Arxiv
20 Sentyabr 2021, 17:24 | MƏDƏNİYYƏT
Oğlu şəhid olan aktyor: “Onu torpağın altına qoymuşam, sağdır...”

Bu yaxınlarda Akademik Mili Dram Teatrının aktyoru Əli Nur oğlu Rövşən Nurzadənin şəhid olduğu  Şuşa şəhərinə səfər edib.  

 

Şuşa təəssüratlarını Modern.az-la bölüşən Xalq artisti uzun illərdən sonra Qarabağa səfərin qürurverici hadisə olduğunu deyib.

 

O, övladının şəhid olduğu şəhərdə təsirli anlar yaşadığını söyləyib:

 

“Mən Şuşaya çoxdan getmək istəyirdim, getməli idim. Elə oldu ki, Üzeyir Hacıbəyli ilə bağlı tədbirə məni də dəvət etdilər. Məmnuniyyətlə, qəbul etdim. İşğaldan əvvəl Şuşada çox olmuşam, amma bu dəfə Şuşa səfəri tam fərqli idi, fərqli hisslər yaşayırdım. Qarabağın  gözəlliyinin şahidi olmaq sözlə ifadə olunmayacaq hisslərdir.

 

Oğlum Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın işğaldan azad olunmasında iştirak edib və Şuşada şəhid olub. Bir ata kimi qürurverici hisslər yaşadım ki, oğlumun azad etdiyi torpağa, Şuşaya ayaq basmışam. Bir anlıq kövrəldim, əlbəttə, oğlunu itirən atanın kövrəlməsi normaldır.  Mənim oğlum və digər oğullarımız şəhid olmasaydı, qələbə də olmayacaqdı. Yurdu yaşatmaq üçün, Qarabağı, Şuşanı almaq üçün qəhrəmanlarımız can verdi. Rövşən Şuşanın girişində şəhid olub, onun əbədi ruhu Cıdır düzündən yuxarı qalıb. Oğlumu torpağın altına qoymuşam, amma o ölməyib, sağdır. O gələcək nəsillərin ürəyində əsrlər boyu yaşayacaq. Vətənin, torpağın xilaskarıdır oğlum”.

 

 

Qeyd edək  ki,  Azərbaycan Ordusunun  baş leytenantı Rövşən Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı  qəhrəmancasına vuruşub və noyabrın 8-də Şuşada şəhid olub. İkinci  Fəxri Xiyabanda dəfn olunub.

 

Xalq artistinin şəhid oğlu ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv