Modern.az

Güneyli soydaşlarımızdan İrana ciddi XƏBƏRDARLIQ

Güneyli soydaşlarımızdan İrana ciddi XƏBƏRDARLIQ

Aktual

22 Sentyabr 2021, 13:36

Xəbər verdiyimiz kimi, son günlər İran-Azərbaycan münasibətlərində soyuqluq yaşanması, Tehranın ölkəmizə yönəlik qeyri-konstruktiv mövqeyi, işğalçı Ermənistana dəstəyi bu ölkədə yaşayan soydaşlarımızı ciddi narahat edir.

 

Sosial şəbəkələr üzərindən etirazını ifadə edən güney azərbaycanlıları İrana sentyabrın 27-nə - Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə qədər vaxt veriblər. Həmyerlilərimiz rəsmi Tehrandan Azərbaycana qarşı qərəzli münasibətdən üz döndərməyi tələb edirlər. Azərbaycana münasibətdə müsbət dəyişiklik baş verməyəcəyi təqdirdə İran əhalisi arasında çoxluq təşkil edən azərbaycanlıların ayağa qalxacağı, kütləvi aksiyalarla ölkə rəsmilərinə etiraz edəcəyi bildirilir. İranda yaşayan azərbaycanlı fəallar istənilən vaxt etiraz aksiyalarına hazır olduqlarını deyirlər.

 

Təbrizdə yaşayan tanınmış azərbaycanlılardan biri (onun adını təzyiqlərə məruz qalmaması üçün açıqlamırıq -red.) Modern.az-la əlaqə saxlayaraq, oradakı durumla bağlı məlumat verib. O İrandakı soydaşlarımızın Azərbaycana qarşı haqsızlıqdan narahat olduqlarını deyib.

 

“Təbii ki, biz narahatıq, amma İranın sərhəddə qoşun yerləşdirməklə Azərbaycana ilişmək məqsədi olmadığını da düşünürük. İran hökuməti Azərbaycana qarşı hansısa hücuma cəhd edə bilməz. İran indi o durumda deyil. Etirazları basdırmaq üçün millətin başını belə addımlarla qarışdırmağa çalışırlar. Sərhədə qoşun çıxarmaq xalqın diqqətini problemdən uzaqlaşdırmaq üçün qurulan oyunun bir hissəsidir.

 

İran Azərbaycanla durumu düzəltməsə, etiraz aksiyaları başlayacaq. Bu, Milli Azərbaycanlı Hərəkatçılar tərəfindən düşünülən aksiyadır. Amma bizim əsas gücümüz Qarabağdır. Zəngəzur dəhlizi açılarsa, biz neçə qat güclənirik.

 

İrandan Azərbaycana qarşı heç bir təpki ola bilməz, hamısı filmdir. Çünki İran yaxşı bilir ki, çox şey itirə bilər, bu ölkədə hakimiyyətdən bezən Azərbaycan türkləri yaşayır. Nə isə itirməsən, heç nə qazana bilməzsən. İranda yaşayan azərbaycanlılar aksiyalardan çəkinmirlər. Aksiya keçirilsə, qırğın olacaq, amma bunun böyük təsirini də görəcəyik. Azərbaycanlılar burada çox əziyyətlər çəkiblər, haqsızlıqla üzləşiblər.

 

Bütün bunları nəzərə aldıqda, İranın Azərbaycan türklərini qarşısına alaraq, Azərbaycanla münasibətləri daha da pisləşdirmək istəyəcəyini düşünmürük”, – deyə İrandakı azərbaycanlılar adından Tehrana ciddi xəbərdarlıq mesajı ünvanlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi