Modern.az

Vətən müharibəsi: Azərbaycan necə qələbə qazandı? - TƏHLİL

Vətən müharibəsi: Azərbaycan necə qələbə qazandı? - TƏHLİL

22 Sentyabr 2021, 09:45

Ötən ilin iyul ayında Ermənistan və Azərbaycan sərhədində baş verən kiçik qarşıdurmadan sonra Cənubi Qafqaz regionunda vəziyyət olduqca mürəkkəb idi. Gərginlik sentyabrın 27-də kulminasiya nöqtəsinə çatdı və genişmiqyaslı müharibəyə çevrildi.

 

44 gün davam edən müharibədə Azərbaycan mütləq qələbə qazandı. Noyabrın 8-də strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra artıq həm çoxlu sayda hərbçisini itirən, həm də silah və texnika arsenalı məhv edilən Ermənistan təslim olmaq məcburiyyətində qaldı. Rəsmi rəqəmlərə görə, 4000-ə yaxın Ermənistan canlı qüvvəsini itirib, ancaq müstəqil müşahidəçilər bu rəqəmlərin daha çox olduğunu bildirir.

 

Müharibədə Azərbaycanın qələbə qazanmasında rol oynayan bir çox faktor var. Şübhəsiz ki, bunların önündə Azərbaycan ordusunun müharibəyə hazırlığı gəlir. 1994-cü ildə imzalanan atəşkəs razılaşmasından sonra Azərbaycan neft və qaz resurslarından istifadə edərək ordunun modernləşdirilməsi üçün milyardlarla dollar vəsait xərcləyib.

 

Stokholm Beynəlxalq və Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına görə, Azərbaycanın son on ildə hərbi xərcləri 24 milyard dollar təşkil edib. Azərbaycandan fərqli olaraq Ermənistan ordusuna 4,7 milyard dollar xərclənib.

 

Eyni zamanda Azərbaycan silah idxal etdiyi ölkələrin sayını artırıb. SIPRI-nın məlumatlarına əsasən, 2016-2020-ci illərdə Ermənistan silahlarının 94%-ni Rusiyadan alıb. Azərbaycan isə silahlarını həm Türkiyədən, həm İsraildən, həm Rusiyadan, eləcə də bir sıra Avropa ölkələrindən əldə edib.

 

Türkiyənin müharibədən əvvəl və müharibə zaman diplomatik və hərbi dəstək göstərməsi 44 gün ərzində qələbə qazanılmasında önəmli rol oynadı. Ankaranın Azərbaycana satdığı silahlar, xüsusilə pilotsuz uçuş aparatları (PUA) ilə düşmənə ağır zərbələr endirildi.

 

Prezident İlham Əliyev müharibə zamanı verdiyi müsahibələrdən birində bildirmişdi ki, təkcə Türkiyə istehsalı PUA-lar Ermənistana 1 milyard dollar ziyan vurub. Şübhəsiz ki, müharibənin sonunda bu rəqəm daha böyük idi.

 

PUA-lar yalnız zərbə endirmək, kəşfiyyat məlumatları toplamaq və artilleriya qurğuları üçün hədəfləri işarələmək məqsədilə istifadə edilmədi. Bu sistemlərin daşıdığı yüksək keyfiyyətli kameraların çəkdiyi video və fotolar sürətlə sosial şəbəkələrdə və digər internet resurslarında yayılırdı. Bu, düşmənin iradəsinin qırılması üçün olduqca vacib təbliğat kampaniyası idi.

 

Onu da qeyd edək ki, Azərbaycanın Qarabağ müharibəsində qələbə qazanmasına Türkiyənin əhəmiyyətli töhfəsi yalnız PUA-lardan ibarət deyil. Burada otuz illik ordu quruculuğundan söhbət gedir.

 

SSRİ-nin dağılmasından sonra müstəqilliyini qazanan Azərbaycan Türkiyənin dəstəyi ilə ordu quruculuğu prosesinə başladı. Azərbaycanla Türkiyə arasında hərbi təlim əməkdaşlığı haqqında ilk müqavilə 1992-ci ildə imzalandı. Növbəti il müqavilə Türkiyə Parlamentində təsdiqləndi və qüvvəyə mindi. Bu müqavilə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin kursantları, gənc zabitləri və komandanlıq heyəti Türkiyənin hərbi akademiyalarında və zabit məktəblərində təhsil alacaqdılar. Ankara eyni zamanda Azərbaycanda hərbi təhsil və təlim müəssisələrinin qurulmasına böyük töhfə verdi. Bu əməkdaşlıq 2010-cu ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Dəstək Sazişi ilə daha da dərinləşdi. Azərbaycan ordusu Türkiyə ilə birlikdə hərbi təlimlərdə iştirak etdi, qarşılıqlı hərbi səfərlər təşkil edildi.

 

Birgə təlimlərdə Türkiyə döyüşlərdə qazandığı təcrübəsini Azərbaycana ötürdü. Məsələn, Qarabağ müharibəsinin əvvəlində Azərbaycan ordusu Türkiyə istehsalı “Bayraktar TB2” və İsrail istehsalı “Harop” PUA-ları ilə Ermənistana məxsus hava hücumundan müdafiə sistemlərinin böyük əksəriyyətini sıradan çıxardı. Daha sonra hava hücumundan müdafiəsiz qalan Ermənistana məxsus tanklar, artilleriya qurğuları və digər hərbi texnikalar məhv edildi. Bu, Türkiyənin bundan əvvəl Liviya və Suriyada tətbiq etdiyi taktikadır. Görünür, müharibədən əvvəl keçirilən təlimlərdə Azərbaycan hərbçiləri taktikanı yaxşı mənimsəyib. Azərbaycan xüsusi təyinatlı qüvvələrinin yetişdirilməsində də Türkiyənin rolu böyükdür. Ankara NATO təcrübəsi əsasında Azərbaycan ordusunun xüsusi təyinatlılarına çoxsaylı təlimlər keçirib.

 

44 günlük müharibə zamanı İsrail istehsalı silahlar da Azərbaycan ordusu tərəfindən uğurla istifadə edildi. Bu ölkə Azərbaycanın əsas silah təchizatçılarından biridir. İsrailin neftə olan ehtiyacının 40%-ə yaxınını Azərbaycan təmin edir. Eyni zamanda İranla sərhədə malik olmasına görə Azərbaycan İsrail üçün önəmli tərəfdaş hesab edilir. Təsadüfi deyil ki, Ermənistan müharibədən qısa müddət əvvəl İsrailə təyin etiyi səfiri geri çağırmışdı.

 

Təəssüf ki, müharibə Azərbaycan üçün itkisiz ötüşmədi. Azərbaycan ordusunun 3000-ə yaxın hərbi qulluqçusu şəhid oldu. Döyüşlər zamanı artıq məğlub olduğunu qəbullanan Ermənistan ballisik və digər növ raketlərdən istifadə edərək Azərbaycanın mülki əhalisinin sıx yaşadığı bölgələrə, eləcə də həyati əhəmiyyətli infrasturuktura zərbələr endirməyə çalışdı. Raket zərbələri nəticəsində 100-ə yaxın mülki şəxs həlak oldu. Ermənistanın əsas məqsədi Azərbaycan əhalisinin iradəsini qırmaq, yerli əhalini müharibəyə qarşı qaldırmaq idi. Gözlənildiyi kimi, işğalçı ölkə məqsədinə çata bilmədi.

 

Ümumilikdə Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi təqdim olunur. Əks-hücum əməliyyatı müharibə tarixi üçün bir çox yeniliklərə imza atdı. Bir çox xarici ölkələrin hərbi ekspertləri, hərbi institutları müharibəni təhlil edərək öz ölkələri üçün dərslər çıxardı. Müharibədə Ermənistan ordusunun 200-dən artıq tankının məhv edilməsi artıq tankların dövrünün sonunun çatması ilə bağlı müzakirələrə səbəb olub.

 

Əlbəttə, Azərbaycanın 30 illik Qarabağ problemini cəmi 44 günə həll etməsi və düşmən üzərində tarixi zəfər qazanmasında ordumuzun hərbi qüdrəti və müasir silah-sursatla təchiz olunması ilə yanaşı, xalqımızın həmrəyliyi, vətəndaşların “Dəmir Yumruq” ətrafında birləşməsi müstəsna rola malikdir. Birlik və həmrəyliyimiz, hərbi qulluqçularımızın qəhrəmanlığı qələbənin əsas qayəsini təşkil edir. Nəticədə dünyanın hərb tarixinə düşən Vətən müharibəsi ilə regionun taleyində yeni bir səhifə açıldı...

 

Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbə qazanması regionda yeni-status-kvonun yaranmasına səbəb oldu. Azərbaycan və strateji müttəfiqi Türkiyə artıq regionda əsas söz sahibidir və Rusiya hər hansı addım atarkən Türkiyəni nəzərə almaq məcburiyyətindədir.

 

Ardı var...

 

***

 

Həmçinin oxuyun:

 Müharibə niyə qaçılmaz idi: 44 gündən əvvəlki vəziyyət – TƏHLİL

 
 
 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi