Modern.az

Azərbaycan xalqı tarixi günlər yaşayır

Azərbaycan xalqı tarixi günlər yaşayır

Aktual

22 Sentyabr 2021, 15:05

“Azərbaycan xalqı tarixi günlər yaşayır. Biz çox sevinirik ki, doğma Qarabağımız işğaldan azad edilib, 30 illik Qarabağ həsrətinə son qoyulub. Bu sevinci bizlərə yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şanlı ordumuza, qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri gedir. Xüsusilə, Şuşa şəhərində bu proses böyük vüsət alıb”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Şuşanın bərpası ilə yanaşı bu tarixi şəhərimizdə, mədəniyyət paytaxtımızda mədəni tədbirlər də ardıcıl olaraq keçirilir:

 

“Xarıbülbül musiqi festivalı, Vaqif Poeziya Günləri, Milli Musiqi Gününün qeyd olunması buna sübutdur. Mən özüm Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qarabağın incisi olan Şuşa şəhərində keçirilən Xarıbülbül musiqi festivalında iştirak etməkdən sonsuz dərəcədə qürurluyam. Uzun illərdən sonra bir şuşalı olaraq doğma Şuşamıza səfər etdiyim üçün sevincimizin həddi-hüdudu yox idi. Eləcə də, digər mədəni tədbirlər də böyük əhəmiyyət kəsb edir. Bu tədbirlərlə Azərbaycan dövləti, vətəndaşları olaraq sübut etdik ki, bu torpaqlar tarixən bizə mənsub olub. Bu tədbirlər bizim həm də dünyaya mesajımız idi.

 

30 illik həsrət zamanı da Qarabağ, Şuşa heç vaxt yaddan çıxmamışdı. Əzəli torpaqlarımızın azad olunması üçün həmişə hazırlıq gedirdi, əminliklə torpaqlarımızın qaytarılacağı gün gözlənilirdi, Müzəffər Ali Baş Komandanımız tərəfindən bu əminlik qətiyyətlə bəyan olunurdu. Nəhayət, Qarabağ şikəstəsi, Bayatı Şiraz ifası Azərbaycan musiqisinin beşiyi olan Şuşamızdan ucaldı. Cıdır düzündən yayılan bu səs bütün Qarabağa, ermənilərin yaşadığı bütün bölgələrdə eşidildi. Bu gün Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə rəşadətli ordumuz, səbirsizliklə gözlədiyimiz Qarabağa bizləri qovuşdurdu. Hörmətli Mehriban xanım Əliyevanın söylədiyi “bir gün əzəli diyarlarımız qaytarılacaq və biz o torpaqları öpəcəyik” ifadəsi  gerçək oldu. Onların birgə qətiyyətli fəaliyyəti, məğlubedilməz ordumuzun gücü sayəsində 30 illik həsrətə bir dəfəlik son qoyuldu. Çox sevinirik ki, indi bu müqəddəs torpaqlarımıza qədəmlərimiz qoyuruq, artıq Şuşamızın, Qarabağımızın  səmasında Azərbaycan bayrağı dalğalanır”.

 

Deputat Şuşanın düşmən tərəfindən dağıdılmasına, mədəni irsimizin viran edilməsinə təəssüfləndiyini qeyd edib:

 

“Amma buna baxmayaraq, Şuşa öz əzəmətini, qürurunu, qoruyub. Artıq çox şükür Şuşamız yaralarını sarıb və yenidən dərin nəfəs alır, çünki onun əsl sahibləri buradadır.  Biz bütün Qarabağımızı, Şuşamızı dirçəldəcəyik, alınmaz qalamızı daha da alınmaz edəcəyik. Müqəddəs Şuşamızı yenidən cənnətə çevirəcəyik və əminəmki, bundan sonra, düşmən hər zaman Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaqlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir