Modern.az

Mətbuat katibləri - Jurnalistlər Pərviz Abubəkirovun işindən razıdırlar? – YENİ RUBRİKA

Mətbuat katibləri - Jurnalistlər Pərviz Abubəkirovun işindən razıdırlar? – YENİ RUBRİKA

21 Sentyabr 2021, 11:02

Modern.az saytı yeni rubrikaya start verir. “Mətbuat katibləri” adlı rubrika çərçivəsində jurnalist həmkarlarımız məlumat əldə etmək üçün tez-tez müraciət etdikləri, sorğu göndərdikləri nazirliklərin, komitələrin və digər dövlət qurumlarının sözçülərinin fəaliyyətinə obyektiv qiymət verəcəklər.

 

Qələm əhli tərif və tənqidlərlə yanaşı mətbuat katiblərinə öz təkliflərini də ünvanlaya biləcək. Biz isə sonda jurnalistikanın etik qaydalarına uyğun olaraq haqqında bəhs olunan şəxslərin cavabını işıqlandıracağıq.

 

İnanırıq ki, yeni rubrika oxucularımız və mətbuat katibləri üçün maraqlı olacaq…

 

Son günlər Azərbaycanda tibb sahəsi aktual müzakirə mövzusu olduğundan rubrikamıza Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovdan başlamağa qərar verdik.

 

Yəqin ki, Pərviz Abubəkirovu çoxunuz tanıyırsınız. O, nazirlikdə vəzifəyə təyin olunmazdan əvvəl uzun illər televiziyada çalışıb.

 

Vaxtilə Rusiyanın Tolyatti şəhərində yaşayan P.Abubəkirov Bakıya döndükdən sonra kriminal verilişlərində işə başlayıb. Əvvəllər ANS TV-də “Cinayət işi”, daha sonra İTV-də “Qanundan kənar” verilişlərinin aparıcısı kimi tamaşaçıların qarşısına çıxıb.

 

Tanınmış telejurnalist 2018-ci ildə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbər təyin olunub.

 

 

KİV nümayəndələri Pərviz Abubəkirovla necə işləyirlər? Onun fəaliyyətindən razıdırlarmı?

 

Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli:

 

“Pərviz Abubəkirovun özü ilə az hallarda əlaqə saxlaya bilirəm. Suallarımı əsasən mətbuat xidmətinin əməkdaşları Elvin Hacıyev və Günay Quluzadə cavablandırır. Hətta sual onlara deyil, başqa quruma aid olduqda belə Elvin müəllim mənə yardım edir. Pərviz müəllim jurnalistlərlə az kontaktda olsa da, rəhbərlik etdiyi şöbənin əməkdaşları lazımi səviyyədə jurnalistlərin sorğularını cavablandırır”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı:

 

Nazirlikdən məlumat almaq istəyəndə daha çox Elvin Hacıyevlə əlaqə saxlayıram və suallarıma cavab alıram”.

 

Azvision.az xəbər saytının əməkdaşı Aytən Zəhra:

 

“Pərviz Abubəkirov Səhiyyə Nazirliyinə ilk təyin olunan vaxtı onunla əlaqə saxlamaq mümkün olsa da, sonradan suallarımıza cavab ala bilmirdik. Səhiyyə Nazirliyi ilə bağlı bütün suallarımıza yalnız Elvin Hacıyev vasitəsilə cavab alırıq. O, bütün suallarımızı cavablandırmağa çalışır”.

 

Qafqazinfo.az saytının əməkdaşı Gülnar Əliyeva:

 

“Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə qısa müddətdir işləyirəm və indiyə qədər heç bir problem olmayıb”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq:

 

“Mən sorğularımı Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə yönləndirirəm. Demək olar ki, suallarımın hamısı cavablandırılır. O baxımdan fərqi yoxdur, Pərviz Abubəkirov, yaxud bir başqası cavablandırsın. Əsas odur ki, işlədiyim mövzulara lazım olan cavabları alıram, suallarım cavabsız qalmır”. 

 

 

  

Nazirliyin mətbuat xidmətinin fəaliyyəti ilə əlaqədar hansı iradlar var?

 

 Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli:

 

“Qeyd etdiyim kimi, nazirlikdən məlumat almaq istəyəndə daha çox Elvin müəllimlə əlaqə saxlayıram və suallarıma cavab alıram. Pərviz Abubəkirovun iş yükünün hansı dərəcədə olduğunu bilmirəm. Ola bilər ki, iş yükü çox olduğundan və ya hansısa səbəbdən jurnalistlərlə tez-tez kontaktda ola bilmir. Amma bütün hallarda Pərviz Abubəkirovun jurnalistlərə açıq olması vacibdir”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı:

 

“Pərviz müəllimdən şikayətim yoxdur, onunla bir neçə dəfə Səhiyyə Nazirliyinin təşkil etdiyi səfərlərdə olmuşam, mehriban insandır”.

 

Azvision.az xəbər saytının əməkdaşı Aytən Zəhra:

 

“Çox istərdim ki, media ilə yaxından işləsin. Bəzən özü agentliklərə açıqlama verir, amma saytlara danışdığını görməmişəm”.

 

Qafqazinfo.az saytının əməkdaşı Gülnar Əliyeva:

 

“Düzdür, Pərviz Abubəkirovla yox, mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevlə işləyirəm. İndiyə kimi olmayıb ki, yazılı və ya şifahi verdiyim sorğuya cavab verməsin”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq:

 

“Heç bir iradım yoxdur. Ümumiyyətlə, son dövrlər bu nazirliyin ictimaiyyətlə əlaqələr sektorunda fəallıq hiss edirəm. Səhv etmirəmsə, yeni əməkdaşlar cəlb olunub. Tez-tez nazirliyin səlahiyyətli nümayəndələri ilə müsahibələr, informativ yazılar hazırlanır, mediaya ötürülür. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən narazılığım yoxdur”.

 

 

 

Əməkdaşlığı genişləndirmək üçün təkliflər nədən ibarətdir?

 

Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli:

 

“Jurnalist kimi təklifim yalnız jurnalistlərlə sıx əməkdaşlıqdır. Xidmət əməkdaşları jurnalistlərlə kifayət qədər normal işləsə də, mətbuat xidmətinin rəhbəri kimi Pərviz Abubəkirovun da jurnalistlərlə sıx əməkdaşlığı arzuolunandır”.

 

APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı:

 

“Ümumilikdə, Pərviz müəllimin jurnalistlərlə daha sıx əlaqədə olmasını istəyərdim”.

 

Azvision.az xəbər saytının əməkdaşı Aytən Zəhra:

 

“Mənim üçün vacib olan sualımın cabanlandırılmasıdır. Əgər suala cavab verilirsə, kimin cavab verməsinin önəmi yoxdur. Əgər Səhiyyə Nazirliyinin rəsmi mövqeyini mətbuat xidmətindəki əməkdaşları çatdırırsa, demək cavab alıram”.

 

Qafqazinfo.az saytının əməkdaşı Gülnar Əliyeva:

 

“Sözün düzü, bütün sorğularımı operativ cavablandırırlar”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Afaq Mirayiq:

 

“Hər hansı təklifim yoxdur”.

 

CAVAB HAQQI

 

Beləliklə, jurnalistlər Səhiyyə Nazirliyinin mətbuat katibinin fəaliyyətinə özlərinə məxsus şəkildə qiymət verdilər, təklif və iradlarını səsləndirdilər.

 

Bəs, P.Abubəkirovun haqqında deyilən fikirlərə münasibəti necədir?

 

Bu suala cavab almaq üçün onun özü ilə əlaqə saxlamağa çalışsaq da alınmadı...

 

Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu