Arxiv
22 Sentyabr 2021, 12:24 | TƏHSİL
Deputatların ilk dərs günü XATİRƏLƏRİ:  “O günlərə qayıtmaq istəyirəm...”

Bu gündən Azərbaycanda yeni tədris ilinə start verilir. Pandemiya şəraitinin davam etməsinə baxmayaraq, ölkənin bütün təhsil müəssisələrində tədris ənənəvi qaydada təşkil olunur.

 

Övladlarını ilk dərsə yola salan valideynlər, əllərində məktəbli çantası və gül buketləri ilə sinif otağına tələsən şagirdlərin sevinci, yaşayacaqları acılı-şirinli anlar illər sonra unudulmaz xatirələrə çevriləcək.

 

İllər ötsə də məktəb deyəndə hər bir insanın parta arxasında əyləşdiyi o anlar, müəllimlərin rəftarı, heç vaxt yaddan çıxara bilmədiyi xatirələri yada düşür, məktəb həyatı gözünün önündə canlanır...

 

Bəs deputatlar ilk dərs günlərini necə xatırlayırlar?

 

 

Məktəb xatirələrini Modern.az-la bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov ilk dərs günü həyəcanlı olduğunu söyləyib:

 

“Hər bir insanın həyatında məktəb illəri, universitetdə təhsil aldığı dövr  müəyyən izlər buraxır. İlk dərs günümdə hər kəsə məxsus həyəcan məndə də var idi. Şəhərdə dərsə getməklə kənddə dərs getmək eyni deyil. Mən birinci sinfə doğulduğum Şükürbəyli kəndində getmişəm.  İlk gün müəyyən narahatlıq var idi, təhsilə alışmağa çalışırdıq. Müəllimlərin bizə qayğısı, sinif yoldaşlarımızla münasibətimiz unudulmaz xatirələrdir. Hazırda mənim təhsil aldığım məktəb erməni daşnaqları tərəfindən dağıdılıb, bölgəyə səfər zamanı gedib məktəbimi görmüşəm. O dövrün mühiti, şəraiti fərqlı idi. Hər şey indiki kimi əlçatan deyildi.  Hər bir insanın formalaşmasında, həyata baxışında onun ilk dərs ili, ilk müəllimi ciddi rol oynayır. Bəzən o günləri xatırlayıram və qayıtmaq istəyirəm. Övladı məktəbə qədəm qoyan, ali məktəbə qəbul olan bütün valdeynləri təbrik edirəm”.

 

 

Deputat Aqil Məmmədov ilk dərs deyəndə Kəlbəcərdə yaşadığı günləri yada salıb:

 

“İlk dərs günüm həyəcanla keçmişdi. 1966-cı ildə, 6 yaşımda Kəlbəcər rayonunun Ağdaban kənd orta məktəbinin 1-ci sinfinə getmişəm. Məktəbə getməyə çox həvəsli olduğum üçün altı yaşım olanda təhsilə başlamışam. Düzdür, altı yaşında uşağı məktəbə götürmürdülər, amma xahişlə birinci sinfə qəbul olundum. 

 

Birinci sinfə gedəndə heç sözləri düzgün tələffüz edə bilmirdim. O vaxtlar hər şey çətin idi, rahatlıqla gedib kitab, çanta, məktəb ləvazimatları almaq olmurdu. Atamın əlindən tutub dərsə yollanmışdım. Məktəbin həyətində özümdən böyük uşaqlar olduğu üçün həyəcanım daha da artmışdı. Çəkinə-çəkinə, sevinə-sevinə birinci sinif otağına daxil oldum. İbtidai sinif müəlliməm olan Fatma müəllimənin bizi qarşılamağı, yazmağı necə öyrətməyi hələ də xatirəmdədir. Birinci sinfə qədəm qoyan balaları, onların valideynlərini təbrik edirəm”.

 

 

Deputat Fazil Mustafa da məktəb həyatının unudulmaz olduğunu deyərək, ilk müəllimindən söz açıb:

 

“Detalları ilə olmasa da bəzi nüanslarla ilk dərs günümü xatırlayıram. İlk dəfə məktəbə anamla getmişəm. Sinfə daxil olanda mənə bir şey maraqlı gəlirdi ki, müəllimim necə insan olacaq. İlk müəllimim Məsmə xanım oldu. O da bizi qədər həyəcanlı idi, çünki onun ilk dərs deyəcəyi uşaqlar biz olacağdıq. Mənim üçün özəl insan idi Məsmə müəllimə, 40 ildən sonra gedib onu Naxçıvanda ziyarət etdim. 

 

İlk dərs günündə ona gül vermişdim, masasının üzərində xeyli çiçək var idi. İlk dərsin insan həyatında, uşaqlıq illərində unudulmaz rolu olur. Zəngin səsi hər zaman xatirəmdə canlanır, sanki o zəng adamda xüsusi bir məsuliyyət yaradır”.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv