Modern.az

Bir şəklin tarixçəsi: Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə... - İki əqidə dostu bir arada

Bir şəklin tarixçəsi: Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə... - İki əqidə dostu bir arada

Reportaj

18 Sentyabr 2023, 16:02

18 sentyabr tarixi Azərbaycan musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi Üzeyir bəy Hacıbəylinin doğum günüdür.


Həm bəstəkar, həm jurnalist-publisist, həm də ictimai xadim kimi Azərbaycanın həyatında müstəsna rol oynayan Üzeyir bəyin çoxşaxəli fəaliyyəti bu gün də araşdırıldıqca, heyrət doğurur.


Üzeyir Hacıbəyli jurnalistikada böyük iş görən şəxsiyyətlərdən biridir. 

Onun ilk məqalələri 1904-ci ildən etibarən “Kaspi” qəzetində çap olunub. Bir müddətdən sonra isə o, “Tərəqqi”, “İrşad” kimi qəzetlərlə əməkdaşlıq edib. Daha sonra isə “Həqiqət” adlı qəzeti özü nəşr etdirib və onun redaktoru olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetinin baş reaktor əvəzi kimi də çox məhsuldar çalışıb. Qəzetin baş redaktoru Ceyhun Hacıbəyli (Üzeyir bəyin qardaşı-red.) Parisə - Versal sülh konfransına gedəndən sonra Üzeyir bəy həm baş redaktor əvəzi, həm də parlament müxbiri kimi fəaliyyət göstərib. “Azərbaycan” qəzetində parlamentdən çox maraqlı reportajlar hazırlayıb. 

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyətini əks etdirir.

Zaman 1919-cu il... Məkan "Azərbaycan" qəzetinin redaksiyası…

Şəkildə qəzetin redaksiya heyəti yer alır. Heyətdə Üzeyir Hacıbəyli ilə yanaşı, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni də görmək olar:

Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov.

Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Məhəmməd Əmin Rəsulzadə, Səhra Paşazadə, Üzeyir bəy Hacıbəyli, Mustafa bəy Vəkilov.


Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi (Atlasov), Hacıibrahim Qasımov, Məhəmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahimov, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə.



Üzeyir bəy Azərbaycan Xalq Cumhuriyyətinə ürəkdən bağlı olub. Bunu onun yazılarında da açıq-aydın hiss etmək olar. Təsadüfi deyil ki, Üzeyir bəy vəfat edəndə (23 noyabr 1948-ci il-red.) vaxtilə əqidə dostu olmuş Məhəmməd Əmin Rəsulzadə bu hadisəyə dair məqalə yazıb. Rəsulzadə məqalədə qeyd edirdi ki, “bu gün Üzeyir bəyin tabutunun başında Sovet komissarları növbə tutsalar da, onu heç vaxt sovetləşdirə bilmədilər. Üzeyir bəy hər zaman milli qaynaqlarımıza söykənən insan olaraq qaldı və həmişə də bizim üçün bu cür insan olaraq xatırlanacaq”.


Üzeyir bəyi “Azərbaycan” qəzetindəki məqalələrində vətənpərvər, istiqlal aşiqi, azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir publisist kimi görürük. İllərlə arzuladığı bir amala çatan ədibin 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı münasibəti ilə yazdığı  "Təəssürat” silsilə  məqalələrini oxuyan hər kəs bunun şahidi ola bilər:

"Parlamanımız açıldı, gördük. Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi...

Parlaman imarətinin içində zinyət cümləsindən calibi-diqqət olan şey qiymətli xalılar degil idi,  bəlkə fiatı ucuz, lakin mahiyyəni-milliyyə və siyasiyyəsi dedikcə baha olan üç rəngli milli bayraqlarımız idi.

Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz!” - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladədən başımın tükləri biz-biz durdu".

100 il keçməsinə baxmayaraq bu gün də Parlamentin açılışından verilən bu reportajı oxuyan hər kəs müstəqil və azad vətənini bütün varlığı ilə sevən bir vətəndaşın, bu yolda hər fədakarlığa hazır olan insanın səmimi duyğularının və milli qürurunun şahidi olur.



Ə.Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi