Arxiv
22 Sentyabr 2021, 13:56 | REPORTAJ
İlk dəfə dərsə gedən Şəhid övladı atasından belə xeyir-dua “aldı” - FOTO

Bu gün Azərbaycanda 6 yaşı tamamlanmış 158608 uşaq ümumtəhsil məktəblərinin I sinfinə gedib.

Modern.az saytının məlumatına görə, bu il birinci sinfə qədəm qoyan 6 yaşlılar arasında Vətən müharibəsində Şəhid olan döyüşçülərimizin övladları da az deyil.

İlk dəfə məktəbli formasında həyəcan qarışıq sevinc hissi yaşayan Şəhid övladları dərsə yollanmazdan öncə atalarının məzarını ziyarət edib, onlardan xeyir-dua “alıblar”.

Belə şəhid övladlarından biri də mayor Səyavuş Kəlbalıyevın oğlu Hümbətdir.

Bu gün təhsildə ilk addımlarını atan 6 yaşlı Hümbət məktəbə qədəm qoymazdan öncə Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığına gedib. Məzarlıqda ziyarətə gələnləri təsirləndirən mənzərə yaşanıb. Balaca Hümbətin atasının məzarı başında göz yaşlarına hakim ola bilməməsi ətrafdakıları da kövrəldib.

Yəqin ki, bu anlar məzarda yatan Şəhid mayora da əyan olub və o, cismən övladının yanında olmasa da, ruhən ona dəstək verib, Hümbət isə öz ürəyində atasına onun adını uca tutacağına, həmişə yaşadacağına and içib. 

Şəhid mayor Səyavuş Hümbət oğlu Kəlbalıyev 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində andan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində alıb. 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.


2009-cu ildə  Ali Hərbi Məktəbi bitirən Səyavuş zabit kimi respublikanın müxtəlif bölgələrindəki hərbi hissələrdə xədmətə davam edib.

Vətənin ərazi bütövlüyü  uğrunda başlayan İkinci Qarabağ savaşında kəşfiyyat komandiri - mayor Səyavuş Kəlbalıyev də qəhrəmanlıqla döyüşüb. O, düşmənin bu istiqamətdə ağır itki almasında xüsusi rol oynayıb.


Mayor 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə cəbhə xəttinin yarılmasında böyük qəhrəmanlıq göstərib və bu zaman həlak olub. Peşəkar hərbçi şəhid olandan sonra Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib.

Səyavuş Kalbalıyev ailəli idi, iki övladı yadigar qalıb.

Mayor Səyavuş Kəlbalıyev ölümündən sonra Azərbaycan  Prezidentinin sərəncamları ilə  “Vətən uğrunda”, “İgidliyə görə”  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Modern.az olaraq Hümbət Kəlbalıyevin timsalında bu il ilk dəfə məktəbli forması geyən bütün şəhid övladlarını təbrik edir, onlara uğurlar diləyikrik!









Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv