Arxiv
15 Sentyabr 2021, 16:53 | AKTUAL
“OBA Market”də cinayət: İş məhkəməyə göndərildi

“OBA Market” MMC-nin Alatava-1 filialının administratoru Nicat Dadaşovun qanunsuz əməlləri ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

Yasamal Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, Nicat Dadaşovun 2 dekabr 2019-cu ildən 28 may 2020-ci ilədək olan müddət ərzində qeyd olunan vəzifədə işləyərkən administratoru olduğu müəssisənin büdcəsindən ümumilikdə 9 min 519 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib.

 

İş üzrə toplanmış sübutlar əsasında Nicat Dadaşova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

İş üzrə vurulmuş ziyanın 3 min 900 manat hissəsi ibtidai istintaq dövründə ödənilmiş, qalan məbləğin də ödənilməsinə dair tərəflər arasında müqavilə bağlanılıb.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv