Arxiv
17 Sentyabr 2021, 17:03 | MƏDƏNİYYƏT
Yaqub Zurufçu Heydər Əliyevi Klivlenddə kövrəltmişdi… - XATİRƏ

“AYRILIQ”la xalqı birləşdirdi, öz vaxtsız ayrılığı ilə isə ürəkləri parçaladı...


Xalqımızın görkəmli, sevimli, unudulmaz sənətkarı Yaqub Zurufçu 32 il əvvəl - 1989-cu ildə Azərbaycana, milyonların azadlıq eşqi ilə çırpındığı “Azadlıq” meydanına qaynar bir musiqi meteoru kimi necə gəlmişdisə, elə meteor kimi də gözlənilmədən, qəfildən “uçub getdi”. Ancaq onun meteor işığı hələ yüz illər “Azadlıq” meydanında, Azərbaycanın başı üzərində şölələnəcək, qəlbləri işıqlandıracaqdır.


Yaqub bəyin yoxluğuna, vaxtsız ölümünə bu gün heç kəs inanmır, inanmaq istəmir, onun qəfil yoxluğu ilə barışa bilmir. Axı xalqımız hələ onun ecazkar səsindən, mahnılarından doymamışdı, o möcüzəli, əsrarəngiz səsin Azərbaycanı, yenicə azadlığına qovuşmuş Qarabağımızı kəndbəkənd, ev-ev dolaşağacağına əmin idi. Onun gözlənilməz ölümü bu gün hər bir azərbaycanlını musiqi korifeylərimiz Üzeyir bəyin, Bülbülün, Rəşid Behbudovun, Müslim Maqomayevin ölümləri kimi sarsıdır, təpədən dırnağa qədər yandırıb-tökür. Yaqub bəy bugünümüz üçün həmin şərəfli pleyadadan olan sonuncu korifeyimizdir.


Çox böyük təəssüf doğurur ki, bəzi yüksək rütbəlilər Yaqub bəyi vaxtında layiqincə dəyərləndirmədilər. O Yaqub bəyi ki, Ulu öndər Heydər Əliyev onun bənzərsiz səsinin vurğunu, məftunu idi. Amerikanın Klivlend klinikasında müalicə olunarkən Yaqub Zurufçunun o böyük şəxsiyyətin görüşünə gedib, sevimli rəhbər üçün onun xoşladığı mahnıları oxuması Heydər Əliyevi kövrəltmiş və o, Yaqub bəyi sevərək, qucaqlayıb, bağrına basmışdı.
Bakıya qayıtdıqdan sonra H.Əliyev Yaqub Zurufçunu görüşünə dəvət etmiş, ona Klivlenddəki görüşünə görə bir daha təşəkkür etmiş və görkəmli müğənninin doğma xalqımız qarşısında xidmətlərini, öz “Ayrılıq” mahnısı ilə Azərbaycanın müstəqillik uğrundakı çarpışmalarına böyük ruh və güc verdiyini xüsusilə yüksək qiymətləndirmişdi. Təbii ki, əgər Ulu öndər sağ olsaydı, Şuşada keçirilən ilk Musiqi festivalının ssenarisinə ciddi düzəliş edər, ilk ifaçı kimi proqrama məhz Yaqub Zurufçunun adını öz dəsti-xətti ilə yazardı. Axı, Qarabağın, musiqi beşiyimiz Şuşanın azad olunmasında bu böyük sənətkarın, Azərbaycanı bütün varlığı ilə sevən Yaqub bəyin “Ayrılığ”ının, onun azadlıq harayının da rolu olmuşdu. Yüz minlərlə gəncin qəlbində Vətən eşqini daha da alışdırıb-gücləndirən məhz Yaqub Zurufçunun azadlığa, müstəqilliyiə səsləyən naləli bağırtısı olmuşdu.


Və təbii ki, Şuşadakı ilk Musiqi festivalında “Ayrlığ”ın əzəmətini, gücünü bir daha göstərmək, məhz həmin mahnının qəlblərdə iz salaraq, Vətən qələbəsinə gətirib çıxardığını diqqətə çatdırmaq üçün ilk çıxış etmək imkanı, o böyük şərəf Yaqub bəyə verilməliydi. Heyf ki, həmin günlərdə Yaqub bəy öz “Ayrılığ”ı ilə Bakıda qaldı, Şuşaya gedənlər arasında ona yer ayrılmadı. Və çox təəssüf ki, Şuşa festivalında iştirak edən çoxsaylı layiqlilərlə yanaşı, ortabab ifaçılar, hətta toy müğənniləri də vardı... Buna görə də, illər ötsə də, Yaqub Zurufçu sənətini sevənləri onun Şuşa festufalında “yaddan çıxması” yandırıb-yaxacaq.


Bəlkə, Yaqub bəy siyahıya ona görə salınmamışdı ki, o, “sadəsə” Əməkdar vartist idi, ora gedənlər isə Röya Ayxan, Aygün Kazlmova kimi “məşhur” Xalq artistləri idilər?..


Əslində elələrinin daşıdığı “Xalq artistli” fəxri adı və eləcə də ona 12 il adı ilə qoşalaşdırılmağa cəhd edilən “Əməkdar artist” adı da lazım deyildi. Onu bu ad altında 12 il saxlamaqla kimlərsə əslində onu “uşaq-muşağa” tay etməyə, “kiçiltməyə” çalışmışdılar. Ancaq unutmuşdilar ki, Yaqub bəy üçün “Xalq artisti” adı elə böyük bir məna daşımayacaqdı. Çünki xalq arasında Yaqub bəyin daha böyük, daha şərəfli titulları var – görkəmli sənətkar, dahi, korifey müğənni!


Tam əminliklə demək olar ki, Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova və toy müğənniləri üzü qara sabiq nazir Əbülfəs Qarayevin “hesabına” (bu, xüsusi “hesabdır”) Xalq artisti ola bilərlər, ancaq xalqın artisti ola bilməzlər. Xüsusilə də onlar heç vaxt Yaqub Zurufçunun adı ilə qoşa səslənən “görkəmli sənətkar”, “dahi, korifey müğənni” adlandırılmaycaqlar - Ə.Qarayev kimi yüz mədəniyyət naziri olsa da. O yüksək zirvə yalnız Üzeyir bəy, Bülbül, Rəşid Behbudov, Müslim Maqomayev, Yaqub Zurufçu kimi şəxsiyyətlərə, Tanrı seçilmişlərinə məxsusdur!


Rəhman Orxan,
Əməkdar jurnalist

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv