Arxiv
20 Sentyabr 2021, 13:29 | QARABAĞ
“Şuşaya çatanda nitqim qurumuşdu, doğma şəhərim Xankəndiyə boylanırdım” - Səfər TƏƏSSÜRATI

“Şuşaya gedəcəyimizi bizə bir gün öncə xəbər verdilər. Həmin gün bilmədim necə hazırlaşım, nə edim. Bütün gecəni o yolları necə gedəcəyimi düşündüm. Səhər saat 6-da “Azneft” meydanında görüşdük və yola çıxdıq.

 

Mən əslən Xankəndidən olmağıma baxmayaraq, bütün uşaqlıq xatirəm Şuşa ilə bağlıdır. “Son zəng”imizi də Şuşada qeyd etmişik. Həmin gün Şuşaya gedəndə elə bilirdim ki, orada yaxınlarımı tapacam, sanki heç bir hadisə baş verməmiş kimi 30 il əvvəl Şuşaya gedirəm.

 

Yol boyu heç kim bir-biri ilə danışmırdı, hamı gözünü yola zilləmişdi. Biz hər qarışında şəhid qanı olan– Zəfər yolundan keçdik”.  

 

Bu sözləri Modern.az-a illər sonra Qarabağın Mədəniyyət paytaxtı Şuşaya səfər edən “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva təəssüratlarını danışarkən deyib.

 

O, keçirdiyi hisslərdən danışarkən, yenidən gəncliyinə qayıtdığını bildirib:

 

“Şuşaya çatdıq, heç kim danışmırdı, hamının nitqi qurumuşdu. Birinci Cıdır düzünə getdik. Xankəndiyə baxmaq üçün boylana-boylana qalmışdım. Cıdır düzündən Xankəndiyə boylanırdım. Gözüm axtarırdı,.. amma nə axtarırdım bilmirəm. Kimisə, yaxınlarımı, əzizlərimi görmək istəyirdim...

 

Yuxarı Gövhərağa məscidinə getdik. Ora əvvəllər Tarix muzeyi idi. Oranı da ziyarət etdik. Şuşa Musiqi Texnikumundan heç bir iz qalmayıb, yerlə-yeksan edilib...

 

Böyürtkən yığdım. Qarabağın böyürtkəni başqa yerdə yoxdu. İnanırsız, təzyiqi 200 olan insan dərman atmadı. 30 il öncəyə, gəncliyimə qayıtdım. Şuşanın havası, təbiəti məni keçmişə qaytardı.

 

Biz bu günümüz üçün Ali Baş Komanımıza, Ordumuza təşəkkür edirik, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Prezident İlham Əliyevin yürütdüyü siyasət bizi gəncliyimizə, Qarabağımıza qovuşdurdu. Mən o gün Şuşadan Xankəndiyə baxırdım, inşallah, gün gələr Xankəndidən Şuşaya boylanaram”.

 

 

Müsahibimiz Şuşanı Kəbə ilə müqayisə edib...

 

“Şəhid qanı axmış Zəfər yolu bizi qələbəyə apardı. Şəhidlərimiz meşənin ortasında keçən Zəfər yolu saldılar. Oraları gedib gəzməyi, ziyarət etməyi Allah tezliklə hamıya qismət etsin. Şuşa nəhəng bir qəsrdir. Ora getmək üçün dolanbac yollar keçməlisən. Şuşa bizim Kəbəmizdir.

 

Azad Şuşaya ziyarət səfərini təşkil edən Prezident Administrasiyasına, xüsusilə də Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə təşəkkürümü bildirirəm”.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv