Arxiv
15 Sentyabr 2021, 17:24 | İQTİSADİYYAT
İnternetin sürətinə görə dünya ölkələrinin reytinqi açıqlandı – Azərbaycan niyə geriləyib?

Britaniyann nüfuzlu Cable (cable.co.uk) qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb.

Cable təşkilatı 2020-2021-ci illəri əhatə edən 12 ay ərzində ( 2021-ci ilin iyun ayınadək) 224 ölkə arasında internetin sürətilə bağlı aparılan milyonlarla test nəticəsində əldə olunan statistikaya əsasən Reytinq Cədvəli hazırlayıb.

Cari ilin Reytinq Cədvəlində Azərbaycan 167-ci yeri qazanıb. Bu Reytinq Cədvəlinə görə Azərbaycanda əldə olunan orta sürət 6.6 Mbit/s olub.


Modern.az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil.

“Reytinq Cədvəlinə görə bu göstərici qonşu ölkələr içərisində də yetərincə aşağı nəticədir.

Düşünmək olar ki, ölkənin əsas provayderləri olan Baktelekom və Aztelekom dövlət şirkətlərinin böyük əksəriyyət müştərilərinin 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub.

2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub.

Xatırlayıram ki, 2019-cu ildə bu qurumun Reytinq Cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutmuşdu. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olmuşuq”.


Cable-nin Reytinq cədvəllərinə görə, son illərdə Azərbaycan internetin sürətinə görə xeyli geriləyib.


Osman Gündüz deyir ki, son illər bu sektorda inhisarçılığın yüksək həddə çatması, özəllər üçün dövlətə məxsus kabel-kanal infrastrukturundan istifadədə ciddi problemlərin yaşanması, ölkə üzrə keyfiyyətli internet probleminin həllini ötən illərdə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yalnız öz üzərinə götürməsi doğru yanaşma deyil və bu da öz nəticəsini artıq göstrəməkdədir.


“Yeri gəlmişkən qeyd edim ki, genişzolaqlı internetə əlçatımlığı artırmaq və internetin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində NRYTN-in yeni rəhbərliyi tərəfindən hazırda dövlət və özəl provayderlərin birgə əməkdaşlığını nəzərdə tutan "dövlət-özəl tərəfdaşlığı" təşəbbüsü irəli sürülüb.

Bakıətrafı və regionların kəndələrində yaxın 1-2 il ərzində genişzolaqlı inetrnetin inkişafı üçün adı çəkilən təşəbbüs çərçivəsində tədbirlərə başlanıb.

Hazırda Bakıətrafında və regionlarda bu təşəbbüs çərçivəsində GPON və LTE texnologiyaları ilə evlərə internet xəttlərinin çəkilişinə start verilib”.


Ekspert deyir ki, Azərbaycanda keyfiyyətli internet probleminin olması dövlət başçısı səviyyəsində də vurğulanıb.


“Son illərin qlobal çağırışları, COVİD-19 pandemiyası da internetin, rəqəmsal sektorun inkişafını xeyli stimullaşdırıb.

Ümid edirəm yaxın zamanlarda yaradılması nəzərdə tutulan Müstəqil Tənzimləyici qurumun formalaşması da sektorda ciddi canlanma yaradacaq, rəqabətli mühiti inkişaf etdirəcək.

İnanıram ki, Nazirlik özəl provayderlər üçün münbit şərait yaratmaqla, dövlət-özəl tərəfdaşlığını özəllər üçün cəlbedici və əlçatan etməklə, magistral infrastrukturun qurulmasına yetərincə investisiya ayırmaqla bütün ölkə üzrə keyfiyyətli internet problemini yaxın bir-iki ildə tam həll edə biləcək.

Yeri gəlmişkən, Strateji Yol Xəritəsinə görə Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıydı”.


A.Qorxmaz

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv