Arxiv
21 Sentyabr 2021, 08:49 | MƏDƏNİYYƏT
Böyük Çölün haqq aşığı

Türk insanı Boz Çöllərin sahibi olduğu kimi, onun dilini də , məişətini də gözəl bilib. Ona görə səhralarla, küləklərlə, tufanlarla da dost olmağı bacarıb. İnsanın dost ola bilmədiyi, təkcə elə insan özüdür. Çünki bir-birinə istək də, hirs də insandan gəlir.  O zamanlar idi. Üfüqlərə qədər uzanan Boz Çöllərdə də tayfa müharibələri, intriqaları olurdu. Bu tayfa müharibələrinin də əsasını  mal-mülkŞ heyvan-qara sahibi olan bəylər, kənxudalar edərdilər.  Kaş ki, etməsəydilər. Əslində , türkün birliyini, əzmini qüdrətini qıran elə bu xırda tayfa mübarizələri oldu. XVIII əsrin axırları, XIX əsrin ortaları Mərkəzi Asiya Respublikalarında da həyat öz axarı ilə getmirdi.


Böyük Çöldə sərhəd yox idi. Bu gün yaşadığın  auldan, kənddən , obadan  xoşun gəlmədi, çadırını söküb, dəvəyə, ata yükləyib, ailənlə birlikdə çıxıb getmək olurdu. Böyük cüzün Şapıraşı nəslindən olan Jabay kişi də tayfa mübarizəsinin bədəlinə gəlmişdi. Hamilə həyat yoldaşı Uldanı da götürüb, Alatau dağlarının ətəyinə, Jambıl əyalətinə gəldi. Qışın soyuğu-qarı səhrada yolu tapmağa çətinlik törətsə də, çöl adamı yolu hava ilə, heyvanın hənirtisi, günəşin  çıxıb-batması, ulduzların düzülüşü ilə bilir. 1846-cı ilin  fevral soyuğu iliklərə işləyəndə  Uldan  yükünü yerə qoydu, ay parçası kimi bir oğlu gəldi dünyaya. Bu kəndin ətrafındakı qonşular onlara həyan oldular. Jabay çöl adamı idi. Böyük bir məşəqqəttdən canını və ailəsini  qurtarıb, Jambıl diyarına sığınanadan sonra, rahatlıq tapmışdı. Elə buna görə də Jabay oğlunun adını Jambıl elinə uyğun olaraq “Jambıl” qoydu.


Səhrada qadının işi nə ola bilər? Ər səhər tezdən evdən çıxıb  heyvan-qara üçün ot-ələf dalınca, odun-oduncaq,  ev üçün azuqə dalınca gedər, yurtada  qalan oğul uşaq da ananın buyruğuna müntəzir olardılar. Biri heyvanları örüşə aparar, biri sağılmış südü tədaürk edər, axşam da örüşdən qayıdan mal-heyvanı yerbəyer edib, oğul-uşağı, ailəni rahatlayardılar. Qışı yurtanın içərisində qoyulmuş isti sobanın hesabına qızınardılar. Qazax türkcəsində  çadıra “Yurt, Jurt”- deyirlər. Keçədən hazırlanan bərli-bəzəkli Yurtaların başının üstündəki mərkəzdə olan  yumru şanırakın ipini çəkər, evin havasını dəyişərdilər. Yurtanı ona görə dairəvi qururlar ki, səhra küləkləri  onu aşırmasın, soyuq içəri dolmasın, Belə qurulmuş çadırların içərisi qışda isti, yayda sərin olur.  Belə olur çöl işi, çöl məişəti, çöl adəti.


Jambıl da uşaqlıqdan bu səhralarda at sürüsü, heyvan sürüsü saxlayan qonşuların əhatəsində oldu. Çobanlıq edirdi.  Çoban ki, sürünü səhralara yaydı, işi-gücü gözəl təbiət mənzərəsindən zövq alıb aləmi seyr etmək idi. Ətrafda kitabı-yazısı olan adam yox idi ki, təhsil alaydılar. Eşitdikləri ana- nənələrin mahnıları, böyük kişilərin rəvayətləri idi. Bu yerlərdə həm də saza-sözə böyük qiymət verərdilər.  Əlində dombra  və ya saz olan birsi  bir tayfa içinə gəldimi, qonşu tayfalardan olanlar da həmin elə yığışardılar. Saz, dombra  çalan aşıq söz qoşub, dastan söyləyərdi. Gördüklərindən  danışıb, çöl adamını xəbərdar edərdi. Burada əlində saz gəzdirən adam həm də elin söz aparıb-gətirəni, alimi-üləması , dərd yelkəni idi. Söz qoşub oxuyan təkcə kişilər deyildi, qadınlar da elin məişətini, güzəranını bayatı- layla kimi oxuyub bir-birinə ötürərdilər. 


Jabayın oğlu Jambıl 14 yaşına yetişmişdi. Əlində dombra görən adamın yanından əl çəkməzdi. Atası onun dombraya meyl etməyindən heç xoşhal deyildi.  Lakin Jambıl fürsət düşən kimi Jetisu yaylaqlarında  dombranı əlinə alıb, dizin üstünə, ürəyinin üstünə sıxardı. Simlərin ahəngdar səsi səhra küləklərinə qarışıb, pərdə-pərdə yayıldıqca, Jambıl da o musiqilərin müşaiyəti ilə  söz qoşub oxuyardı. Ancaq özü də bilmirdi ki, bu dediyi şerləri, mahnıları necə başa gətirir. Özünün haqq aşığı olduğundan xəbəri yox idi. Anası Uldan oğlunun səsinin və istedadının heyranı idi. Lakin Jabay kişi, hər vəclə oğluna mane olmaq istəyirdi. Deyirdi ki, beş-on dənə heyvanımı kim idarə edəcək. Atası razı olmasa da, anasının xeyir-duası ilə bir gün yurdu tərk edib, mahallarından xeyli uzaqda yaşayan Suyunbay Aronulının  evinə gəldi. Suyunbay el aşığı idi. Arda-bərədə Jabay kişinin yaşadığı tərəflərə gedəndə Jambılın səsini dinləmiş, qoşub söylədiyi küylərə qulaq asmışdı. Bilirdi ki, bu uşağa ustadlıq etsə, gözəl gələcəyi ola bilər. Onun haqdan bir aşıq olduğuna inanmışdı.  Nə az, nə çox, Jambıl 6 il  aşığın yanında qalıb, dərs aldı, həm də  ona şəyirdlik etdi.


Elə lap gənc yaşlarında özünü öz yazdığı şer ilə belə təqdim edirdi:


Bir qarlı-tufanlı, qara gecədə
Jambıl dağlarının ətəklərində

Nə bir xoş gün  gördü, nə də güzəran,

Anam məni bu dünyaya gətirdi...

El camaat  yurtumuza yığışdı,

Atam da adımı “Jambıldır”-dedi.


Dərsini ustadlardan aldı. Yaşıdı və dostu Abay Kunanbayev idi. Onunla ona görə dost olmuşdu ki, Abay Kunanbayev də bəy-xan insafsızlığına, sinfi münasibətlərinə qarşı idi. Abay Kunanbayev kəndlinin, aulda yaşayan yazıq insanların, zəhmətkeş insanların tərəfini tutub atasından dönmüşdü. Özünün varidatı ilə kənd-kəsəkdə oxumağa meyli olan uşaqlara dərs keçib, kitab oxudurdu. Hər ikisi atalarından incik idilər. Bir də ki, onları dombra-söz kimi qarşılıqlı maraqları, söhbətləri var idi. Ustad məclislərinə gedərdilər.


O vaxtın toyları-düyünləri də aşıqsız, akınsız  keçməzdi. Qazax dilində ifadə etsək, bütün toylarda akınlar dombra çalar, aytıs deyər, jır söyləyər, tolqav açar,  dastan danışardılar. Toy sahibinin  istəyinə görə, bəzən 15 gün toy çalınardı. Ucu- bucağı görünməyən boz səhralardan qonaqlar axışıb toya gələrdilər. Ona görə də hər gələn qonağı layiqincə qarşılamaq üçün toylar bir neçə gün uzanardı.


“Aytış” sözü  bizim türkcəmizə  “deyişmə” deməkdir.  Artıq söhbəti-sözü, şerləri, aytışları el-el gəzən akını böyük ustad akınlar öz aralarına almışdılar. Qazax elinin, yurdunun məşhur  akınları ,öz dövrünün söz və sənət sahibləri olan  Aygümüş xanım, Bakıtbay, Sarı aşıq, Sarbaş, Kulanayan, Dosmaqambet, Şaşubay, Kulmanbet, Maykot kimi böyük el aşıqları onunla söz alıb, söz verirdilər, deyişmə məclisləri təşkil edirdilər. Belə deyişmələrindən biri də böyük el akını Maykotla olmuşdu. Ustad Maykotun hüzuruna gələndə Jambıl onu belə salamlayır:

 

Əs-səlam əleyküm ey Maykot ağa!

Adını eşidib  salama  gəldim.

Səndən bata alıb, səndən izn alım,

Səndən söz öyrənib, kəlama gəldim.

 

Akın Maykot söz söyləyər ürəkdən,

Sazı  uca eylər , sözü ad eylər.

Hər sözü bir öyüd, bir məktəb olur.

Eşidən kimsənin könlün şad eylər.

 

Bizim elə gəlib , şərəf verimisiz,

Mehmanımız olub, hörmət edibsiz.

İndi qarşınızda  söz demək çətin,

Siz bizə bu boyda izzət edibsiz.

 

Aldı görək Maykot nə dedi:

- Bərəkallah,  olsun oğul Jambılım,

Səni elə nəfəsindən tanıdım,

Haqdan gəlib şirin səsin, camalın.

 

Alqış olsun,  sözün özü səndədir.

Ulu juzdən ayrı düşmə heç zaman.

Elin dərdin, elin yükün daşı sən.

Sözünlə ol, ellərin qardaşı səsn.

Sənə verdim bu batanı al oğul,

Dombranı qolun üstə çal oğul.

 

Aldı görək ustada Jambıl nə cavab verdi:

 

Aumin, batanız mənə yar olsun,

Göstərdiyiniz yol qismətim olsun.

Biz toy çalaq, toyumuza gələsiz,

Mənim arzu-diləyimi biləsiz!


Beləcə, səsi-avazı, şerləri, nəğmələri Böyük Çölün hər tərəfinə yayılır. Özbək, qırğız, türkmən toylarının şənliklərinin qonağı olur.  Camılın şerlərindəki haqq-ədalət davası, xalqın malına göz dikənləri öz nəğmələrində, küylərində, jırlarında şerlərində tənqid etməsi , satira atəşinə tutması onu xalqın gözündə ucaldır. O satirik  şerl və jırlarında  elinə xilaf çıxan, düzgün olmayan adamları həmin obrazıarın dili ilə tənqid edir. Eyni zamanda xalqın milli və mənəvi keyfiyyətləri, sevgi, məişət şerləri də yazıb-oxuyurdu, gözəllərə nəğmə qoşurdu.  Kımız at südündən hazrlanır. Elin akının “Kimız” mahnısı bütün toylarda oxunur. Bu gün də xalqın milli mahnısı kimi dillər əzbəridir.


Nə turşdur, nə şirin, sarıdır rəngi,

Hər dərdin , azarın səfası kımız.

İstidə ürəyi sərin eyləyər,

Ayırmaz varlını kasıbdan kımız.

 

Jambılın yazdığı mahnılar qazax xalqının taleyi idi, yaşantıları, günlük qayğıları idi. O dostu Abay kimi hər zaman kasıb xalqın yanında oldu. XIX əsrin ortalarında bu iki gənc özlərinin maarifçilik ideyaları ilə Böyük Çölə yeni mədəniyyət, yeni sivilizasiya gətirib, təhsil toxumu səpməyə başlamışdılar.  Azərbaycan aşıq sənətini sevənləri bəzisi xəbərsizdir ki, Jambıl da bir neçə  dastan yazmışdı. “Ötəgən Batır”, “Suresen Batır”, “Kız Jipek”, “Oraq Mamay”, “Koroğlu”  kimi dastanları bu gün də el məclsilərində yada salınır. Türk ellərinin milli qəhrəmanı “Koroğlu” dastanını o da elin-obanın toylarında ərz etmişdi. “Koroğlu” dastanının ərzi 15 gün çəkmişdi. Cənubi Qazaxıstan tərəfdə çalınan bu toy haqqında  Qazaxıstan aşıq məktəbinin biliciləri hər zaman danışırlar. Bundan əlavə isə Jambıl özü də yurdunun, türk xalqının igid oğullarının adına  dastanlar yazır, kənd-kənd, oba-oba gəzinb həmin qəhrəmanları sözü-sözhbəti, musiqisi ilə tanıdırdı.


Akın Jambılın səsi-sözü, musiqisi öz gücünü səhra küləklərindən, çiçəklərindən, yağışlarından almışdı. Elə bu Böyük Çöllərin küləkləri də onun  yaradıcılığını, ecazkar səsini, dombranın  küləyə qarışan avazını Altay dağlarının ətəklərində yerləşən ellərə Sarı Arkaya, Jetisuya, Atırauya, Aktauya, Xəzərin sahillərinə -Bakıya, yayırdı.


1913-cü ildə Jetisu vilayətində yerli məmurlar  Romanovların sülaləsinin 300 illiyi münasibəti ilə  aşıqların deyişmə gecəsini keçirmək istəyirlər. Məqsəd də o idi ki, qazax aşıqları bu məclisdə Romanovların hakimiyyətini mədh etməliydilər. Jambıl həmin illərdə 70 yaşına yetişmişdi. O bu mərəkəyə etiraz edir. Xalqın milli-azadlıq hərəkatının öncüllərindən biri idi. Xalqına domrası-sözü ilə xidmət edir, yol göstərirdi. Belə vaxtlar qazax oğlanlarını müharibədə iştirak etmək üçün Rus İmperiyasının Ordusuna yığımı başlamışdı. Həmin illərdə qazaxlar Rus İmperiyası üçün döyüşməkdən imtina etdilər. Və böyük bir dirəniş göstərdilər. Xalqın üsyanını görən Çar hakimiyyəti geri çəkilmək məcburiyyətində qalmışdı.


Dünya , zaman dəyişirdi. Abay kimi, Jambıl kimi el aşıqları, el fəlsəfəsini, el dilini bilən insanlardan yeni yaranan quruluşlar xalqı sakitləşdirmək üçün istifadə etmək istəyirdilər.  Bütün hakimiyyətlər belədir. Öz sözlərini xalqa elin tanınmış , sevimli və inanılmış adamı ilə çatdırarlar.


1917-ci ildə Sovet hakimiyyəti qurulanda qoca haqq aşığı da  bu hakimiyyətə inandı. Bu illərdə onun yaradıcılıq potensialı birə-beş artdı. Sovet dövrünün xalqa verdiyi azadlıqlardan , insanların kolxoz-sovxoz qurmalarından  oxudu -yaratdı. Onun bədhadətən dediyi şerləri isə xalq ya yaddaşında saxlayır, ya da ki, yazı yaza bilənlər köçürürdülər. Ancaq indi təkcə Qazaxıstanda, deyil 15 sovet respublikasında məşhur idi. O sovet sosialst quruluşunda qazax xalqının folklorunu, türk xalqlarının mədəni tarixini də təşviq edirdi. Şerlərində Vətən torpağının müqəddəsliyi, mənəvi dəyərlər əks olunurdu. Şerləri müxtəlif dillərə tərcümə olunaraq qəzetlərdə, jurnallarda dərc edilirdi.


Boz Çöllərin köçəri oğlu olan Jambıl “Stalin mükafatı”nın laureatı olur. Yaradıcılığı o qədər geniş üfüq  lərə yayılır ki, ardından da Lenin ordeni və Qırmızı Əmək Bayrağı Ordeninə layiq görülür. 1938-ci ildə 75 illik yubileyi münasibəti ilə Hökumət ona 12 otaqlı ev hədiyyə edir.  Lakin bununla belə öz xalqının sözünü hər yerdə deməyi bacarır.  1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda Jambıl Jabayevin yeganə oğlu Alqaday da döyüşə yollanır.  Oğlundan aldığı məktuba belə cavab yazır:

Yazdığın sonuncu məktubun ilə,

Könlümü fərəhlə doldurdun oğlum.

Baban Saurik və Surançı kimi,

Düşmənlə üz-üzə döyüşür oğlum.

Hç nədən çəkinmə, qorxma Alqaday,

Sən mənim qəhrəman , mərd övladımsan.

Unutma sözümü, nəsihətimi

Mənim şərəfimsən, mənim adımsan.

Düşmən qarşısında heç vaxt çəkilmə,

Yoxsa ki, haqqımı halal etmərəm.

Əgər sona qədər dayana bilsən,

Sənin sözlərimlə öyəcəyəm mən,

Elimə, obama , nəvələrimə,

Sənin hünərindən deyəcəyəm mən.

Bu Vətən uğrunda döyüş sonacan,

Bu Vətən uğrunda ölməyi bacar!-


Belə bir məktub yazmışdı döyüşdə olan oğluna.  Onun yeganə oğlu Alqady almanların Ukraynanın Sinelnikov şəhərinə etdikləri hücum zamanı qəhrəmanlıqla həlak olur.  Bu zaman Akın Jambılın 97 yaşı var idi. Əlbəttə oğul itkisi atanın ürəyində silinməz kədər yuvası açır. 1945-ci ildə, 99 yaşında, 100 illik  yubileyinə 8 ay qalmış  vəfat edir. Onu Almatının Uzunaqaş deyilən qəsəbəsindəki öz əlləri ilə saldığı alma bağçasında dəfn edirlər.


Qazax xalqı böyük ədiblərini heç vaxt unutmadı.  Jambul Jabayevin cild-cild kitabları əldən-ələ, dildən-dilə keçdi.  1996-cı ildə  Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə  Almatıda Jambıl Cabayevin  150 illik yubileyi keçirildi. Həmin yubileyddə  qazax milli kimliyinin mübariz siması olan akın haqqında çıxış edərkən  Elbaşı belə demişdi: “Jambıl Cabayev qazax xalqının qədim ənənələrini, mədəniyyətinbi özünün nəğmələri ilə  eldən elə, dildən dilə ötürdü. Həqiqətən də Camıl qazax türklərinin məişətini, mədəniyyətini, ağrılarını, sevinclərini nəslidən –nəsilə ötürən , qazax mədəniyyətini qoruyan bir el sənətkarıdır. Çünki onun şerlərinin dili o qədər sadədir ki, 5 yaşlı uşağın yaddaşına yaıdlımı, axirətə qədər yaddaşda qalır. O insanı sadə və lakonik dili ilə yazırdı. Onun dastanları, nağılları, şerləri, lövhələri, deyişmələri klassik  ədəbiyyat nümunəsidir. Yaşadığı zamanın , hakimiyyətin saflığına inanırdı. Ona görə Stalinə dürlü-dürlü şerlər də həsr etdi.  Özü sadə adam olduğu üçün, hər zaman sadələri sevdi, sadələri öydü.


Jambıl öz əsərlərində həm də xalq birliyini, xalqlar dösluğunu tərənnüm edirdi. Təsadüfi deyil ki, dünyanın tanınmış yazıçıları Rabindranat Taqor, Martin Andersen Nekse, Mixail Şoloxov, Daysen Karqerd, Aleksey Novikov-Priboy qazax xalqının haqq aşığı Cambul Cavabyein yaradıcılığı haqqında yüksək fikirlrər söyləmişdilər.


Bəli, onun yazı, oxu savadı yox idi. Lakin Böyük Çölün səhra istiləri, küəlkləri, tufanları onun könlündə elə bir ocaq qalamışdı ki, ürəyi el dərdi üçün hər zaman bulaq kimi qaynadı. Jambıl Jabayevi ətrafındakı insanlardan fərqləndirən bir də o cəhət idi ki, o ömrünü sonuna qədər geyim dəbini dəyişmədi. Hələ lap uşaqlığından başında Şanırak olan yurtada anasının tikib verdiyi milli paltarlar üslübunda, qazax xalqına məxsus geyimləri geyindi. Başında qazax börkü, əynində qazax kürkü, əlində dombra  böyük-böyük  salonlarda, qurultaylarda çıxış etdi. Haqq aşığı idi. Butası Tanrıdan gəlmişdi. Tanrı insanlar üçün yer üzünə hər zaman bir xilaskar göndərir. Abay, Jambıl kimi insnalr da qazax xalqının dünyadakı yerini göstərmək, adət-ənənsini, tarixini bu günümüzə ötürmək üçün Tanrının Yerdəki simsarlarıdırlar. Bu gün özləri olmasa da, Tanrıdan alıb bizə verdikləri SÖZ-ləri yaşayır!


Bu il Beynəlxalq aləm qazax yurdunun adlı-sanlı akını Jambıl Jabayevin 175 illiyini qeyd edir. 160 ildir ki, Jambılın şerləri onu Alatau dağlarından da uca edib. Əsərləri dünya mədəni irs siyahısında yer alan  “Jambıl Jabayev sözün əsil mənasında Böyük səhranın Hömeridir”- deyənlər isə yanılmayıblar.

Aida Eyvazlı GÖYTÜRK

P.S. Jambılın şeirlərin tərcüməsi A.E.Göytürkə məxsusdur

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv