Modern.az

Parlament komitələrinin payız sessiyası üçün İŞ PLANLARI

Parlament komitələrinin payız sessiyası üçün İŞ PLANLARI

Parlament

22 Sentyabr 2021, 12:46

Sentyabrın 1-dən Milli Məclisin deputatları tətildən qayıdıblar. Ayın 8-dən etibarən parlamentin komitələrinin iclası başlayıb.

 

Modern.az xəbər verir ki, bu günə qədər parlamentin 15 komitəsindən 14-nün iclası keçirilib. İclaslarda hər bir komitənin 2021-ci ilin payız sessiyası üçün iş plan müzakirə olunaraq təsdiqlənib. Komitələrin iş planlarını təqdim edirik:

 

Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planında iki yeni qanun layihəsinin - “Ali təhsil haqqında” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və komitədə müzakirə olunması nəzərdə tutulub. "Ali təhsil haqqında" qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə uyğundur və komitənin iş planına daxil edilib.

 

“Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar komitə sədri Bəxtiyar Əliyev bildirib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı qanunvericilikdə addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb. Onun sözlərinə görə, həmin tövsiyəyə uyğun olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb. 

 

Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı da təsdiqlənib. Belə ki, iş planında nəzərdə tutulan “Turizm haqqında” qanun layihəsi ötən sessiyadan hazırdır, lakin pandemiya şəraiti ilə bağlı müəyyən düzəlişlərə ehtiyac vardı. İş planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə işçi qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib. Qarşıdakı sessiyada həmçinin şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 

Səhiyyə komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, həmçinin “Koronavirus (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər”, “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi”, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət komitəsinin iş planına əsasən, qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq. Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də cənab Prezidentin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planına əsasən, payız sessiyasında “Lombardlar haqqında”, “Turizm haqqında”, "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlar yenidən işlənəcək. Bundan başqa, komitə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri ilə görüşlərin, dinləmələrin keçirilməsini palanlaşdırıb.

 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyası üçün iş planında bir sıra qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid sənədlərə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin irəli sürülməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları və oradakı soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Növbəti sessiyanın iş planına, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin, habelə “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi və digər məsələlər daxil edilib.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri,  həmçinin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib. Qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri layihələrin, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin də 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunaraq təsdiqlənib.

 

Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün işlər planına gəlincə, komitə sədri Hicran Hüseynova qarşıdakı sessiyanın iş planının deputatların təklifləri üçün açıq olduğunu bildirib. Komitə üzvləri payız sessiyasının işlər planına ailə məsələləri, qadın və uşaq  hüquqları ilə bağlı dinləmələrin salınması, həmçinin ailə dəyərlərinin qorunmasının, qadınların məşğulluğunun təmin olunması, məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının qanunvericilikdə gücləndirilməsi, bu sahədə cəzaların sərtləşdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.

 

Gənclər və idman komitəsinin payız sessiyası üçün iş planına əsasən, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq. Bu sessiyada müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı maarifləndirmə işinin təşkilində, “Yaşatmaq yaşamaq kimi gözəldir” aksiyasının, “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsində komitə üzvləri fəal iştirak edəcəklər.

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu sessiya üçün iş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud  vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, Su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, İşğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlər yer alıb.

 

Aqrar siyasət komitəsinin payız sessiyası üçün iş planında komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.

 

İnsan hüquqları komitəsinin cari ilin payız sessiyası üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bəzi qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub. Komitədə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda baxılması məsələsi ilə bağlı və digər mövzularda dinləmələrin keçirilməsi planlaşdırılır.  

 

Bundan başqa, qarşıdakı müddətdə komitədə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və inkişaf strategiyası ilə bağlı İnsan hüquqları üzrə müvəkkilin və Medianın İnkişafı Agentliyinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bu sessiyada insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, müvafiq profilli QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri də gündəlikdədir. Komitə üzvləri, eyni zamanda, məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirilmə tədbirlərinin həyata keçirilməsi, rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı layihələrin hazırlanmasında da fəal iştirak edəcəklər.

 

İctimai  birliklər və dini qurumlar komitəsinin də 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunaraq təsdiqlənib.

 

Regional məsələlər komitəsində qarşıdakı sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan qanun layihələrinin müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində qanunlara dəyişikliklərin edilməsi, həmçinin aidiyyəti qurumlarla, yerli idarəetmə orqanları ilə dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır