Modern.az

“Mətbuat Şurası “reket qəzet” axtarışındadır, onları tapır, amma problemi həll edə bilmir”

“Mətbuat Şurası “reket qəzet” axtarışındadır, onları tapır, amma problemi həll edə bilmir”

16 Fevral 2010, 11:21

MEDİA EKSPERTİ RİZVAN QƏNBƏRLİ MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIR 

- Həm Türkiyə, həm də Azərbaycan mətbuatına yaxından bələdsiniz. Fərqi necə izah edərdiniz? - Azərbaycan mətbuatı ilə müqayisədə Türkiyə mətbuatının çoxlu üstün cəhətləri var. Bu ölkənin mətbuatı bizimki ilə müqayisə olunmayacaq dərəcədə maddi-texniki bazaya malikdir. Türkiyə qəzetlərinin ölkənin demək olar ki, hər bir tərəfini əhatə edən yayım şəbəkələri mövcuddur. Jurnalistlərin peşəkarlığı, mətbuata cəmiyyətin münasibəti, operativlik və s. Türkiyə mətbuatını fərqləndirən başlıca xüsusiyyətlərdir. Azərbaycan mətbuatının mövcud durumunu təsvir etmək üçün uzağa getmək lazım deyil. Sadəcə, səbr edib, son 10-15 ilin qəzetlərinə göz atmaq kifayətdir. Bu baxış bizə göstərəcək ki, bu illər ərzində mətbuatda inkişaf prosesi çox ağır gedir. Qəzetləri incələyəndə görürük ki, mətbuat neçə illərdir eyni problemləri müzakirə edir. Problemlərin xarakteristikası inkişafın göstəricisi hesab olunur. Əgər son onillik ərzində müzakirə olunan  problemlər dəyişməyibsə, deməli inkişafdan söhbət gedə bilməz. Hər hansı xüsusi müşahidə aparmadan, sadəcə mətbuatın son onillik gündəminə istinad etsək, bu problemlər özünü qabarıq göstərir: söz azadlığının pozulması, maddi-iqtisadi çətinliklər, oxucu problemi, peşəkarlıq problemi, təzyiqlər... - Sizcə, Azərbaycan mediası öz üzərinə düşən vəzifəni yerinə yetirə bilirmi? -Bu suala konkret cavab vermək üçün Azərbaycan mediasının vəzifəsinin nə olduğunu müəyyənləşdirmək lazımdır. Bilirsiniz ki, müstəqil mətbuatın yaranması və bugünkü fəaliyyətində hələ də 90-cı illərin təsiri ötüşməyib. Milli müstəqillik mübarizəsində özünü bu prosesin aktiv fiquru kimi görən və həqiqətdə də belə bir rol oynayan milli mətbuatımız daha sonrakı illərdə bu rol modelini itirməyə başladı. Bunun ən əsas səbəbi də konyektura, dövrün tələbləri idi. Müstəqillik elan olunduqdan sonra ölkədə baş verən siyasi proseslər mətbuatın rolunu da istiqamətləndirdi. Həmin siyasi proseslər qüvvələrin parçalanması, çoxalması və bir-birinə zidd mövqelərdə qərarlaşması ilə müşayiət olundu. Özünü milli müstəqillik mübarizəsinin ideoloji-maarifləndirici qüvvəsi kimi görən mətbuat bu yeni dövrdə də özünə analoji missiya seçdi. Məhz bu missiya və onunla paralel ortaya çıxan yeni istiqamətlər medianın vəzifə anlayışını da formalaşdırdı. Yaxın dövr mətbuat tariximizə baxanda, qarşımıza çıxan bu tendensiyanı nəzərə almadan, Azərbaycanda medianın öz vəzifəsini yerinə yetirib-yetirmədiyini analiz etmək çətindir. Ancaq ümumiləşdirərək və modern jurnalistika praktikasını nəzərə alaraq deyə bilərəm ki, mətbuatımızın missiyası və vəzifəsini yerinə yetirməsi baxımından qüsurlu vəziyyət hakimdir. - Medianın vəzifələri ilə bağlı birmənalı rəy mövcud deyil. Sizcə, mətbuat yalnız xəbər verməklə öz vəzifəsini yerinə yetirirmi? - Ümumiyyətlə mətbuatın vəzifəsi ictimaiyyəti bilgiləndirməkdir. Funksionalist nəzəriyyələr bu anlayışı çox geniş çərçivədə tutur. Onlara görə medianın əsas vəzifəsi təkcə xəbər vermək deyil, paralel olaraq əyləndirmək, ictimaiyyətin boş vaxtını səmərəli keçirmək, maarifləndirmək də bu vəzifələrdəndir. Bununla yanaşı, liberal nəzəriyyələr medianın “dördüncü hakimiyyət”, “gözətçi iti” kimi təqdim edir ki, bu anlayışlar da medianın siyasətçilər qarşısında xalqın görən gözü, xalq adından idarə edənlərə nəzarət vəzifələrini mediaya yükləyir. Ümumi yanaşsaq, xəbər vermək medianın başlıca vəzifəsidir. Çünki qəzet oxuyarkən, telekanallara tamaşa edərkən, radio dinləyərkən bizi istiqamətləndirən başlıca hissiyyat  öyrənmək, xəbərdar olmaq arzusudur. Bu çərçivədən yanaşanda mediada bizə təqdim edilən bütün kontentləri xəbər kimi qiymətləndirirəm. Ancaq bu kontentlər təkcə xəbərdar etməməli, eyni zamanda aydınlatmalı, üfüqümüzü genişləndirməlidir.  Mənim barışmaz mövqe tutduğum bir mövzuda başqalarının nə düşündüyünü də öyrənmə haqqım olmalıdır. Eyni zamanda, eşitdiyim məlumatı daha dolğun öyrənə bilim deyə, onun zaman-zaman işin əhli hesab olunan şəxslər tərəfindən şərhi ilə tanış olmalıyam. Qısası, medianın vəzifələri xəbər ətrafında şaxələnən çoxlu funksiyalar zənciridir. Ayrı-ayrı media qurumları, qəzetlər və s. bu zəncirin hansısa həlqəsinə daha çox üstünlük verə bilər və bu seçimindən ötrü onları qınama şansımız yoxdur. Əksinə, indiki dövrdə mediada ixtisaslaşma prosesi gedir və bu vəzifələr, funksiyalar baxımından özü ilə bərabər bir məhdudlaşdırma da gətirir. Burada əsas olan medianın vəzifəsini təyin etmək yox, onu vəzifəsinin öhdəsindən gəlmək qabiliyyəti olmalıdır. - Azərbaycan mətbuatının mövcud vəzifələrini təhlil edərkən daha çox hansı meylləri müşahidə edirsiniz? - Bayaq da qeyd etdim. Mətbuatımızın formalaşma prosesindəki şərait onun vəzifələrini də istiqamətləndirdi. Bu vəzifələrdən ən çox gözəçarpanı siyasi hakimiyyət mübarizəsində rol almaq, təbliğatçı kimi çıxış etmək oldu. İllər ötdükcə bu vəzifənin daşıyıcısı olan mətbu qurumlardan bəziləri neytrallaşdı və oxucu itirməyə başladı. Hal-hazırda oxucu nəzdində öz mövqeyini qorumağa çalışan və nisbətən buna nail olan mətbu modellər var. Bunlardan biri, siyasi duruşunu gizlətməyən, ya da bizim açıq-saçıq duruşunu sezdiyimiz mətbu orqanlardır. Sərbəst bazar qaydaları baxımından yanaşanda nisbətən oxunan qəzetlərdir. İkincisi dövlət orqanlarının mülkiyyətində fəaliyyət göstərən, bürokratik proseduralar çərçivəsində abunə şəbəkəsi mövcud olan qəzetlərdir. Üçüncü qrupda oxucu rəyini nəzərə almadan, sadəcə çıxmaq xatirinə çıxan, müəyyən periodlarda kimlər tərəfindənsə tələb olunan missiyalar üçün gözləyən qəzetlərdir. Ən acınacaqlısı isə, müstəqil olmağa çalışan və bu arzusundakı səmimiyyətini də gördüyümüz, ancaq zaman-zaman bu üç qrupdan birinə yaxınlaşan qəzetlərdir ki, onları da dördüncü qrup kimi təqdim etmək olar. Mənə elə gəlir ki, milli jurnalistikamız  birinci və ikinci qruplarda formalaşıb və formalaşır. Ancaq inkişaf edərək çöhrəsini dəyişdirəcək, yenilik gətirəcək, əvvəlcə çaşdırıb daha sonra öyrəşdirəcək yeni jurnalistikamızı isə dördüncü qrupda, yəni müstəqil olmağa çalışan qrupdan gözləməli olacağıq. İnternet mediasının da bu prosesə müsbət təsir edəcəyini ümid etmək olar. - Sizcə yerli media sovet mətbuatının ənənələrindən tamamilə xilas ola bilibmi? - Sovet mətbuatının öz ənənələri var idi. Bu ənənələrdən zahirən xilas ola bilmişik. Ancaq mahiyyətcə belə bir dəyişiklikdən söz açmaq üçün əsaslarımız çox azdır.  Mediaya funksionalist yanaşma baxımından hər hansı yenilik görə bilmirik. Burada dəyişən şey sadəcə medianın mülkiyyət strukturudur. Bunlarla yanaşı, müsbət fərqliliklər də çoxdur və bunlar da Qərb ölkələri ilə inteqrasiya artdıqca, bu ölkələrin jurnalistika ənənələri ilə tanış olduqca artacaq. - Azərbaycan və türk mətbuatının qarşılıqlı müqayisəsi zamanı hansı nəticələr ortaya çıxır? - Türk mətbuatı son illərdə, yəni bu ölkənin indiki hakimiyyətinin media ilə münasibətləri nəticəsində bizim mətbuata oxşamağa başladı. Burada baş verən siyasi proseslər, hakimiyyətin ayrı-ayrı media qurumlarına birbaşa nüfuz etməyə başlaması nəticəsində media-siyasət münasibətləri də bizdəkinə oxşayırdı. Ən azından illərlə müstəqil və tərəfsiz kimi tanıdığımız müxtəlif qəzet və telekanallar istəyərək və ya istəmədən öz tərəfini bəlli etmək məcburiyyətində qaldı. Bütün bunlara baxmayaraq, türk jurnalistika məktəbi bizim üçün çox maraqlıdır və öyrənəcəyim həddindən çox təcrübəyə malikdir. Yeri gəlmişkən, bu ölkənin jurnalistika tədris metodunun da yaxşı dəyərləndirilib ölkəmizdə tətbiq imkanlarının nəzərdən keçirilməsini arzu edərdim. - Azərbaycan mətbuatının özünü tənzimlənməsi sahəsində vəziyyət necədir? - Bu sahədə artıq nə qədər mübahisəli olsa da, özünü tənzimləmə modeli var və tətbiq olunur. Bunlardan biri, Jurnalistlərin Peşə Əxlaqı Kodeksi, digəri isə Mətbuat Şurasıdır. Ancaq bunlardan heç biri faktiki olaraq jurnalist məsuliyyətini aşılamaq və yaymaq qabiliyyətində deyil. Bu proses öyrənmə prosesində başlamalıdır. Bunun üçün jurnalist yetişdirən təhsil ocaqlarına və ayrı-ayrılıqda hər media qurumuna böyük vəzifələr düşür. Bu baxımdan, hər bir media qurumunun öz strukturu daxilində də özünütənzimləmə modelinə ehtiyacı var. Məsələn, Ombudsman modelini təklif etmək olar. Ancaq burada ümumi Ombudsmanı yox, hər qəzetin öz Omudsmanını nəzərdə tuturam. - Mətbuat Şurasının fəaliyyətini necə qiymətləndirirsiniz? - Mətbuat Şurası bir çox çətin sınaqlardan keçilərək yaradılmış bir qurumdur. Bu gün şuranın idarə heyətində təmsil olunan təcrübəli və bacarıqlı jurnalistlərimiz, ictimaiyyət nümayəndələrimiz var. Ancaq bir qurum kimi, şuranın indiyə kimi jurnalistikada nəyə nail olduğuna dair fikirlərim haçalanır. Son illərə baxanda görürük ki, Mətbuat Şurası “reket qəzet” axtarışındadır. Onları tapır, elan edir, amma problemi həll edə bilmir. Mətbuat Şurasının fəaliyyətinə baxdıqda,  “reket qəzet”lər bir nömrəli problem kimi görünür. Reallıqda isə belə deyil,  “reket qəzet”lər mətbuatın yox, ictimaiyyətin problemidir. - Belə bir fikir var ki,  gələcəkdə internet mediası qəzet mətbuatını sıradan çıxaracaq. Bəs siz necə düşünürsünüz? - Mətbuat Şurasının hələ də internet saytı yoxdur. Hələ qorxmayaq. Bu bir zarafatdır, amma bir az da reallıqdan xəbər verir. İnternet mediasının qəzet mətbuatını sıradan çıxaracağını əsla düşünmürəm. Bu müzakirələr on ildən çoxdur ki, aktualdır. Mən texnoloji inkişaf prosesinin qəzetlərin mövqeyini və imkanlarını daha da gücləndirəcəyini düşünənlər arasındayam. Əlbəttə, zaman-zaman ənənəvi qəzetlər internet qarşısında itkilərlə üzləşirlər. Ancaq yeni rəqabət mühitində qəzetlər öz ənənəvi modelini məhz internetin  gücündən istifadə etməklə qoruya biləcəklər. Paralel olaraq internet mediasının inkişafı da jurnalistikanı yeni axtarışlara, təkmilləşməyə doğru istiqamətləndirəcək. İnternet qəzetin bir alternativi deyil, onun yayım kanallarından biridir. İnkişaf etmiş, ictimaiyyətin internet şəbəkəsi ilə bir-birinə bağlandığı ölkələrdə bu, belədir. İnternetə düşmən gözüylə baxmayan, onu dost kimi qucaqlayan qəzetlər məncə yeni dövrdə daha da güclənəcəklər. Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı