Modern.az

İki milyard insan üçün əsas dərmanlar əlçatmazdır

İki milyard insan üçün əsas dərmanlar əlçatmazdır

22 Sentyabr 2021, 17:05

Sentyabrın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin  (QDİƏT PM) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin videokonfrans formatında 57-ci iclası keçirilib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, iclasda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri Eldar İbrahimov və Elşad Mirbəşir oğlu, həmçinin digər üzv ölkələrin nümayəndələri iştirak ediblər.

 

İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin sədri Petar Kanevin (Bolqarıstan) məlumatı dinlənildikdən sonra gündəlik qəbul edilib, komitənin 2021-ci ilin mart ayında onlayn rejimdə keçirilmiş 56-cı iclasının protokolu təsdiqlənib.

 

Sonra “QDİƏT-ə üzv dövlətlərdə əczaçılıq sənayesi sahəsində əməkdaşlıq” mövzusuna həsr olunmuş məruzə layihəsini Rusiya nümayəndə heyətinin üzvü Aleksey Kobilyev, tövsiyə layihəsini isə komitənin sədri Petar Kanev təqdim ediblər.

 

Hər iki təqdimatda dünya iqtisadiyyatının ən innovativ sahələrindən olan müasir əczaçılıq sənayesi ətraflı təhlil olunub. Xəstəliklərin qarşısının alınması və müalicəsi üçün yeni və sınaqdan çıxmış dərmanlar, peyvəndlər hazırlayan əczaçıların çox vacib missiya həyata keçirdiyi vurğulanıb. Xüsusilə, COVİD-19 pandemiyasının yaratdığı qlobal sağlamlıq böhranı şəraitində dünyada milyonlarla insanın həyatını xilas etmək üçün dərman sənayesinin operativ və təcili yardım təmin etmək problemi ilə üzləşdiyi, dünya miqyasında səhiyyə sahəsində yeni yanaşmaların vacibliyinin ortaya çıxdığı qeyd olunub.

 

Ümumdünya Səhiyyə Təşkilatına istinadən diqqətə yetirilib ki, hazırda təxminən 2 milyard insan üçün əsas dərman vasitələri əlçatmaz olaraq qalır, dünya əhalisinin tam yarısı isə əsas tibbi xidmətlərdən yararlana bilmir.

 

Məruzələrdə vurğulanıb ki, pandemiya dövründə problemin aktuallığını nəzərə alan QDİƏT PM böhranın aradan qaldırılması üçün üzv ölkələri lazımi daxili islahatlar aparmağa, əlaqədar beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı gücləndirməyə çağırıb, müvafiq  hesabat və tövsiyələr hazırlayıb.

 

Mövzu ətrafında aparılan müzakirələr zamanı Türkiyə nümayəndə heyətinin rəhbəri Cemal Öztürk ölkəsində dərman bazarı və əczaçılıq sənayesinin durumu barədə məlumat verib.

 

Sonra iclasda “QDİƏT-ə üzv dövlətlərdə əczaçılıq sənayesi sahəsində əməkdaşlıq” mövzusunda məruzə və tövsiyə layihəsi təsdiqlənib, Baş Assambleyada təqdim olunması üçün komitədəki məruzəçilər təyin olunub.

 

Onlayn iclasda təşkilati məsələlərə də baxılıb. Yunanıstan nümayəndə heyətinin üzvü Mariya-Aleksandra Kefala QDİƏT PM İqtisadiyyat, ticarət və maliyyə məsələləri komitəsinin sədr müavini seçilib. Komitənin növbəti iclasının vaxtı, yeri və gündəliyi müəyyənləşdirilib.

 

Sonra QDİƏT-in cari fəaliyyəti barədə məlumat dinlənilib.

 

Onlayn tədbiri yekunlaşdıran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iclasda müzakirə olunan məsələlərə dair fikirlərini açıqlayıb, milli nümayəndə heyətlərinə, eləcə də quruma yeni qoşulan ölkələrin təmsilçilərinə uğurlar arzulayıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu