Arxiv
16 Sentyabr 2021, 12:25 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: 80-dək filmə çəkildi, heç bir fəxri ad almadı - 10 uşaq atası olan məşhur AKTYOR

O, bir çox ekran əsərlərində epizodik rollar oynayıb, amma nümayiş etdirdiyi sənətlə tamaşaçıların xatirəsində əbədiyaşarlıq qazanıb. Elə təkcə “Ulduz” filmindəki kolxoz sədri Qədir rolu tanınmış aktyor Bahadur Əliyevi xatırlamağa kifayət edir.

16 sentyabr tarixi aktyor Bahadur Əliyevin anım günüdür.  

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr etmiş Bahadur Əliyevin qısa həyat hekayəsini təqdim edir.

Aktyor və kino istehsalı təşkilatçısı Bahadur Əliyev sənətdəki xidmətləri müqabilində layiqli qiymətini ala bilməyən sənətkarlardandır.  Ona heç bir fəxri ad, titul, mükafat verilməyib. Heç özü də bunun üçün kimsəyə ağız açmayıb.

Sənət yoldaşları deyirlər ki, B.Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.

Aktyor irili-xırdalı 80-ə yaxın filmə çəkilib. Kim deyə bilər ki, “Ulduz” filmindəki kolxoz sədri Qədiri Bahadur Əliyevdən daha yaxşı oynaya bilən olardı. Yeri gəlmişkən, bunu sənət dostları da təsdiqləyir ki, oynadığı kolxoz sədri Qədir rolu Bahadur Əliyevin özündən daha məşhurluq qazanmışdı. Bu obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri hələ də dillər əzbəridir. Məsələn, Qədirin “adə, bu him-cim nə yaxşı şeydir” ifadəsi, yaxud da onun dilindən ifa edilən “Mən Qədirəm, yollar üstə duraram” mahnısının sözləri indi də məqamı gələndə işlədilir…

Filmlərdə kiçik, bəzən heç adı olmayan rollarda, kütləvi səhnələrdə görünsə də, böyük arzularla yaşayan aktyor yeni ekran əsərlərində məşhur qəhrəmanları canlandırmağın xəyallarını qururmuş.


Görkəmli aktyor enişli-yoxuşlu, çətin sınaqlarla dolu həyat yolu keçib.

Bahadır Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə maraqlanırmış, ali təhsil almaq üçün hara gedəcəyini də elə o zamandan müəyyənləşdiribmiş – aktyor olacaqdı…

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında yeni perspektivlər açır.

1956-cı ildə institutu bitirən Bahadur Əliyevin təyinatını Bakı kinostudiyasına verirlər.

Bir ildən sonra onu aktyor vəzifəsinə irəli çəkirlər. 1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində kiçik rollarda çəkilir. Özü deyirmiş ki, həmin kiçik rollar onün üçün gələcək filmlərə gedən yolda istinad nöqtəsi olub.

Lakin günlərin birində - 1959-cu il oktyabrln 3-də onu kinostudiyanın kadrlar şöbəsinə çağırıb deyirlər ki, işin həcmi azaldığına görə tutduğunuz vəzifədən azad olunursunuz.

Bu işdənçıxarılma ona çox pis təsir edir…


Bahadur Əliyev bir ildən sonra Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Amma Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir və ərizə yazıb öz xahişi ilə işdən çıxır.

Nəhayət 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına işə qayıdır. Bu dəfə korrektor vəzifəsinə. O, bu vəzifədə yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi.

1961-1965-ci illərdə aktyor “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur” filmlərinə çəkilir, “Böyük dayaq”da komsomolçu, “Möcüzələr adası”nda neftçi, “Sehirli xalat”da xanın əsgəri rollarında da çıxış edir.

Nəhayət 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettası əsasında ekranlaşdırılan “Ulduz” musiqili kinokomediyası Bahadur Əliyevin məşhurluq qazanmasına səbəb olur...

Tamaşaçı rəğbəti qazanmış “Ulduz” filmində Bahadur Əliyev bir sıra görəmli sənətkarlarla yanaşı çəkildi - Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu, Siyavuş Aslan, Tamilla Rüstəmov, Hacı Murad Yegizarovvə başqaları...

Məhz Bahadur Əliyevin məharətli aktyorluq bacarığı sayəsində kolxoz sədri Qədirin şöhrətpərəst, özündən müştəbeh, kütbeyin olması tam çılpaqlığı ilə tamaşaçıya çatdırılıb.

Aktyor mimikası, hərəkətləri, baxışlarına qədər bir fərqlilik ortaya qoymuş, tamaşaçının diqqətini bu rola cəlb edə bilmişdi. Uzun illərdir kolxoz sədri Qədirin davranışlarını izləyən tamaşaçıda istər-istəməz təbəssüm, gülüş yaranır…

Taleyin işinə bax ki, kolxoz sədri Qədir ona məşhurluq qazandırsa da, aktyorun bəxti yenə gətirməyib…

Bahadur Əliyev “Ulduz” filmində özünü aktyor kimi bir daha təsdiq edəndən sonra daha böyük rollara dəvət olunacağını düşünərkən, kinostudiyanın rəhbərliyi onu böyük inzibatçı vəzifəsinə keçirir.

Amma B.Əliyev bu vəzifədə işləməklə yanaşı, filmlərə çəkilməkdən qalmır. “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii filmlərində epizodik rollar oynayır. Daha sonra “İstintaq davam edir” filmində təhlükəsizlik orqanının əməkdaşı, kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində Bakı komissarlarının Azərbaycan xalqını xoş sabaha çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.

Bir inzibatçı kimi özünü doğrultduğuna görə, kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov Bahadur Əliyevi 1968-ci il sentyabrın 1-dən dublyaj qrupu direktorunun müavini vəzifəsinə irəli çəkir. O, bu vəzifədə 1973-cü ilə kimi işləyir.

1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində epizodik rollarda çəkilən sənətkar sonrakı illərdə “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat”, “Ulduz”, “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon”, “İstintaq davam edir”, “İyirmialtılar” və digər bədii filmlərində müxtəlif rollar ifa edib.

O, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Babək”, “O qızı tapın”, “Dərviş Parisi partladır”, “Özgə ömür”, “Firəngiz” bədii filmlərində də fərqli rollar oynayıb.

Bahadur Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan məşhur “Əlibaba və 40 quldurun macəraları” filmində də rol almışdı. Beləliklə də, onun bəxtinə hind kinosunun ulduzları Dxarmendra, Xema Malini, Zinyət Amanla eyni səhnəni bölüşmək qisməti yazıldı.

O, Hindiststan istehsalı olan daha bir filmə - “Abdulla”ya da çəkilib.


Yeri gəlmişkən, B.Əliyev Özbəkistan kinematoqrafçılarının istehsal etdiyi  “Odlu yollarla”, “Şerəli və Aybərçin” bədii filmlərində də çıxış edib.

Bahadur Əliyev kinostudiyada işlədiyi müddətdə xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak etdiyinə görə onu “dublyajın vuran ürəyi” adlandırırmışlar.

Aktyorun həyat və yaradıcılığını araşdıran tanınmış kinoşünas Aydın Kazımzadə yazır:

“Bahadur Əliyev kinostudiyada üç istiqamətdə fəaliyyət göstərirdi: xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində aktyor kimi iştirak edir, dublyaj işini təşkil edir, nəhayət özü filmlərə çəkilirdi.
Bahadur Əliyevin çoxşaxəli yaradıcılığını, onun insani keyfiyyətlərini müsahibələrinin birində aktyor və rejissor Elxan Qasımov belə şərh etmişdi: “Qəribə, özünəməxsus gülüşü var idi. O, gülüşü ilə ətrafındakılarda xoş əhval-ruhiyyə yaradırdı. Çox əliaçıq, həyatsevər, əxlaqlı insan idi…
Bahadur kinostudiyanın bütün işlərində yaxından kömək edərdi. Hətta işə təzə gəldiyim vaxtlarda çaşıb qalırdım. Təxmin edə bilmirdim ki, Bahadır dublyajda adminstratordur, hansısa filmdə rejissor assistentidir, yoxsa aktyordur.
Dublyaj işində Bahadur Əliyevin xüsusi xidmətləri olub. Burada işləyərkən onu “dublyajın vuran ürəyi” adlandırırdılar. Ona görə ki, o, dublyaja dəvət olunan teatr aktyorları ilə kino işçiləri arasında ünsiyyət yaradır, onlar bir araya gəlib bilmədiklərini bir-birlərindən öyrənirdilər, bir-birilərinə dəstək olurdular”.

A.Kazımzadə yazır ki, günlərin birində kinostudiyanın direktoru Adil İsgəndərov Bahaduru  yanına çağırıb yaxşı işlədiyinə, işə can yandırdığına görə ona kinoaktyor ştatına keçməyi məsləhət görür.

“Direktorun bu məsləhəti Bahadurun ürəyincə olur. O, 1973-cü il aprelin 24-də kinoaktyor ştatına keçirilir, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi, yəni 1995-ci ilə qədər çalışır”.

Bahadur Əliyev “Babək” filmində Divdad - Afşinin əsgəri, “Dərviş Parisi partladır” filmində at almaq üçün Qarabağa gəlmiş özbək bəy, “Evlənmək istəyirəm” kinokomediyasında bəy, “Özgə ömür”də qonşu, “Firəngiz” televiziya filmində Davud və digər rollarda çəkilib.

A.Kazımzadə yazır ki, Bahadur Əliyevin yaradıcılıq bioqrafiyasında adları çəkilən filmlərin böyük əksəriyyətində oynadığı rollar epizodikdir. Lakin o, ən xırda rolu belə həvəslə, istəklə ifa edirdi.

“Gecə-gündüz işləmək, ona tapşırılan işi ürəklə yerinə yetirmək Bahadurun qanında idi. Özünü bütünlüklə kino sənətinə həsr etmiş, həyatının mənasını bu sənətdə tapan Bahadur Əliyevin kino fəaliyyəti bununla bitmir. O, “Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində müxtəlif mənfi tiplərin surətlərini yaratmışdı”.

Bahadur Əliyevin bir ləqəbi də olub: kinostudiyada ona “Bərəkətli Bahadur” deyirmişlər. Bu ləqəb ona 10 uşaq atası olması ilə bağlı verilmişdi.

Kinoşünas Aydın Kazımzadənin xatirələri: “Bahadur Əliyevi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Bərəkətli Bahadur” adlandırırdılar. Bu, təsadüfi deyildi. Çünki o, 10 uşaq atası idi. Ailəsinin böyük olmasına baxmayaraq, mənzili qonaq-qaralı olardı.
“Mən uşaqlarımı kinostudiyanın çörəyi ilə böyütmüşəm” deyən Bahadur, bu sənət ocağında fəaliyyət göstərməsi ilə fəxr edirdi”.


Bahadur Əliyevin sonuncu çəkildiyi ekran əsəri 1985-ci ildə lentə alınan “Bəyin oğurlanması” filmidir. Kütləvi səhnələrdə yer alan B.Əliyev filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.

90-cı illərin məlum hadisələri və kinomuzun düşdüyü çətin vəziyyət aktyor Bahadur Əliyevin də həyatından yan ötməyib. Uzun müddət filmlərə çəkilməmək bir sıra sənətkarlar kimi Bahdur Əliyevin də səhhətinə ağır təsir göstərir. Gərginlik, əsəbilik, stress onu həmkarlarından da uzaqlaşdırır və tezliklə unudulanlardan biri olur.

Görkəmli aktyor 2002-ci il sentyabrın 16-da Sumqayıt şəhərində yol gedərkən ürəktutmasından- infarktdan faciəli şəkildə vəfat edir.

69 yaşında həyatla vidalaşan sənətkarı doğulduğu kənddə torpağa tapşırırlar.


Bahadur Əliyevin oğlu Rauf Əliyevin dediklərindən: “Mənim atam orta məktəbi əla qiymətlərlə bitirdiyi üçün o, Teatr İnstitutuna qəbul imtahanlarına gecikməsinə baxmayaraq, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyinə görə, ali məktəbə qəbul olunur. Hətta tələbə ikən ailə qurur. Təhsil almaqla yanaşı, radioda “Çərşənbə axşamı”, “Hekayə axşamı” verilişlərində iştirak edir, televiziyanın “Səhər görüşləri”ndəki yumoristik novellalarda mütəmadi olaraq çəkilirdi.
Atamın dostları çox idi. Bizim evdə kimlər olmayıb: Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Kamil Qubuşov, Ceyhun Mirzəyev, Fərman Kərimzadə, Həsən Məmmədov, Tofiq İsmayılov, Yaşar Nuri, Fazil Salayev… Baxmayaraq ki, ailəmizdə 10 uşaq idik, evimiz həmişə qonaq-qaralı olardı.
 Anam “qəhrəman ana” idi, qızıl medala layiq görülmüşdü. Çox təəssüf ki, qısa ömür yaşadı - 49 il. Nənəm də cəmisi 49 il ömür sürüb. Atam isə 69 il yaşadı. Heç vaxtı biz onu həyatından şikayət edən görmədik.
Sənətdə iz qoyan atam bu gün aramızda olmasa da, övladları, 30-a yaxın nəvə-nəticəsi onun adını yaşadır, babalarına layiq olmağa çalışırlar”.

Aktyorun qızı Şəhla Əliyeva atası ilə bağlı xatirələrində bildirib ki, Bahadur Əliyev övladlarının onun yolunu davam etdirməsini istəməyib: “Bəlkə də çətinlikləri görmüşdü, o səbəbdən istəmirdi”.

Xatirələrində Şəhla xanım atasının sənətdən küskün getməsindən təəssüf hissiylə bəhs edib...

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv