Modern.az

Qaraçantada qalan çantam, Almaz, Solmaz və mən

Qaraçantada qalan çantam, Almaz, Solmaz və mən

22 Sentyabr 2021, 17:30

Pərvanə İbrahimova

Maşınımız kənddən çıxdı. Əvvəl Amasiyaya, oradan da Gürcüstan yolu ilə Qazaxa keçməliydi. Qonşular bir-biriylə öpüşüb-görüşür, göz yaşlarına hakim ola bilmirdilər. Hamının gözünün ucunda dərin bir kədər var idi. Qarlı qış günündə canımızı sinəmizə şələləyib doğma torpaqlarımızdan ayrıldıq! Ayrıldıq və mən həmin anı heç unuda bilmədim: sanki dağlar üstümüzə gəlirdi, itimiz, mal-qaramız dil açmışdı. İtimiz hey durmadan hürürdü, hürürdü yox, bəlkə də danışırdı, nəsə deyirdi, qara inəyimizin gözündən yaş axırdı.


Mənsə kəndimizi qoynuna alan Hülley dağına (kənddə hamı bu dağa Hülley deyirdi) son dəfə tamaşa edirdim. Yaşım az idi axı. Hadisələri tam dərk edə bilmirdim. İllər boyu yaşayacağım kədərə gözlərimlə şahidlik edirdim. Hülley də onlardan biri idi. Dağ elə bil yerindən qopacaqdı, elə küskün, elə zəhmli görünürdü ki, vüqar və əzəmətindən əsər-əlamət yox idi! Sanki bizə qoşulmaq, bizimlə gəlmək istəyirdi. Ya da missiyasını yerinə yetirə bilmədiyi üçün utanırdı. Maşın kənddən uzaqlaşdıqca, Hülley doğmasına, isti ocağına xəyanət etmiş kimi özünü gizlətdi, qalın bir dumana büründü. Deyirdilər, o bir nişanədir. Başında qalanan tonqal Qarsa bir işarədir, çətinliyimizin, sıxıntımızın işarəsi… Nişanəmiz yoxdur artıq!


Hə, unutmadan o günlərin bir əhvalatını da yada salım. Amasiya rayonu Partiya Komitəsinin I katibi olmuş İldırım Bağırovun işdən azad edilməsinə etiraz hadisəsini. Yaşadığımız kənddən üzü rayona – Amasiyaya tərəf yürüş təşkil etmişdik. Hadisələrin get-gedə qızışdığı, bir gecənin içərisində məhv olmaq təhlükəsinin yarandığı vaxtlarda bu, böyük cəsarət idi. Bəlkə də özünə qəsd idi.


Elə o günlərdə Tanrının möcüzəsi baş verdi – 25 min adamın öldüyü, yüz minlərlə insanın evsiz qaldığı 1988-ci ilin zəlzələsi… Düşmənin başı özünə qarışdı. Və biz Amasiyamızı, doğma kəndimizi qansız-qadasız tərk etdik... Ocağımızı Qaraçantadan Gəncəyə daşımaq o qədər üzüntülü idi ki!


İndi Qarabağa səfər edən jurnalist həmkarlarımın yazılarını oxuyuram, reportajlarını izləyirəm. Duyğulanıram, kövrəlirəm, xatirələrə dalaraq yaddaşımın yalnızca on səhifəsini vərəqləyə bilirəm! O on səhifə ki, məktəbimizi divar-divar, kitabxanamızı kitab-kitab, yollarımızı döngə-döngə əzbər bilirəm. Qonşularımız adbaad, qəbiristanlığımız məzar-məzar yaddaşımın dərin qatlarında kök salıb.


Keçən günlərdə əziz həmkarım Almazın (Mahmud) ürək yanğısı ilə Kəlbəcərin Şəhrizarına səfərini izlədim. Axı Şəhrizarlıq heç nə qalmayıb. Yox, qalıb, Zarı qalıb, şəhri isə virandır. Elə məni körükləyən də Zar oldu, Almazla Solmazın doğma yurdlarında bir-birilərinə sarılaraq, uşaqlıq xatirələrinə boylanmaları məni doğma və heç vaxt unutmadığım kəndimizə apardı. Özümdən ixtiyarsız dodaqaltı pıçıldadım: Almaz, kövrəltdiyin, təbəssüm yaratdığın, ən çox da qürurlandırdığın bir hekayə də mən istəyirəm! Qəhərmanın ola bilərəmmi? 10 yaşlı donmuş xatirələrimə, 33 ildir, həsrətini çəkdiyimiz ata-baba torpaqlarımıza, doğma yurd-yuvamıza, evimizə, məktəbimizə, dükanımıza, kitabxanamıza, bulaqlarımıza, yollarımıza, dağlarımıza, dərələrimizə çox ehtiyacım var axı!


Ömrümün daşlaşmış 10 yaşlı xatirələri deyir ki, orada hər şey gözəl, hamı biri-biri ilə mehriban idi. Şənliklərimiz, toylarımız ayrı aləmdi. Kəndimin insanları yay, qış tədarükünü birgə edər, xeyirdə-şərdə həmişə bir yerdə olardılar. Bir evin işığı o biri evə düşərdi. Toylarımız şahsız, yallısız, musiqilərimiz qayınana-qayınata «güləşməsi» olmasa, başlamazdı. Hələ yeməklərimizi demirəm – ən dadlı yeməklərimiz xaşıl, əriştə, əvəlik, əppək aşı, plov, hasta idi.


Bu ayrılıqdan düz 33 il ötsə də, ümidimiz heç vaxt ölmədi. Dönəcəyimizə, qovuşacağımıza inamımız itmədi. O gün mütləq olacaq. Bir vaxtlar xəyal etdiyimiz Şuşamızdan, Ağdamımızdan, Kəlbəcərimizdən gələn səsimiz, Almaz, sənin qəhrəmanın olaraq Gümrüdən Cələbə, oradan üzü Amasiyaya tərəf yolun solunda yerləşən doğma Qaraçantadan eşidiləcək! Mən də eynilə sənin kimi nikbin, təbəssüm və qürurla yolun sağında və solundakı köhnəlmiş, amma xatirlərlə dolu məktəbimizdən, müəllimlərimizdən danışacaq, dükanımızın və poçtumuzun yanından ötərək Rəcəb dayımın, Mehdi müəllimin, Gülbəs mamamın, Ələs mamamın qəribsəyib, sınıxmış evlərinə baxacaq, anam Xanımzərin sevimli qonşuları Şahsənəm, Süsənbər, Qəndab xalaları axtaracaq, Muradxan dayımın kənd uşaqlarının həyatında xüsusi yeri olan və sanki hər səhər çiçəklərini onların üzünə açan meyvə bağına, oradan da nənəm Gülcamalın evinə sarı gedən yola nəzər salacağam.


Hə, bir də qız-gəlinlərimizin başına toplaşaraq şirin-şirin danışıb-güldükləri, qab-qacaq yuduqları, qantarlarla su daşıdıqları buz kimi suyu olan mustuqlu qoca bulağımıza...


Evimizə… Nəcəf, Musa, Yəhya yurduna, Fatma ocağına…


Toz basmış olacaq, bəlkə də heç olmayacaq... Köçəndə maşında yer olmaz deyə bir küncə qoyduğum məktəbli çantam belə tapılmayacaq! Yox ediblər hər şeyi, bütün nişanələrimizi...


Amma ümidimizi... Onu yox edə bilməyiblər. Əzəmətini itirməyib Ağbaba-Şörəyel mahalının 27 kəndindən biri olan Qaraçanta. Vüqarlıdır! Öncə Qaraçalma, Qaraçəntey, sonralar isə Qaraçanta adlandırılan kəndimizin tarixi də maraqlıdır. Adının haradan götürüldyü haqda dəqiq məlumat yoxdur. Lakin şübhəsizdir ki, kəndin adında olan “qara” sözü rəng mənası bildirmir. Bu söz, eramızdan əvvəl 7-ci yüzillikdə yaradılmış qədim türk dastanlarından olan “Yaradılış” dastanının baş qəhrəmanı Qara xan, yaşı 1500 ildən çox olan “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanlarından Qaraca Çoban, nağıl qəhrəmanı Qara Pəhləvan və bir sıra digər adlarla həmahəng olub, igid, cəsur, mərd, məğlubedilməz mənasını verir. Qaraçanta kəndi sonacan adını qoruyub saxlaya bilməyib və 1939-cu il may ayının 4-də inqilabçı bolşevik Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adlandırılıb. 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub.


1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib. Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayim olub. Onun “Duz dağ”, “Qapılı zağa”, “Ömər dərəsi”, “Arpa çayı”, “Hülley”, “Orta təpə”, “Üçgözlər”, “Məmmədağa”, “Daş dərə”, “Göy bulaq”, “Alməmmədlilərin bulağı” kimi heç vaxt unutmadıqları dağ, dərə və bulaqları olub!


Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta! Sənə dönəcəyik! Almazın da ifadə etdiyi kimi, birlik, bərabərlik, qardaşlıq rəmzi olan “Yallı”nı qoynunda ifa edəcəyimiz gün uzaqda deyil. Xəbərin olsun, yaddan çıxmağa qoymuruq, toy-düyünlərimizdə qocalı-cavanlı, kişili-qadınlı hamımız “Yallı” gedirik, birgə qalmağa çalışırıq. Birgə qalırıq ki, sənə tez dönək, tez qovuşaq!


Bilirsənmi, atam artıq qocalıb. Amma sənin daşından, qayandan, torpağından əlinə çəkdiyi qabarlar hələ də yerindədir. Hülleyə de ki, tələssin, qorxuram, gec olar deyə. Daha əvvəlki kimi oxuya bilmir “Qara Ceyran”ı. Bəzən sözlərini unudur, anam da kövrəlir, biz də... O, atasını, əmisini müharibədə itirib indiyədək acısını, ağrısını çəksə də, qovuşacaqlarına ümidini itirmədiyi kimi, biz də sənə dönəcəyimizə ümid edirik, təkcə ümid yox, həm də inanırıq!


Əsas olan cığır açmaq idi. Açıldı...


İndi o cığır “Zəfər yolu” olub və biz Zarın bir addımlığında olan Zərkəndə boylanırıq! Göyçənin Zərkəndinə… Və Ağbaba-Şörəyelin Qaraçantasına! Və…


…Və qəhrəmanın olummu, Almaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir