Modern.az

Tarixdə iz qoyanlar: Cümhuriyyət Ordusunun haqqında şərqilər qoşulan generalı - Teymur bəy Novruzov

Tarixdə iz qoyanlar: Cümhuriyyət Ordusunun haqqında şərqilər qoşulan generalı - Teymur bəy Novruzov

Mədəni̇yyət

15 Sentyabr 2021, 10:37

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

1917-ci ilin sonlarında Almaniya ilə sovet Rusiyası arasında hərbi  əməliyyatların dayandırılması haqqında saziş imzalandıqdan sonra - 1917-ci il dekabrın 5 (18)-də Qafqaz cəbhəsində-Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında 14 maddədən ibarət barışıq sazişi imzalandı. Ərzincan  barışığının şərtlərinə əsasən, Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkilməyə başladı. Rus ordusunun geri çəkilməsi ilə bağlı rus  ordusundaki  bolşevik təbliğatının  güclənməsinin  müəyyən  təhlükə  törədə biləcəyini nəzərə alaraq Zaqafqaziya  Komissarlığı tərəfindən 1917-ci il dekabrın 19-da Qafqazdakı rus  ordusunun buraxılması haqqında əmr verildi və həmin əmrə əsasən, Qafqazdakı hərbi hissələr yalnız milli korpuslar halında saxlanıla bilərdi. Bununla da Rus Qafqaz Ordusu ləğv edildikdən sonra ayrı-ayrılıqda milli korpusların – gürcü, erməni, Azərbaycan və rus milli korpusların  yaradılmasına  qərar  verildi. Milli korpusların təcili  surətdə yaradılması Qafqaz cəbhəsindən geri çəkilən rus  əsgərlərinin  yerli  əhaliyə  qarşı  törətdikləri  terror  və  soyğunçuluqların  qarşısının  alınması  ilə də izah etmək mümkündür. Gürcü və erməni milli  korpuslarının yaradılması işi Azərbaycan milli  korpusunun yaradılması işi ilə  müqayisədə daha asan və müvəffəqiyyətlə yerinə  yetirilirdi. Niyə?  Çünki, hələ  xeyli əvvəl “ОЗАКОМ” tərəfindən müxtəlif bəhanələrlə gürcü  və  ermənilərə  öz  hərbi hissələrinin yaradılmasına icazə verilmişdi. Bundan əlavə çarizmin yeritdiyi mürtəce və milli ayrıseçkilik siyasətinin nəticəsi olaraq gürcü və  ermənilər  müsəlman azərbaycanlılardan fərqli olaraq əsgərlikdən azad edilməmiş və  onlar nizami rus ordu sıralarında xidmətə çağrılaraq hərbi təlim  alırdılar. Onların hərbi xidmət görmüş nizami hərbi hissələri var idi. Məsələn, Bakı Sovetinin hərbi qüvvələrinin əsasını erməni hərbi hissələri təşkil edirdi. Beləliklə, gürcü və ermənilər hər növ silahlara malik hərbi hissələrə yiyələndiyi halda, Azərbaycan milli korpususun yaradılması prosesi hələ yenicə başlayırdı və olduqca ağır şəraitdə aparılırdı. Bunun da əsas səbəbi- çar  Rusiyasının  imperiya ərazisində yürütdüyü milli ayrıseçkilik  mürtəce  siyasətinin  nəticəsi  olaraq  İmperiya ərazisində müsəlmanların, o cümlədən azərbaycanlıların  əsgərlikdən  azad  edilməsi olmuşdur. Bu səbəbdən azərbaycanlıların döyüşdə sınanmış nizami hərbi  hissələri yox idi və Azərbaycan milli korpusunun yaradılması işində   kifayət  qədər  çətinliklər, o cümlədən peşəkar hərbi kadrların yoxluğu və ya azlığı problemi ortaya çıxırdı. Azərbaycan türkləri yalnız cahan müharibəsi zamanı könüllü olaraq  azərbaycanlılardan təşkil olunmuş bir  suvari  alayına  malik   idilər. Azərbaycan  Ordusunun yaradılması fövqəladə ağır şəraitdə icra olunurdu. Azərbaycan korpusunu yalnız 1918-ci il aprelin sonlarında general-leytenant  Əliağa Şıxlinskinin  rəhbərliyi altında  yaratmaq  mümkün  oldu. Milli Ordu quruculuğu tarixində xidməti olmuş azərbaycanlı  hərbi  sərkərdələrdən biri  də general-mayor Teymur bəy Novruzov olub.

Teymur bəy peşəkar hərbiçi, rus ordusunun generalı Mirzə Hacı bəy  Novruzovun ailəsində dünyaya  gəlmişdi. Teymur bəyin atası Mirzə  Hacı  bəy  Novruzov  zadəgan  nəslindən  olduğuna  görə Peterburqdakı  Paj  hərbi korpusunda  təhsil  almışdı və sonrakı illərdə hərbdə rus  ordusunda  göstərdiyi  igidliklərə  görə  ayrı-ayrı   vaxtlarda  müxtəlif  ordenlərlə, o  cümlədən  1856-cı ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav", 1860-cı ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1873-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1877- ci ildə "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) " İgidliyə görə" (qızıl qılıncla birgə), üçüncü dərəcəli "Müqəddəs Vladimir" (qılıncla birgə), 1882-ci ildə birinci dərəcəli" Müqəddəs Stanislav",1886-cı ildə birinci dərəcəli "Müqəddəs Anna",1891-ci ildə ikinci dərəcəli "Müqəddəs Vladimir", 1893-cü ildə  uzun illər ordudakı nümunəvi xidmətinə görə fərqlənmə döş nişanı ilə təltif edilmişdi. Hərbçi Mirzə Hacı bəy Novruzov 1896-cı il mayın 14- də qüsursuz  xidmətinə görə general-leytenant rütbəsinə layiq görülmüş və həmin ildə də  istefaya çıxmışdı..

Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzov 1880-cı il aprelin 20-də    Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbiçi Mirzə Hacı bəy  Novruzovun ailəsində anadan olub.

Teymur bəy Novruzov ibtidai təhsilini    Tiflis kadet korpusunda almışdı. O, 1898-ci ildə Yelisavetqrad suvari yunker məktəbinə  daxil olaraq süvari zabit məktəbini müvəffəqiyyətlə bitirmişdi. Teymur bəy Novruzov 1900-cü ildə rus ordusunda xüsusi atlı qoşun hissələrindən biri sayılan draqun polkuna yunker qismində daxil olmuşdu. 1901-сi ildə Teymur bəy  Novruzova çar süvari  qoşununun birinci  zabit  rütbəsi sayılan kornet  rütbəsi  verilir. O, 1905-ci  ildən  etibarən  poruçik, 1909-cu  ildən  ştabs-rotmistr, 1913-cü  ildən etibarən isə rotmistr hərbi zabit rütbəsinə yiyələnmişdi. Teymur bəy  Novruzov I Dünya müharibəsini Nijeqorodskoy 17-ci  Əlahəzrət  draqun  polkonun  4-cü eskadronunun komandiri vəzifəsində qarşılamışdı. Yeri gəlmişkən qeyd  edirik  ki, bu polk Qafqaz süvari diviziyasına daxil  idi  və rus ordusunun ən etibarlı   polklardan biri  sayılırdı. I Cahan müharibəsi illərində həmin polk bir sıra atlı    hücumlarını      yerinə yetirərək Cənubi-Qərb cəbhəsinin əməliyyatlarında yaxından  iştirak etmişdir. Teymur bəy Novruzov rus ordusunda göstərdiyi igidliklərə görə  ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə, o cümlədən 1909-cu  ildə  3-cü  dərəcəli  “Müqəddəs  Stanislav”, 1913-cü ildə 3-cü dərəcəli “Müqəddəs Anna”, 2 noyabr  1914-cü ildə 3-cü dərəcəli “Müqəddəs Anna”, 24  noyabr 1914-cü ildə 4-cü  dərəcəli  “Müqəddəs Vladimir” ordenləri, “Georgi xaçı”, onların lentləri və  qılıncla təltif edilmişdi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  elan  olunduqdan  sonra  Teymur  bəy  Novruzov    yenicə  müstəqilliyini  elan  etmiş  respublikamızın  ərazi  bütövlüyünün  və   azadlığının qorunub  saxlanılmasında  yaxından  iştirak  etmişdi. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  2  avqust  1919-cu  il  tarixli  qərarı  ilə  I  süvari  Tatar  polkunun  komandiri  polkovnik  T. Novruzova  xidmətdə  fərqləndiyinə  görə  general-mayor  rütbəsi  verilmiş,   bir  qədər  sonra  isə  Azərbaycan  Ordusunda  Süvari  Diviziyanın  komandiri  təyin  edilmişdi. O,  əvvəl  I süvari Tatar polkunun komandiri olmuşdur. Azərbaycan Respublikasının Hərbi Nazirliyinin qoşun, idarə, təsisat və təşkilatlarının dislokasiyasına dair  Azərbaycan Ordusunun Ali Ştabının General-kvartirmeysteri-Karqaletelinin 09 noyabr 1919-cu il tarixli əmrinə uyğun olaraq Teymur bəy Novruzovun rəhbərlik etdiyi Atlı Diviziya Gəncədə yerləşdirilmişdi. Atlı Dviziyanın rəisinin köməkçisi general-mayor David bəy Yadigarov isə Xankəndində yerləşdirilmişdi.

Zəngəzurda ermənilərin bütün cəbhə boyu hücuma hazırlaşması haqqında Qarabağın General Qubernatoru X.b.Sultanov və Dəstə rəisi general T. b. Novruzovun  23 mart 1920-ci il tarixdə Şuşadan N.b. Yusifbəyova  teleqram göndərmişdilər. Həmin teleqramda Zəngəzur rəisindən qəbul edilmiş teleqramın aşağıdakı  mahiyyəti olduğu kimi çatdırılırdı: “Bütün cəbhə boyu ermənilər kəşfiyyat aparırlar. Dürüst məlumatlara görə, bütün cəbhə boyu hücuma hazırlaşırlar. Onların əsas məqsədləri Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq ona 50 min türk, 200 min rus, 50 min lebelevski (yeri gəlmişkən qeyd edirik ki, lebelevski patronları fransız ordusunun silahlarında istifadə edilirdi) - 15 min ingilis patronlarının göndərilməsini xahiş edirdi. Həmin patronların yalnız bir döyüşə bəs edəcəyi bildirilirdi”.

Həmin teleqramda həmçinin general Şıxlinski tərəfindən vəd edilmiş dağ batereyasının piyada polkunun göndərilməsi xahiş edilirdi.

Azərbaycan  Ordusunda  süvarı   hissələrinin  yaradılması, komplektləşdirilməsi  və  döyüş  hazırlığının  yüksəldilməsi  sahəsində  T.Novruzovun  böyük   xidmətləri  olmuş, Süvari  diviziyasının  komandiri  kimi  süvari  polkların  formalaşmasında  fəal  iştirak  etmişdi. Azərbaycan  ordusuna  verilmiş  bütün   döyüş  tapşırıqlarının  yerinə  yetirilməsində   Süvari  diviziyasının  hissə  və  bölmələri  yaxından  iştirak  etmiş,  Azərbaycanın   müstəqilliyi   uğrunda   inamla  vuruşmuşdur. Süvari  diviziyanın  1920  ilin  martında   Qarabağda (Şuşada) yerləşən   alayı   daşnaklara  və  daxili  düşmənlərə  qarşı   döyüş  əməliyyatlarında fəal  iştirak etmişdi. Teymur   bəy  Novruzov  Azərbaycan  Xalq  Cümhuriyyəti  ordusunun, hələ  sağlığında  haqqında   şərqilər  qoşulmuş  təktək  hərbçilərindəndir. Novruzov   sovet  işğalçılarına  qarşı  Gəncə  üsyanının (1920) təşkilatçılarından  və  fəal iştirakçılarından  biri  olmuşdur.

11-ci Qırmızı  ordu  çox  böyük  qüvvə  üstünlüyü  hesabına  bu  üsyanı  yatırandan  sonra  Novruzov  mühacirət  etmək  məcburiyyətində qalmışdır. O, Gürcüstandan  keçərək  Almaniyaya  oradan  da  Fransaya  mühacirət  etmişdi. Teymur  bəy  Novruzov  bir  sıra  hərbi  təşkilatların  sıralarında  olmuş, 1938-ci  ildə  Parisdə  keçirilmiş  Rus  Hərbi  Əlillər  İttifaqı  Qurultayının  iştirakçısı  kimi  Qurultayın  idarə  heyətinə  seçilmişdir.  Rus  və  Azərbaycan  sərkərdəsi  genaral-mayor  Teymur  bəy  Mirzə  Hacı  bəy  oğlu  Novruzov  1961-ci  il  yanvarın  23-də  Fransanın   Nitsa  şəhərindən  30  km  aralıda  yerləşən  Mentonda  vəfat  etmiş  və  Nitsa  şəhərinin  Kokad  qəbristanlığında  dəfn  edilmişdir.

2020-ci ilin sentyabrın 27-də başlayaraq noyabrın 10-da Azərbaycan Ordusunun Zəfəri ilə başa çatmış Vətən Müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan övladı olan hərbçilərimiz Vətəni uğründa igidliklə döyüşüb qalib gəlməyə və bu yolda canınından keçməyə hazırdılar.


Rafiq  Səfərov,
Milli  Arxiv  İdarəsinin baş məsləhətçisi

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...