Modern.az

Şəhid xanımları azad olunmuş ərazilərə gedəcəklər

Şəhid xanımları azad olunmuş ərazilərə gedəcəklər

15 Sentyabr 2021, 10:22

Son vaxtlar işğaldan azad olunmuş ərazilərə silsilə səfərlər həyata keçirilir. Xüsusilə Şuşaya təşkil olunan səfərlərdə müxtəlif sahələrdə çalışan vətəndaşlar iştirak edirlər.

 

30 illik həsrətdən sonra Azərbaycanın Mədəniyyət paytaxtına getmək, doğma yurdumuza baş çəkmək, Cıdır düzünün möhtəşəm mənzərəsini seyr etmək hər birimizin arzusudur. Əlbəttə, Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ailələrinin, qazilərimizin də azad olunmuş bölgələrə, o cümlədən Şuşaya səfəri onların ən böyük haqqıdır.

 

Bəs, şəhid ailələrinin üzvləri və qazilərimizin Şuşaya səfərləri nə vaxt təşkil olunacaq?

 

 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, şəhid ailələrinin, xüsusilə də şəhid xanımlarının azad olunmuş ərazilərə səfər etməsi onların haqqıdır, sadəcə bu proses mərhələli şəkildə davam edir:

 

“Təbii ki, azad olunmuş ərazilərə şəhid xanımlarının, onların ailə üzvlərinin aparılması mümkündür. Bu günə qədər Birinci Qarabağ savaşında şəhid olan insanların ailələri, həyat yoldaşları, övladları azad olunmuş torpaqları ziyarət ediblər. Bu torpaqlar bizim müqəddəs yerimizdir. Hər kəs oranı ziyarət etməlidir, ilk növbədə şəhid ailələri. Sadəcə proses mərhələli şəkildə aparılır. İnşallah, yaxın vaxtlarda şəhid ailələrinin də səfərləri təşkil olunacaq”.

 

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova artıq bu istiqamətdə addımlar atıldığını bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda şəhid xanımlarının Qarbağa səfərləri təşkil olunacaq:

 

“Demək olar ki, azad olunmuş əraziləri hər kəs mərhələli şəkildə ziyarət edir. Əgər müxtəlif təbəqələrin nümayəndələri gedə bilirsə, məncə, elə ilk növbədə şəhid analarının, qadınlarının haqqıdır ki, o torpaqları ziyarət etsinlər. Biz artıq bu barədə düşünürük. Yaxın zamanlarda şəhid qadınları da doğma torpaqlarımıza səfər edəcək”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir