Arxiv
15 Sentyabr 2021, 12:06 | REPORTAJ
Ölümündən 7 ay sonra ikinci qızı oldu - Şəhidin arzuladığı ÖMÜR...

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

 

Şəhidlərimiz arasında dünyaya gələcək övladını görməyənləri də var idi. Körpəsini bağrına basmadan bu dünyadan köçən qəhrəmanlarımızdan biri də baş leytenant Sübhan Məmmədlidir.

 

Arayış: Məmmədli Sübhan 1994-cü ilin 12 avqust tarixində Naxçıvanın Kəngərli rayonunda anadan olub. 2000-2009-ci illərdə Xıncab tam orta məktəbində təhsil alıb. 2009-2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseyi bitirib. 2012- 2016- cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Vətən Müharibəsində torpaqlarımızın azad olunması uğrunda şücaətlə vuruşub. Oktyabrın 6- da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

 

 

Şəhidin həyat yoldaşı Aminə xanım qəhrəmanımız haqqında Modern.az-a danışıb. O xatirələrini bölüşərək deyib:

 

"Həyat yoldaşım Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə ordu sıralarında xidmət edib. İlk xidmətə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə başlayıb. Elə bizim də tanışlığımız oradan başlayıb. 2020-ci il iyul hadisələrindən sonra Sübhan özünə çox qapandı. Polad Həşimov onun komandiri olmuşdu. Generalın şəhid olması xəbəri Sübhanı sarsıtmışdı. Sentyabr ayında məzuniyyətdə idi. Ayın 26-sı zəng gəldi. Təlimlərlə əlaqədar getməli olduğunu dedi. Bir gün sonra mənə müharibəyə yollandığını söylədi. Füzuli istiqamətində döyüşdü, 6 oktyabrda şəhid oldu. İkinci Fəxri Xiyabanda dəfn olundu.

 

Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi".

 

 

Şəhid xanımı həyat yoldaşı ilə ilk tanışlığından söz açaraq, keçən günləri yada salıb. O, Sübhandan iki övladının yadigar qaldığını deyib.

 

“2016-cı ildə Mingəçevir Dövlət Universitetinə qəbul olmuşdum. 27 sentyabrda biz Sübhanla ilk dəfə görüşdük. Onun haqqında hər şeyi o vaxtdan yazdığım xatirə dəftərimdə qeyd etmişəm. Sübhan çox tərbiyəli insan idi. Onu ilk gördüyüm andan deyirdim ki, sən bu dünyanın insanı deyilsən, sanki.

 

Dekabr ayında nişanlandıq. Çox xoşbəxt idik… Həmişə qız atası olacağını deyirdi. Bildirirdi ki, "Qızımın adını Ömür qoyacağam”. Biz nişanlı olanda hamı bizi üç nəfər kimi görürdü. Sübhan, Aminə, Ömür...

 

2018-ci ilin mayın 6-da ailə həyatı qurduq. 2019-cu il fevralın 7-si Sübhanın arzuladığı Ömür dünyaya gəldi. Döyüşə gedərkən övladı olacağını bilirdi, ancaq cinsiyyətini bilmirdik. Son dəfə danışanda mənə dedi ki, “Tək istəyim başını dik tutmağın və övladlarımdan, özündən muğayat olmağındır". Sübhanın vəfatından 7 ay sonra, aprelin 9- da qızımız Sübhanə doğuldu. Mən də bütün ömrüm boyu çalışacağam ki, qızlarımı atasına layiq böyüdüm".

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv