Arxiv
15 Sentyabr 2021, 13:00 | PARLAMENT
Tahir Mirkişili yaz sessiyasında görülən işlərdən DANIŞDI

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasda çıxış edən komitə sədri Tahir Mirkişili bildirib ki, 2021-ci ilin yaz və növbədənkənar yaz sessiyaları ərzində komitənin 24 iclası olub, 94 məsələ, o cümlədən 90 qanun layihəsi, 2 rəy və 1 hesabat müzakirə edilərək qəbul edilib.

 

Komitə sədri qeyd edib ki, seçicilərlə iş vacib sahə olaraq diqqətdə olub. Onun sözlərinə görə, yaz sessiyası dövründə komitəyə 49 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, onlardan 41-i tədbir gorülməsi üçün müvafiq təşkilatlara göndərilib, 8 ərizə isə işə alınıb.

 

Qanun layihələri ilə bağlı T.Mirkişili bildirib ki, bəziləri texniki dəyişikliklərdən ibarət olsa da, bu məsələlərdən hər biri özünəməxsus şəkildə əhəmiyyətlidir. Çünki, hər belə düzəlişin arxasında insanların, müəssisələrin və ictimai qurumların gündəlik həyatına təsir edən amillər var.

 

Hansı qanun layihələrinin qəbul olunmasının daha yadda qalan olmasına gəlincə, komitə sədri həmin layihələri sadalayıb:

 

 

Vergi Məcəlləsində dəyişiklik: Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 4 il müddətinə, kəpəyin istehsalı və satışı isə daha 3 il müddətinə ƏDV-dən azad edilib.

 

“Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik: Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

 

“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik: Su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyib. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrinden avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılıb.

 

“Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında”: Hesablama Palatasına auditorlar vəzifələrinə yeni namizədlərə komitə müsbət rəy verib. Hesablama Palatasının 2020-ci ildə fəaliyyətinə dair Hesabata rəy verilib.

 

“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik: İnvestorların cəlbi üçün nəzərdə tutulan müddəalar, vergi məsələləri, mübahisələrin sahəvi bölgüsünün ləğvini, onların həllində nəzərdə tutulan qurumların siyahısına Beynəlxalq Arbitraj İnstitutunun əlavə olunması əks olunub.

 

“İpoteka haqqında” qanuna dəyişiklik: Təkrar hərrac baş tutmamış elan edildikdə, tərəflərin vergi öhdəliyi və sənədləşmə prosedurları dəqiqləşdirilib.

 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi: Layihə müzakirə olunaraq qəbul edilib.

 

Komitə sədri, həmçinin vurğulayıb ki, qanunvericilik fəaliyyətindən başqa İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla bir sıra görüşləri olub. Görüşlərdə əsas məqsəd real sektorda baş verən hadisələri müzakirə etmək, qanunların icra mexanizmlərini təhlil etmək və öz fəaliyyətimizdə məlumatlardan istifadə etmək olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv