Arxiv
17 Sentyabr 2021, 10:44 | İQTİSADİYYAT
Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır

Beynəlxalq Bank hər il tərtib etdiyi “Doing Business” reytinqindən birdəfəlik imtina edir.

Modern.az xəbər verir ki, reytinq dünya ölkələrinin iqtisadi inkişafını və sahibkarlıq mühitini əks etdirir və öz sahəsində çox nüfuzlu idi.

 

“Doing Business” reytinqinin ləğvi bəzi ölkələrin iqtisadi göstərici ilə bağlı qərəzə yol verməsi ilə əlaqələndirilir. Həmin ölkələrdən biri də Azərbaycandır.

Belə ki, Dünya Bankının Daxili Audit strukturları 2020-ci il üzrə tərtib olunan reytinqdə 34-cü pillədə yerləşdirdiyi Azərbaycanla bağlı məlumatlarda təhrifə və qeyri-dəqiqliyə yol verildiyini aydınlaşdırıb.

 

Müvafiq araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycanla bağlı 3 istiqamətdə aparılmış islahatlar (“elektrik təchizatı şəbəkələrinə qoşulma", “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilməyib və daha az bal verilib. 
Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5-ə qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib.
Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.

 

Paralel olaraq, araşdırmalar 2018-ci ildə Çinin, 2020-ci ildə isə Səudiyyə Ərəbistanının reytinqdə yer alan iqtisadi göstəricilərinin məqsədli şəkildə artırıldığını müəyyən edib.

 

Dünya Bankının “Doing Business” reytinqi son 17 ildə biznes sahəsində ən nüfuzlu reytinq sayılırdı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv