Arxiv
21 Sentyabr 2021, 09:52 | MÜSAHİBƏ
Cavid Osmanov: “Sosial şəbəkələri tənzimləmək vaxtı çatıb” – MÜSAHİBƏ

“Düzünü desəm, ictimai nəqliyyatdan istifadə etmirəm”

 

“Belə hərəkətlər YAP-ın adına xələl gətirmir”

 

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanovun Modern.az-a müsahibəsini təqdim edirik:

 

- Bildiyimiz kimi,  sentyabrın 1-dən etibarən tətildən qayıtmısınız. Məzuniyyət dövründə istirahət edə bildinizmi, yoxsa işlər imkan vermədi?

 

- Milli Məclisin deputatlarının 45 gün məzuniyyət müddəti var. Sentyabrın 1-dən məzuniyyət bitib. Məzuniyyət dövründə hər hansı istirahət haqqında düşünməmişəm. Həm ölkəmizdə, həm də bölgədə baş verən proseslər, Vətən Müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlara uyğun işimizi qurmağa çalışmışıq. Seçicilərimizin yanında olmuşuq. Bu müddət ərzində Vətən Müharibəsində canlarını fəda etmiş şəhid ailələri ilə bir neçə görüşümüz olub. Onları ziyarət etmişik. Özümdən deyim ki, məzuniyyət dövrü ilə qeyri-məzuniyyət dövründə elə bir fərq hiss etməmişəm.

 

- Məzuniyyət zamanı qeyd etdiyiniz kimi seçicilərlə görüşləriniz olub. Bu görüşlərdə seçicilər hansı problemlərlə sizə müraciət edirdilər, hansı məsələləri qaldırırdılar?

 

- Yay dövründə suvarma suyu problemi ilə bağlı müraciətlər olurdu. Bu tək bizim bölgəyə, o cümlədən ölkəmizə xarakterik bir problem deyil. Bu artıq qlobal, ekoloji problemə çevrilib. Bu il nəzərə alsaq ki, ötənilki kimi yay ayları quraqlıq keçib, suvarma suyunda Ağdaş rayonunda da müəyyən problemlər mövcuddur. Bununla bağlı müraciətlər olub. Bundan başqa, qazlaşmamış 8 yaşayış məntəqəmiz var ki, bununla bağlı müraciət daxil olub. Cənab Prezident İlham Əliyev tərəfindən bir ildən artıqdır ki, sərəncam imzalanıb. Sərəncam həmin dövr ərzində Göyçay və Ağdaş rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı idi. Bu dövrdə Ağdaşda 19 kənd yaşayış məntəqəsi mövcud idi ki, qazlaşdırılmamışdı. Bunlardan artıq 11-i dövlətin dəstəyi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşdırılıb. 8-i isə hələ də qazlaşdırılmamış qalır. Düşünürəm ki, bundan sonrakı mərhələdə həmin kəndlərin də qazlaşma prosesi həyata keçiriləcək.

 

Ötən dövrdə ölkəmiz qarşısında duran ən böyük problem düşmən tapdağında olan torpaqlarımızın azad olunması idi. Həmin ərəfədə digər məsələlərdən danışmaq yerinə düşməzdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanı bahasına torpaqlarımızı düşmən işğalından azad etdik. Bundan sonrakı mərhələ işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işlər gəlir. Bununla bərabər cənab Prezident regionlara səfər edir. Digər regionlarımızın inkişafına xidmət edəcək sərəncamlar imzalayır, yeni tapşırıqlar verir. Cənab Prezident özü də qeyd etmişdir ki, bugünki hədəf işğaldan azad olunmuş ərazilərin yenidən qurulması olsa da, digər bölgələrimizdə də sosial, infrastruktur layihələrinin həyata keçirilməsi hər zaman dövlətin diqqət mərkəzində olacaq.

 

- Siz həm də YAP İdarə Heyətinin üzvüsünüz. YAP-da aparılan islahatlar, son dəyişikliklərlə bağlı fikirlərinizi bilmək istərdik. Yenilənmələr nəyə hədəflənib, hansı gözləntilər var?

 

-Azərbaycan ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində əldə etdiyi tarixi, parlaq qələbədən sonra yeni bir mərhələyə qədəm qoyub. Əvvəl bir nömrəli problemimiz işğala məruz qalan ərazilərimizi azad etmək idisə, indi yeni prioritet formalaşır. İlk növbədə azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını qeyd edə bilərik.

 

Vətən Müharibəsində əldə olunan qələbədən sonra Azərbaycan bütün sahələrdə yeni bir mərhələyə qədəm qoyub. Bunu açıq şəkildə beynəlxalq münasibətlər sistemində də görürük. İqtisadiyyatın yeni mərhələyə qədəm qoymasını görürük. Və digər bir neçə məsələdə bunu görmək olar. Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı və ölkənin hakim partiyası olması baxımından bütövlükdə yeni mərhələyə qədəm qoyması zərurətdən irəli gəlirdi. Cari ilin martın 5-də Yeni Azərbaycan Partiyası 7-ci qurultayını keçirdi. YAP-ın hər qurultayı hakim partiya olduğu üçün ölkənin ictimai-siyasi həyatında mühüm bir hadisədir. Bu qurultay həm də partiyanın həyatında yeni mərhələnin başlanğıcının anonsunu vermiş oldu. Qurultay yeniliklərlə yadda qaldı. Partiyamızın sədri, dövlət başçısı tərəfindən ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edildi. Veteranlar Şurasının formalaşması yenilik oldu. Şura üzvlərinin ləğv olunması, YAP İdarə Heyətinin daha geniş tərkibdə formalaşdırılması, burada yeni simaların olması, YAP Gənclər Birliyinin yeni formatda təsis olunması, o cümlədən YAP sədri tərəfindən hədəflər müəyyənləşdirildi. Bu, partiya fəalları qarşısında olan hədəflər idi. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərində partiya fəallarının yaxından iştirakı, şəhid ailələri və qazilərlə partiya fəallarının işinin səmərəliliyinin artırılması və daim diqqət mərkəzində saxlanılması, gənclərlə işin effektivliyini, səmərəliliyini artırmaq, ölkədə tolerat mühiti, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi, habelə bu kimi bir sıra vacib tapşırıqlar qarşıya qoyuldu. Eyni zamanda Yeni Azərbaycan Partiyası sonuncu qurultayında yeni nizamnamə qəbul etdi. Bu nizamnaməyə uyğun olaraq YAP-ın əməkdaşlarının iş yeri yalnız partiyanın istər mərkəzi aparatında, istər yerli strukturlarda, şəhər və rayon təşkilatlarında olsun, əsas iş yeri Yeni Azərbaycan Partiyası olacaq.

 


 

 

Nizamnaməyə edilən dəyişikliyə əsasən, partiyanın digər vəzifə tutan rayon və şəhər təşkilatının rəhbərləri bu vəzifədən getməlidir. Siz özünüz də Ağdaş rayon təşkilatının sədrisiniz. Belə çıxır ki, siz də sədrlikdən ayrılacaqsınız...

 

-Təşkilat sədrinin bəziləri deputat, icra başçısının müavinləri, şöbə müdirləri idi. Hansısa idarə və təşkilat rəhbəri də var idi. Artıq vahid bir iş yeri olaraq Yeni Azərbaycan Partiyasında təmsil olunmalıdır. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası yeni mərhələyə qədəm qoymaqla yanaşı, partiyanın həyatında ciddi canlanma həyata keçiriləcək. Partiyanın sədrinin, birinci müavinin apardığı siyasət, həyata keçirdiyi tədbirlərin ideoloji sahəsinin insanlar arasında daha çox təşviq olunması baxımından, partiyanın həyata keçirdiyi tədbirləri təkcə partiya üzvləri deyil, üzv olmayan insanlar arasında təbliğ olunması istiqamətində çox ciddi işlər görüləcək.  Bu baxımdan vahid bir iş prinsipindən çıxış etmələri çox vacib məqam idi. YAP İdarə Heyətinin sonuncu iclasında da bir sıra məsələlər müzakirə olundu. Bakı şəhəri üzrə rayon təşkilatına yeni sədrlər təyinat aldılar. Bundan sonrakı mərhələdə də digər rayon və şəhər təşkilatlarının sədrlərinin təyinatı məsələsi həyata keçiriləcək.

 

- Məlum olduğu kimi, bir neçə rayonun icra başçısı korrupsiya faktı ilə bağlı həbs olunduqdan sonra YAP-dan uzaqlaşdırıldılar. O cümlədən keçmiş deputat, YAP-ın Xətai rayon Təşkilatının sabiq sədri Hüseynbala Mirələmov, Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov qeyri-etik görüntülərlə əlaqədar partiyadan çıxarıldı. YAP üzvlərinin belə xoşagəlməz davranışlarına münasibətiniz necədir?

 

- Əlbəttə, bunlar hamısı təəssüf olunası hallardır. Partiyanın sıralarında 750 mindən çox üzv var. Bu rəqəmlər özü də partiyanın nə qədər canlı olduğundan xəbər verir. YAP İdarə Heyətinin sonuncu iclasında bir sıra partiya üzvlərinin bu və digər mənada partiyanın işinə, adına xələl gətirdiklərinə görə və yaxud cinayət məsuliyyətinə cəlb olunduqları üçün YAP-ın sıralarından xaric edilməsi məsələsinə baxdıq. Birmənalı olaraq bu məsələ qəbul olundu. Belə halların baş verməməsi daha yaxşı olardı. Bütün hallarda böyük bir partiyanın içində belə halların baş verməsi heç də partiyanın adına xələl gətirə bilməz. Yeni Azərbaycan Partiyasının Azərbaycan üçün etdiyi nəhəng işlərin fonunda bu, təəssüfedici hal olsa da, partiyanın adına xələl gətirə bilməz. Təəssüf ki, bəzi hallarda öz şəxsi maraqlarını digər maraqlardan üstün tutması, partiyadan olan icra başçılarının ölkə rəhbərliyi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, düzgün nəticə çıxarmaması, qeyri-etik hərəkətlərlə gündəmə gəlmək kimi hallar təəssüf doğurur. Yeni Azərbaycan Partiyası bütün belə hallara qarşı cənab Prezidentin apardığı siyasətə uyğun olaraq qətiyyətli addımlar atıb, bundan sonra da belə hallara qarşı qətiyyətli addımlar atılacaq.

 

- Bu hallardan biri də həmkarınız Eldəniz Səlimovla bağlı oldu. Məlum hadisə səbəbindən onun toxunulmazlıq hüququ ləğv edildi, özü isə həbs olundu və partiya sıralarından çıxarıldı...

 

- Əlbəttə, üzücü və təəssüfedici haldır. Yeni Azərbaycan Partiyası bu məsələ ilə bağlı öz qərarını verdi. Partiya sıralarından xaric edildi. Milli Məclis Baş prokurorun təqdimatı əsasında bu məsələni müzakirə etdi. İntizam komissiyasında müzakirələr aparıldı, növbədənkənar iclasda toxunulmazlıq hüququ ləğv edildi. Hazırda istintaq gedir. İstintaq müddətində bundan artıq nə isə demək düzgün olmaz. Azərbaycan hüquqi dövlətdir. İstintaqın nəticəsi nə olacaqsa, qərar qəbul olunacaq. Bundan sonrakı mərhələ hüquq-mühafizə orqanlarının işidir.

  

- Siz eyni zamanda Milli Məclisin Gənclər və idman komitəsinin üzvüsünüz. Son vaxtlar gənc kadrlar bir çox sahələr üzrə yüksək vəzifələrə təyin olunur. Sizcə, vəzifəyə təyin olunan gənclər etimadı doğrulda bilirlərmi?

 

-Azərbaycanda gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra xarici təsirlərə məruz qalan, hakimiyyət mübarizələrində gənclərin öz maraqlarına uyğun istiqamətləndirilən dövrdən sonra Heydər Əliyevin uzaqgörənliyi, Azərbaycanın gələcəyini müəyyənləşdirən, gənclərə böyük önəm və dəyər verməsini açıq şəkildə görürük. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci ildən etibarən Gənclər Gününün xüsusi qeyd edilməsini xatırlatmaq yerinə düşər. Azərbaycan uğurlu gənclər siyasətinin aparılmasının ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Eyni zamanda, cənab Prezident İlham Əliyevin 2003-cü ildən bu günə kimi gənclər siyasətini uğurla davam etdirməsini, gənclərə meydanların verilməsi və digər mühüm işləri qeyd etmək olar. Sonuncu Prezident seçkilərində Prezident İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazandıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında görüş keçirildi. Orada gənclər yığışmışdılar və Cənab Prezidentin qələbəsini təntənə ilə qeyd edirdilər. Gözləmədikləri halda Prezident İlham Əliyev oraya gəldi. Orada olanların əksəriyyəti gənclər idi. Dövlət başçısı orada gənclərə çağırış etdi. Prezident Azərbaycanın gələcəyinin məhz onların əlində olduğunu və ümumiyyətlə gələcək idarəetmənin gənclikdə olduğunu bəyan etdi. Hər zaman gənclərə qapılar açılır. Seçkilər zamanı da bunu müşahidə etmişik. İstər parlament, istərsə də bələdiyyə seçkiləri olsun, aparılan kadr islahatlarında daha çox gənclərə üstünlük verilir. Zaman keçdikcə gənclərə daha çox üstünlük verildiyini görürük. Gənclər onlara göstərilən etimadı doğruldurlar, onlar etimadı doğrulduqca, daha çox meydan verilir, daha böyük etimad göstərilir. Regionların və mərkəzi icra orqanlarının idarəçiliyində gənclərə meydan verilib.

 

- Bəs, bu gün gənclərin hansı problemləri var? Hansı problemlə əlaqədar sizə müraciət olunur?

  

- Həyat olduqca, problemlər də mövcud olacaq. Problemlər zamanla dəyişir. Belə ki, ötən gün başqa bir problem qaldırılırdısa, sabah başqa olacaq. İstənilən dövlətdə bu mövcuddur. Bu gün desək ki, gənclərin heç bir problemi yoxdur, bu, yanlış bir fikir olardı. Gənclərin qarşılaşdığı əsas problem işə qəbul üçün müraciət edərkən onlardan iş stajının tələb olunmasıdır. Gənc haradasa işə başlamalıdır. Xüsusən dövlət orqanlarından söhbət gedir. Yeni Gənclər və idman nazirini təyin edəndə də dövlət başçısı bir sıra məsələlərə toxundu. Düşünürəm ki, gələcək illər mövcud problemləri arxada qoyacaq. Problemlərin həlli istiqamətində dövlət tərəfindən işlər görülür və görüləcək. Cənab Prezidentin şəxsi nəzarətində gənclərlə işin səmərəliliyinin və effektivliyinin artırılması açıq şəkildə görünür. Ölkənin hədəflərinin içərisində prioritet işlərdən biri gənclərlə işin aparılmasıdır. YAP-ın qurultayında qarşıya qoyulan hədəflərdən biri gənclərlə işin effektivliyinin artırılmasıdır. Burada onların məşğulluğu, narahat edən problemlər və digər məsələlər var. Bu çox böyük bir mövzudur.

 

 - Məlum olduğu kimi, bu yaxınlarda gənclər və idman naziri postuna Fərid Qayıbov təyin olundu. Yeni nazirlə görüşün keçirilməsi nəzərdə tutulubmu?

 

-Belə bir planımız var. Çalışacağıq ki, bu sessiya ərzində Gənclər və İdman Komitəsinin üzvləri ilə yeni təyin olunmuş nazir arasında bir görüş təşkil olunsun. Belə görüş parlamentdə və ya nazirlikdə ola bilər. Əsas odur ki, səmərəli görüş olsun. Qanunvericiliklə hər hansı məsələlərin təkmilləşdirilməsinə ehtiyac varsa, yeni təkliflərlə çıxış edə bilərlər. Hansı məsələləri düşünürüksə, onları müzakirə edə bilərik.

 

 - Son günlər əsas müzakirə mövzusundan biri də İrana məxsus yük avtomobillərinin Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinə qanunsuz yük daşımalarıdır. Əlbəttə, bu yeni faktı deyil, əvvəllər də biz İranın Ermənistana açıq dəstəyinin şahidi olmuşuq. Maraqlıdır, İran niyə belə mövqe sərgiləyir? Məqsədləri nədir?

 

- Əlbəttə, bu mövzunu yaxından izləyirik. Azərbaycan istər bölgə ölkələri ilə olsun, istərsə də dünyanın digər dövlətləri ilə yalnız sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq qurmağa çalışan ölkədir. Nəzərə alsaq ki, İran bölgə ölkəsidir, bir sıra tarixi köklər var. İranda milyonlarla soydaşımız yaşayır.

 

Xatırlayırsınızsa, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfər zamanı sərhədboyu keçərkən İranı dost ölkə adlandırdı. Əlbəttə, belə olan halda İran yük maşınlarının Azərbaycan ərazisinə keçməsi, naməlum yüklərin daşınması cəmiyyətimizdə ciddi narazılıq yaradır. Bu da haqlı narazılıqdır. Azərbaycanın müasir texnologiyaya yiyələnməsi və cənab Prezidentin dediyi kimi, biz bütövlükdə o ərazilərdə nə baş verdiyini, neçə nəqliyyat vasitəsinin daxil olduğunu, ora keçən nəqliyyat vasitələrinin bəzi hallarda dövlət qeydiyyat nişanlarının dəyişdirilməsini açıq şəkildə müşahidə edirik. Azərbaycan müasir texnologiyaya sahibdir. Bu baxımdan artıq statistik rəqəmlər də verilmişdi. Bunlar təəssüfedici hallardır. Bunların qarşısını almaq üçün Azərbaycan hüquqi dövlət kimi bir sıra tədbirlər müəyyənləşdirib. Azərbaycan prosesləri hüquqi tənzimləmə yolu ilə aparır. Burada işin mənəvi tərəfi də var. İran tərəfindən belə addımların atılması bizi daha ciddi narahat edir. Artıq Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən Gorus-Qafan yolunda post qurulub. Yola daxil olan avtomobillərin hər birinin yoxlanılması həyata keçirilir.

 

 

 

Yenidən qayıdaq parlamentdə… İndiyədək hansısa qanun layihəsi təşəbbüsü ilə çıxış etmisinizmi? Eləcə də növbəti sessiyada sizin hansı təkliflərinizi eşidəcəyik?

  

- Məni ciddi şəkildə narahat edən məsələlərdən biri sosial şəbəkələrdə olan anarxiyadır. Düşünürəm ki, bu təkcə məni deyil, bütövlükdə cəmiyyəti ciddi narahat etməlidir. Bunun hüquqi tənzimlənməsi ilə bağlı Milli Məclisin ötən yaz sessiyasında plenar iclasda çıxış etmişdim. Bu məsələ üzərində iş getməlidir və gedəcək də. Buna sabitlik gətirməyə çox ciddi ehtiyac var. Sosial şəbəkədə özbaşınalıq, müxtəlif çirkinliklər var. Həmçinin xarici təsirlər də oradan ola bilər. Nəzərə alsaq ki, Azərbaycan qalib ölkədir, hər zaman olduğundan daha güclü və qüdrətlidir. Bu baxımdan müəyyən dairələrin təsiri daha çox ola bilər. Cəmiyyəti pozmağa istiqamətləndirilən, milli-mənəvi dəyərləri pozmağa hesablanan hallar mövcuddur. Əsas düşündüyüm məsələlərdən biri sosial şəbəkələrin hüquqi tənzimlənməsinin metodunun tapılmasıdır. Bu da qanunvericilikdə öz yerini tutmalıdır.

 

- Siz eyni zamanda Milli Məclisin Regional məsələlər komitəsinin üzvüsünüz. Bu baxımdan soruşmaq istərdik: işğaldan azad olunmuş ərazilərlə bağlı hansı məsələlərin müzakirəsi gözlənilir?

 

- Ötən yaz sessiyasında komitənin bir neçə iclası oldu. İclaslarda tarixi adların dəyişdirilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarıldı. Ermənistan tərəfindən saxtalaşdırılmış Azərbaycanın tarixi adlarının bərpası ilə bağlı müzakirələr apardıq. Proses bundan sonra da davam edə bilər. Həmin ərazilər işğala məruz qaldığı üçün heç vaxt bələdiyyə seçkiləri olmayıb. Gələcək illərdə burada bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulacaq. Bunun üçün həmin ərazilər minalardan təmizlənməli, soydaşlarımızın öz dədə-baba torpaqlarına qaytarılması üçün yenidənqurma və bərpa işləri aparılmalıdır. Bildiyimiz kimi, artıq nəhəng işlər görülür. İnfrastruktur layihələri həyata keçirilir. Ağdam və Şuşanın Baş planı təsdiqlənib. İnsanlar öz torpaqlarına qayıtdıqdan sonra bələdiyyə seçkiləri keçiriləcək.

 

- Bundan əlavə, payız sessiyasında 2022-ci ilin dövlət büdcəsi müzakirə olunacaq.  Növbəti il ərazində işğaldan azad olunmuş ərazilərə ayrılacaq vəsait təxminən nə qədər olacaq? Bu barədə məlumatınız varmı?

 

-2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2,2 milyard manat vəsait nəzərdə tutulmuşdu. Hazırda orada nəhəng işlərin görülməsinin şahidiyik. Prioritet məsələ işğaldan azad olunmuş ərazilərin yenidən bərpa olunması, soydaşlarımızın daha tez bir vaxtda ata-baba yurduna qayıtmasıdır. Düşünürəm ki, büdcədə böyük bir məbləğ həmin ərazilərin yenidən qurulması işinə istiqamətlənməlidir. Bu çox vacib məsələdir. Azad olunmuş ərazilərimiz insanlar ora qayıtdıqdan sonra ölkə iqtisadiyyatının güclənməsinə böyük töhfə verəcək. Büdcədə də daha çox vəsait həmin ərazilərin bərpasına yönələcək.

 

- Sonda tıxac probleminə toxunmaq istərdik. Yəqin ki, siz də tez-tez paytaxtda tıxaclarla rastlaşırsınız. Çünki tıxaclar artıq hər birimizin üzləşdiyi problemdir. Tıxacda qalmamaq üçün ictimai nəqliyyatdan istifadə edirsinizmi?

 

- Düzünü deyim ki, ictimai nəqliyyatdan yararlanmıram. Daha çox piyada gəzməyi sevirəm. Yaxın məsafədə olan görüşə və yaxud hansı bir işlə əlaqədar piyada gedirəm. Uzaq məsafə olanda nəqliyyat vasitəsi ilə gedirəm. Sözsüz ki, paytaxtda sıxlıq görünür. İstənilən böyük şəhərlərdə sıxlıq müşahidə olunur. Böyük şəhərlərdə daha çox insan yaşayır və nəqliyyat vasitəsi çox olur. Bu baxımdan sıxlıq müşahidə edilir. Son illərdə sıxlığın azaldılması üçün işlər görülür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv