Modern.az

Ağdamdan Prezident İlham Əliyevə müraciət edildi

Ağdamdan Prezident İlham Əliyevə müraciət edildi

17 Sentyabr 2021, 14:30

Sentyabrın 16-da Ağdam şəhərində Prezidentin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat qurculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda iqtisadçı alimlərlə yanaşı, bir sıra hökumət qurumlarının əməkdaşları (Prezidentin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Dövlət Statistika Komitəsi), ali məktəblərin (UNEC, Bakı Biznes Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti) müəllimləri və xaricdən (Avropa, ABŞ və Türkiyə) qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.

 

Konfrans iştirakçıları əvvəlcə böyük dağıntıya məruz qalmış Ağdamın müasir vəziyyəti ilə daha yaxındam tanış olub, şəhəri viran qoymuş erməni vandalizminin ürək ağrıdan ağır nəticələrinə canlı şahidlik ediblər. Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və bələdçilər Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, Çörək Muzeyi, Ağdam Dövlət Dram Teatrı, Cümə məscidi, Mərkəzi meydan və s. barədə qonaqlara geniş məlumat veriblər.

 

Sonra Ağdamda açıq hava altında beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, konfransın Təşkilat Komitəsinin sədri Nazim Müzəffərli (İmanov), Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər, Qarabağda yeni iqtisadiyyat quruculuğu, regionun elmi əsaslarla gələcək inkişafı baxımından tədbirin əhəmiyyəti, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan çox faydalı ola biləcəyi barədə danışıblar.

 

Prof. Nazim Müzəffərlinin sədlik etdiyi konfransın plenar iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov  “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri” və AMEA İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 

Konfransın sonunda Azərbaycan Prezidenti İlham Əliyevə beynəlxal konfransın iştirakçıları adından müraciət mətni qəbul edilib.

 

Sentyabrın 17-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə elmi konfrans onlayn formatda öz işini davam etdirib. Tədbirdə konfransda Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı ilə bağlı aktual mövzular ətrafında tədqiqatçıların məruzələri dinlənilib və müzakirələr aparılıb.

 

Konfransa 100-dən artıq elmi məqalə təqdim olunub və seçilmiş konfrans materiallarının kitab şəklində çap olunması nəzərdə tutulur.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir