Modern.az

TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü

TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü

21 Sentyabr 2021, 00:31

“Trans-Adriatik” boru kəməri (TAP) sentyabrın 20-də Dubayda keçirilən “Gastech Awards 2021” mərasimində "İlin təbii qaz, LNG və ya hidrogen layihəsi" kateqoriyasında qalib elan olunb.

 

Modern.az xəbər verir ki, TAP-ın idarəetmə direktoru Luca Schieppati mükafata layiq görülmələrindən məmnunluğunu ifadə edib, bu uğura görə səhmdarlara, podratçılara, təchizatçılara və layihədə iştirak edən hər kəsə təşəkkür edib. Bildirib ki, layihə planlaşdırılan vaxtda və büdcədə, eyni zamanda, dünya standartlarına uyğun təhlükəsizlik standartları ilə tamamlanıb.

 

Hər il keçirilən qlobal “Gastech” konfransı ərəfəsində təşkil edilən “Gastech Awards” mükafatları şirkətlərin və təşkilatların təbii qaz sektorundakı üstün nailiyyətlərinə görə təqdim olunur.

 

Qeyd edək ki, TAP boru kəməri ilə indiyədək Avropaya 5 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql olunub. TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

 

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

 

Boru kəməri TANAP ilə birləşib və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayır. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənib və İtaliyanın Puqlia bölgəsində sahilə çıxır. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşib. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

 

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir