Modern.az

“Bizə məğlubiyyətlə barışmağı tövsiyə edirdilər” – Komitə sədri

“Bizə məğlubiyyətlə barışmağı tövsiyə edirdilər” – Komitə sədri

22 Sentyabr 2021, 16:28

“Azərbaycan xalqı ötən ilin bu günlərini torpaqlarımızın həsrəti ilə yaşayır, azğın düşmənin təxribatları və ermənilərin yeni ərazilər zəbt etmək cəhdləri ilə üz-üzə qalmışdı. İndi isə qələbəmizlə nəticələnən Vətən müharibəsinin başlamasının birinci ildönümünü gözləyirik”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Kərimli deyib.

 

Deputat xatırladıb ki, bir il öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev gecəsini gündüzünə qataraq düşmənin təxribatlarının qarşısını almaq, təcavüzkarı susdurmaq barədə düşünür, qələbə qazanmaq üçün planlar qururdu:

 

“Dövlət başçısı beynəlxalq tribunalardan erməni faşistlərinin törətdiyi vəhşiliklər, onların mənfur niyyətləri barədə məlumatlar səsləndirir, beynəlxalq aləmi təcavüzün qarşısını almağa çağırırdı. Ancaq beynəlxalq təşkilatlar bu çağırışlara laqeyd yanaşırdılar. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın taleyi, viran qoyulan şəhər və kəndlərimiz, tarixi, dini mədəni abidələrimiz, qaçqın və məcburi köçkünlərin acınacaqlı həyatı onları düşündürmürdü. Əksinə beynəlxalq aləm Azərbaycana məğlubiyyətlə barışmağı tövsiyə edirdi. Təcavüzkar Ermənistana dəstək verir, ermənilərə bəraət qazandırırdı. Bundan ruhlanan erməni faşistləri isə qalib kimi davranır, torpaqlarımızda hər cür təxribata əl atırdılar. Onlar sülh danışıqları ilə bağlı çağırışlara cavab verməyəndə, beynəlxalq aləm təcavüzkarı cəzalandırmayanda ermənilər daha da harınlaşıb, səngərlərimizə hücuma keçəndə ölkə rəhbəri qəti sözünü dedi və əks-hücum əmrini verdi. Xalqımız, müzəffər ordumuz bu əmri çoxdan səbirsizliklə gözləyirdi. Bütün qüvvələr “Dəmir yumruq” kimi birləşdi və bir andaca düşmənin başına endirildi. 44 gün ərzində faşist Ermənistan ordusu tamamilə məhv edildi. Haqq ədalət uğrunda başlayan müharibə qələbə ilə başa çatdı. Ordumuz dünyanın hərb tarixinə misli görünməmiş səhifə yazdı.

 

Ordumuzun Zəfər yolunun başlandığı gündən – 27 sentyabrdan bizi bir illik müddət ayırır. Artıq torpaqlarımız azaddır, düşmən susdurulub, tarixi ədalət qələbə qazanıb”.

 

Tahir Rzayevin sözlərinə görə, Prezident İlham Əliyev indi düşmənin məhvi deyil, azad olunmuş ərazilərimizin bərpası haqqında düşünür:

 

“Prezident qürurla azad olunmuş torpaqlara səfər edir, lazım olan tapşırıqlarını verir. Ölkə rəhbəri bildirir ki, bu günə qədər bütün təşəbbüslərimiz, planlarımız reallığa çevrilib. Ən çətin layihələr, transmilli proyektlər, çətin geosiyasi vəziyyətdə görülmüş işlərimiz var. Prezidentimiz səsləndirdiyi vədləri, dediyi sözləri həmişə reallığa çevirib. Düşmən üzərində qələbəmiz isə tarixi dönüşdür. “Ərazilərimizi bərpa edəcək, cənnətə çevirəcəyik” ifadəsi adi təşəbbüs deyil. Bu, reallıqların doğurduğu amallardır.

 

Düşməndən azad olunan ərazilərimizdə görülən işlər, həyata keçirilən təşəbbüslər göstərir ki, planlarımız qısa zamanda reallığa çevriləcək. Cəmi bir il ərzində qazanılan nailiyyətlər və həmin ərazilərdə görülən işlər bunu söyləməyə əsas verir. 27 sentyabr Azərbaycan xalqının tarixində qalacaq və biz həmin günü uzun müddət xatırlayacağıq”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır