Arxiv
17 Sentyabr 2021, 12:48 | ÖLKƏ
Onların niyyəti azərbaycanlılar arasında nifaq salmaqdır

Azərbaycan tərəfi sentyabrın 12-dən Gorus-Qafan yolunda post quraraq, İrandan Ermənistana gələn yük maşınlarını yoxlamağa başlayıb.


Ötən günlərdə “Azadlıq” radiosunun erməni xidməti Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərlə danışıb.


İrandan Ermənistana yük daşıyan sürücülərin Azərbaycan dilində danışması isə daha çox diqqət çəkib. Sosial şəbəkələrdə güneyli soydaşlarımızın Ermənistana yük daşınmasında iştirakı qınanılıb.


Bəs, məsələnin əsas məğzi necədir?


“Son olan hadisələr İran və Ermənistanın birgə oyunudur. Şimal və Cənub arasında nifaq salamaq istəyir”.
 

Bu sözləri Modern.az-a açıqlamasında İrandan gəlib Azərbaycanda məskunlaşan Araz Obalı deyib.



Onun sözlərinə görə, cənublu azərbaycanlıların getdikcə Şimala bağlılığı iki ölkəni də narahat edir:


“Ermənistana gündəlik olaraq 60-dan çox İran maşını keçir. Onların sürücüləri arasından iki azərbaycanlının tapıb danışdırılması bir oyundur. Farsları, kürdləri danışdırmırlar. Azərbaycanlıları danışdırıblar ki, bizlər arasında nifaq salsınlar. Buna da bizim Şimali Azərbaycandakı qardaşlarımız inanmalı deyil. Cənubluların hamısı Azərbaycan dövlətçiliyinin yanındadır, Ermənistanı özünə düşmən, Qarabağı özünün torpağı bilir. Gərək biz tələyə düşməyək, bunların hamısı oyundur.

Həm hər İki Qarabağ müharibəsi dövründə, həm də aradakı bu 30 ilə yaxın müddətdə cənublular getdikcə Şimala bağlanmağa başlayıb, Azərbaycanı öz dövləti hesab edir. Ermənistanın Qarabağa hücumları zamanı Güneydəki azərbaycanlıların İran hökümətinin qarşısındakı tələbi bu idi ki, nədən İran dövləti Ermənistana silah göndərir?

Bu etirazlara görə, yüzlərlə azərbaycanlını İran həbsə atıb. Onların hamısı hələ də həbsdədir. Yarısı da məhkəməni gözləyir, yenidən həbsə düşəcək. Bax, onlardır azərbaycanlıların nümayəndələri. İki nəfər özünü satmış və ya İran dövlətinin özünün “məmuru” olan, Azərbaycan dilində danışan sürücüsü bizim nümayəndəmiz deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv