Arxiv
14 Sentyabr 2021, 21:14 | AKTUAL
Ombudsman Aparatının əməkdaşı MDB-nin iclasında

Müstəqil Dövlətlər Birliyinin (MBD) İcraiyyə Komitəsi tərəfindən sentyabrın 14-də MDB iştirakçı dövlətlərinin uşaq hüquqları üzrə müvəkkillərinin (ombudsmanların) videokonfrans formatında birinci görüşü keçirilib.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, görüşdə MDB İcraiyyə Komitəsinin nümayəndələri, MBD iştirakçı dövlətlərinin uşaq hüquqları üzrə müvəkkilləri, milli insan hüquqları təsisatlarının müvəkkilləri, uşaq hüquqları üzrə məsul şəxsləri və digər qurumların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Ombudsman təsisatları arasında uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin aparılması, bu sahədə birgə tədbirlər planının hazırlanması və elmi-praktiki seminarların keçirilməsi üzrə ekspertlər arasında qarşılıqlı əlaqələrin qurulması, ölkələr arasında məlumat mübadiləsinin sadələşdirilməsi və digər məsələlər müzakirə olunub.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva həmin tədbirdə çıxış edib. N.Ağayeva Ombudsmanın uşaq hüquqları sahəsində fəaliyyəti barədə iştirakçılara məlumat verərək bu sahədə qaldırılan məsələlər üzrə təsisatın təcrübəsini bölüşüb.

 

O, həmçinin Müvəkkilin uşaq hüquqlarının müdafiəsi ilə bağlı ünvanına daxil olan müraciətlərin araşdırılması, o cümlədən Yaxın Şərqdə silahlı birləşmələrin tərkibində döyüşən vətəndaşların düşərgələrdə girov saxlanılan uşaqlarının üzləşdiyi problemlərin həllində və onların qaytarılması istiqamətində MDB iştirakçı dövlətlərinin müvəkkilləri ilə əməkdaşlıq əlaqələri barədə məlumat verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv