Arxiv
22 Sentyabr 2021, 14:45 | ÖLKƏ
Şəhidlərimizin birinciləri: Kaş bu günü ataları da görərdi... - FOTOLAR

Bu gündən etibarən ölkəmizdə bütün ümumtəhsil məktəblərində yeni dərs ili başladı. Uzun müddətdən sonra şagirdlər həftədə beş dəfə olmaqla ənənəvi şəkildə təhsil alacaqlar.

 

Yeni tədris ilində 158 608 şagird birinci sinifə qədəm qoyub. Bunların arasında öz canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin övladları da var.

 

Modern.az saytının əməkdaşı övladı bu il ilk dəfə məktəbə gedən bir neçə şəhidin ailə üzvü ilə əlaqə saxlayaraq, onların təəssüratları öyrənib.

 

Şəhid hərbi qulluqçu Surxay Mehdiyevin qızı Aişə bu gündən məktəb həyatına başlayır.

 

Məlumat üçün bildirək ki, Surxay Zülfü oğlu Mehdiyev 1985-ci il dekabrın 7-də Ağdam rayonunda anadan olub. Azərbaycanın Daxili Qoşunlarının baş çavuşu olan Surxay 2020-ci il sentyabrın 27-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Füzuli istiqamətdində şəhid olub.

 

 

Məni məktəbə atam aparsın...

 

Surxay Mehdiyevin həyat yoldaşı Vüsalə xanım deyir ki, bu günü görmək onun üçün həm sevincli, həm də kədərlidir:

 

“Bu gün gözəl gündür, eyni zamanda çox çətindir. Bizim də çoxlu arzularımız var idi. Həmişə övladımızı ilk dərsə Surxayla birgə aparmağımızın planlarını qururduq. Qızım “Məni məktəbə atam aparsın” deyir. Qızımın atası cismən yoxdur, amma ruhən hər zaman yanımızdadır. Surxay elə gözəl ata olub ki, kaş yanımızda olardı. İstəyirdi qızı idmanla məşğul olsun”.

 

Şəhid kapitan Samir İslamovun oğlu İslam da birincilər sırasındadır.

 

Xatırladaq ki, Samir Xaliq oğlu İslamov 1983-cü il fevral ayının 5-də Sumqayıt şəhərində anadan olub. Kapitan S.İslamov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 9-da Talış istiqamətində döyüşlər zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Övladım atasının oxuduğu məktəbdə təhsil alır...


Şəhidimizin ömür-gün yoldaşı Kifayət xanım bu gün Samiri yanlarında hiss etdiklərini söyləyib:

 

 “Sevincli gündür. Övladım çox həvəsli idi. Amma bu gün İslamı məktəbə aparmaq mənə çox çətin idi. Başqa planlarımız var idi, onu Samir özü aparacaqdı. Bu gün Samiri yanımızda hiss edirdik.

 

Övladlarımın dördü də Samirin oxuduğu məktəbdə təhsil alır. Məktəbə daxil olan kimi onlar ilk atasının şəkilini görürlər. Övladlarım ataları ilə qürur duyurlar”.

 

Şəhid hərbçimiz Elşən Musayevin oğlu Hüseyn bu gün ilk dərsinə yollanıb.

 

Qeyd edək ki, Elşən Hüseyn oğlu Musayev 1988-ci il iyun ayının 21-də Ağsu şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Musayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dəfn olunub.

 

Biri var atalı gedəsən, biri də var atasız...

 

 

 

Şəhidin ömür yoldaşı Mətanət xanım ilk dərs gününü çoxdan gözlədiklərini bildirib:

 

“Övladımın özəl günüdür. Atası yanında olsaydı, daha gözəl olardı. Biri var məktəbə atalı gedəsən, biri də var atasız. Hüseyn atası ilə qürur duyur.

 

Hər kəs Hüseynə diqqətlə yanaşırdı. Oğlum ilk zəngi özü çaldı. Elşənin arzusu var idi ki, Laçın dəhlizinə bayrağımızı sancsın. Ona qismət olmadı. Amma indi qızım Laçın dəhlizinə atasının yerinə bayraq sancmaq istəyir”.

 

 

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv