərin legitim şəkildə keçirilməsinin bünövrəsini qoyan siyasi təşkilat kimi də YAP-ın önəmli mövqedə olduğunu söyləyib:

 

“Yeni Azərbaycan Partiyası bu günə kimi ölkəmizdə keçirilən bütün seçkilərdə qalib gələn siyasi partiyadır. Bu, partiyanın ölkəmizdə nə qədər böyük nüfuza malik olduğunu bir daha sübut edir. Yeni Azərbaycan Partiyası özünün fəaliyyətini yeniləşdirərək, yaranmış yeni reallığa uyğun hədəflənmiş addımları reallaşdırır.

 

Bu il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Əlbəttə, bu qurultay partiyanın və ölkənin ictimai siyasi həyatında böyük addımdır. Qurultay tamamilə yeniliklərlə yadda qalan qurultay oldu. Partiyanın qurultayı qalib xalqın, qalib siyasi partiyanın qurultayı kimi yadda qaldı. Yeni reallıqlara uyğun YAP da bir çox fərqli qərarlar, hədəflər müəyyənləşdirdi. Veteranlar Şurası formalaşdırıldı, yeni Nizamnamə qəbul olundu və bu sənədə uyğun olaraq artıq YAP şəhər və rayon təşkilatlarının əməkdaşları ikili vəzifə daşıya bilməz, əsas iş yeri kimi yalnız partiyada fəaliyyət göstərə biləcəklər.

 

Sentyabrın 10-da keçirilən İdarə Heyətinin genişləndirilmiş iclasında ilk dəfə olaraq, YAP Mərkəzi Aparatının, həm də şəhər, rayon təşkilatlarının, yerli struktur bölmələrinin, Veteranlar Şurasının yeni nizamnaməsi təsdiqləndi. Buna qədər belə Əsasnamə yox idi. Müvafiq sənədlə partiyanın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və digər struktur bölmələri qarşısında duran əsas vəzifələr dəqiqləşdi, Bakı şəhərinin rayonları üzrə təşkilatlara yeni təyinatlar edildi.

 

Son təyinatlarda uzun müddət partiyada fəaliyyət göstərən, təcrübəli şəxslərlə yola davam etmək qərarının verilməsi göstərir ki, partiyanın qarşısında mühüm vəzifələr dayanır. Daha effektli iş görmək məqsədilə partiya əməkdaşlarının vahid iş yerinin struktur bölmələri olmalıdır”.

 

 

Deputat Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin və partiya sədrinin birinci müavini, vitse-prezident Mehriban Əliyevanın partiya qarşısında böyük hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.

 

C.Osmanovun fikrincə, bu hədəflərin əsas hissəsi artıq partiyanın VII qurultayında müəyyənləşib və ictimaiyyətə bəllidir:

 

“Gənclərlə işin keyfiyyətinin və səmərəliliyinin artırılması, şəhid ailələrinə, qazilərə qayğının partiya fəalları tərəfindən diqqətdə saxlanması, multikultural dəyərlərin aşılanması, inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası sahəsində partiya fəallarının yaxından iştirakı və s. vəzifələr artıq müəyyənləşib, bundan sonra da yeni məqsədlər olacaq. Ölkəmizdə artıq bütün sahələrlə Vətən Müharibəsində əldə etdiyimiz qələbədən sonra yeni mərhələnin başlandığını görürük. Elə bununla əlaqədar olaraq, partiyanın həyatında da böyük canlanmanın və daha önəmli işlərin şahidi olacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü