Arxiv
22 Sentyabr 2021, 19:25 | TƏHSİL
Təhsil naziri GDU-nun yataqxanasının açılışında - FOTOLAR

Təhsil naziri Emin Əmrullayev Gəncə Dövlət Universitetinin tələbə yataqxana kompleksinin açılışında iştirak edib.

 

Modern.az-ın məlumatına görə, GDU-nun Yataqxana Kompleksi 1967-ci ildə ilk dəfə tikilib istifadəyə verilib.

 

1993-cü ildə burada Kəlbəcər rayonundan olan 150 ailə məskunlaşdırılıb. 2014-cü ildə köçkünlər Gəncə şəhəri ətrafında salınan qəsəbəyə köçürülüb. 2018-ci ildə Yataqxana Kompleksinin əsaslı təmir edilməsi üçün vəsait ayrılıb, 2020-ci ildə Yataqxana Kompleksində təmir tikinti işləri tamamlanıb. Ərazinin ümumi sahəsi 11450 kv. metr-dir.

 

Yataqxana Kompleksində 744 nəfər tələbə qala bilər. Kompleksdə 4 qonaq otağı da mövcuddur. Yataqxana Kompleksi yüksəksürətli internet, fasiləsiz elektrik enerjisi (generator) və daimi isti-soyuq su ilə təmin olunmuş, müasir isitmə sistemi qurulmuşdur. Kompleksdə 3 yaşayış binası, 400 tələbənin eyni anda istifadə edə biləcəyi Yeməkxana Kompleksi, basketbol meydançası, fantan, yaşıl zona və istirahət zonası mövcuddur. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar qovşaq, istirahət otağı, akt zalı yerləşir. Binaların I mərtəbəsində camaşırxana da mövcuddur. Kompleksdə 95 ədəd təhlükəsizlik kamerası quraşdırılıb. Korpuslardan birində (A korpusunda) universitetin əsaslı kitabxanası yerləşir.

 

Təhsil naziri Emin Əmrullayevi Yataqxana Kompleksinin qarşısında rektor Yusif Yusibov qarşıladı. Görüş zamanı rektor müasir və gözəl arxitekturaya malik yataqxana binasını tələbələrə hədiyyə etdiyi üçün Dövlət Başçısına professor-müəllim heyəti və tələbə kontingenti adından minnətdarlığını bildirərək, Kompleks haqqında ümumi məlumat verdikdən sonra A korpusunda yerləşən infrastruktur ilə yaxından tanış olmaq üçün binaya və ilkin olaraq universitetin əsaslı kitabxanasına, binada yerləşən yaşayış otaqlarına, akt zalına, istirahət otağına, camaşırxanaya, nəzarət otağına, mətbəxə baxış keçirilmiş, daha sonra B korpusunda yerləşən infrastruktur ilə yaxından tanış olduqdan sonra Yeməkxana Kompleksi ilə tanışlıq baş tutub.

 

Sonda Kompleksin həyətində yerləşən istirahət meydançasında təhsil naziri və rektorun iştirakı ilə Gəncə şəhərindən olan yüksəkballı tələbələrlə görüş təşkil edilmişdir. Səmimi şəraitdə keçirilən görüşdən sonra nazir yaradılmış bütün şərait üçün universitet rektoruna təşəkkür edərək, Yataqxana Kompleksinin gələcək fəaliyyətində uğurlar arzuladı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv