Modern.az

Bakı metrosunda sərnişin sıxlığı artacaq

Bakı metrosunda sərnişin sıxlığı artacaq

17 Sentyabr 2021, 13:30

“Yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Bakı Metropoliteni” QSC hərəkət qrafikində, ümumən dövrün tələbinə uyğun olaraq, fəaliyyətinin gücləndirilməsi istiqamətində bütün tədbirləri yekunlaşdırıb”.

 

Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

B.Məmmədov qeyd edib ki, sentyabrın 20-dən qatarların hərəkət qrafiki optimal qaydada saxlanılmaqla daha da sıxlaşdırılacaq:

 

“Gur saatlarda qrafik üzrə “28 May-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Günün qalan saatları üçün ehtiyat qatarlar nəzərdə tutulur və zərurət yaranacağı təqdirdə bu qatarlar xəttə buraxılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. Hələlik xüsusi sərnişin sıxlığından danışmaq tezdir, amma sıxlığın olacağı da qaçılmazdır”.

 

Qurum rəsmisinin sözlərinə görə, sentyabrın 22-29-dan etibarən sərnişin sayının artması gözlənilir:

 

“Lakin ötən dövrün təcrübəsinə əsaslansaq, sıxlıq tempinin öncədən proqnozlaşdırlması qeyri-mümkündür. Buna rəğmən metropoliten istər hərəkət qrafiki, istər gur saatların təyin edilməsi və digər bu kimi məsələlərin hər birini 2019-cu ilin müvafiq dövrünə uyğun olaraq, planlaşdırır. Onu da qeyd edim ki, ötən dövrün təcrübəsi Bakı metrpoliteninə daha bir istiqamətdə fəaliyyətini tənzimləməyə imkan verir. Sərnişin sıxlığını builki yayı, 2019-cu ilin yayı ilə müqayisə etsək, bu il kifayət qədər azalma var.

 

Ümumlikdə avqust ayında metroda gün ərzində orta hesabla 377 minə yaxın sərnişin daşınıb. Avqust ayının statistikasına uyğun olaraq gün ərzində orta hesabla 267 mindən artıq vətəndaşa xidmət göstərilib. Nazirlər Kabinetinin qərarı ilə metropoliten şənbə və bazar günləri sərnişindaşıma fəaliyyəti ilə məşğul olmayıb. Bu səbəbdən ay ərzində 22 günün faktiki statistikasına əsasən, daşınan orta gündəlik sərnişindaşıma 377 minə yaxın olub”. B.Məmmədov onu da əlavə edib ki, cari ildə metropoliten sərnişindaşıma fəaliyyətini bərpa etdiyi 31 maydan avqust ayının sonuna qədər metrodan faktiki olaraq orta hesabla gündəlik 399 minə yaxın sərnişin istifadə edib. Əgər yay fəslinin bütün günlərini nəzərə alsaq, orta hesabla gündəlik sərnişindaşıma 309 minə yaxın olub. Müqayisə üçün deyək ki, metropolitenin pandemiyadan əvvəl son dəfə normal sərnişindaşıma prosesini yerinə yetirdiyi 2019-cu ilin eyni dövrü - iyun-avqust ayları ilə müqayisə etsək, həmin vaxt orta hesabla 563 minə yaxın sərnişin daşınıb.

 

2019-cu ilin yayı ilə müqayisədə bu yay 30 faizə yaxın az sərnişin daşınıb. Ənənəvi yay seyrəkliyinin iki dövrdə (2019-cu və 2021-ci illərin) müqayisəli təhlili göstərir ki, bu yay metroda sərnişindaşımanın azalmasına pandemiyanın da öz təsiri olub".

 

"Qarşıdakı günlərdə sıxlığın hansı səviyyədə olacağı, tədrisin hansı qaydada təşkili və müəssisələrin fəaliyyətinin tənzimlənməsindən asılı olacaq. Bunun üçün sərnişin sıxlığı gün ərzində bir neçə dəfə öyrəniləcək. Nəticədə stansiyaların funksional fəaliyyəti və qatarların hərəkətlərilə bağlı mümkün qərarları verəcək. Onu da qeyd edim ki, hazırda tətbiq edilən hərəkət qrafiki texniki cəhətdən mümkün ola biləcək son həddir. Çünki “28 May” stansiyası iki xəttin kəsişərək, birləşdiyi müştərək sahədir”, - deyə B.Məmmədov bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər