Arxiv
23 Sentyabr 2021, 09:30 | MÜSAHİBƏ
Şuşa ilə bağlı qardaşlıq jesti: Azərbaycanla Özbəkistanı nələr birləşdirir?– Səfirlə MÜSAHİBƏ

“Özbək xalqı Azərbaycanın hər uğuruna sevinir”

 

“Bu günə qədər Özbəkistanda Ermənistanın diplomatik nümayəndəliyi açılmayıb”

  

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasındakı münasibətlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb:

 

- Cənab səfir, Azərbaycan və Özbəkistan münasibətlərindən danışarkən, hər ikisinin türkdilli dövlət olması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hazırda hər iki dövlətin siyasi və iqtisadi  əlaqələrində nə kimi yeniliklər gözlənilir?

 

- Məlum olduğu kimi, Azərbaycan ilə Özbəkistan arasında 15-ci əsrdən kök salan tarixi bağlılıq, din və dil ortaqlığı, adət-ənənələrimizin oxşarlığı və tarixdən irəli gələn möhkəm dostluq münasibətləri daim hökm sürməkdədir. Özbək xalqı istər ali rəhbərlik, istərsə də sıravi vətəndaş səviyyəsində Azərbaycana böyük hörmətlə yanaşır, ölkəmizin hər bir uğuruna səmimi şəkildə sevinir və xalqımıza dost münasibət bəsləyir.

 

Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələr xeyli möhkəmlənmiş və münasibətlər artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan hər iki dövlət başçısı ölkələrimiz arasında mövcud olan iqtisadi-ticarət, nəqliyyat və energetika məsələlərinə, o cümlədən qarşılıqlı mal dövriyyəsinə, mədəni-humanitar və elmi-texniki sahədəki əməkdaşlığın daha da inkişafına vəgenişləndirilməsinə böyük diqqət yetirirlər.

 

- Diplomatik dillə desək, rəsmi Bakı və rəsmi Daşkəndin qarşılıqlı münasibətləri hər iki tərəf üçün aydındır. Bir də var Özbəkistan və Azərbaycan vətəndaşlarının bir-birinə olan yanaşması, fərqliliyi və sevgisi... Mütləqdir ki, diplomat olaraq  müşahidələriniz var. Çox istərdik ki, bu barədə müşahidələrinizi bizimlə bölüşəsiniz.

 

- Azərbaycan böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq aləmdə bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər.  Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT,  MDB və Türk Şurası çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub.

 

Bu kontekstdə qeyd etmək istərdim ki, 2019-cu ildə Bakı şəhərində keçirilmiş Türkdilli Dövlətlər Başçılarının Sammitində Özbəkistan Prezidenti cənab Ş.Mirziyoyevin səyləri nəticəsində, Özbəkistan üzv-dövlət olaraq Şuraya yenidən daxil olub. Ölkələrimizin birgə iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, TRASEKA layihəsi çərçivəsində, Transqafqaz dəhlizindən daha da səmərəli istifadəsi istiqamətində əməkdaşlıq davam etdirilir.

 

Özbəkistanın Mərkəzi Asiya regionunda böyük nüfuzunu, potensialını və proseslərə təsir imkanlarını nəzərə alaraq, əminlikə demək olar ki, Özbəkistanın müvafiq rəyi olmadan regionda hər hansı bir mühüm layihənin icrası imkansız hesab olunur.

 

Bir sözlə, Azərbaycan hökuməti Özbəkistanla münasibətləri prioritet hesab edir və rəsmi Daşkəndlə əlaqələrin dərinləşdirilməsi baxımından vacib sayır.

 

Xüsusilə vurğulamaq istəyərdim ki, Özbəkistan daim Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəf çıxıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini əsas şərtlərindən biri hesab edib.

 

Əminəm ki, ölkələrimiz arasında ən böyük siyasi uğurlarımızdan biri də odur ki, Ermənistan hakimiyyətinin bütün siyasi cəhdlərinə baxmayaraq, bu günə qədər Özbəkistanda Ermənistanın nə diplomatik, nə də başqa bir nümayəndəliyi açılmayıb.

 

 - Ümumilikdə Özbəkistanda nə qədər azərbaycanlı yaşayır? Əsasən soydaşlarımız hansı sahələrdə daha aktiv fəaliyyət göstərirlər?

 

- Ölkələrimizin arasında mədəniyyət və humanitar sahələrdə də əməkdaşlıq uğurla davam etdirilir. Belə ki, görkəmli azərbaycanlı klassiklər Nizami Gəncəvi və Məhəmməd Füzuli, həmçinin özbək şairləri - Əlişir Nəvai və Mirzə Uluqbəy, eləcə də bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir.

 

Bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adınadır. Azərbaycanda isə şəhərlərimizdən biri Nəvainin adını daşıyır.

 

Bununla yanaşı, Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi inşa olunub və bu gün uğurla fəaliyyət göstərməkdədir.

 

Qeyd edilməlidir ki, həmin Mərkəzin nəzdində azərbaycan dili və ədəbiyyatı, milli rəqs və rəsm dərnəkləri, habelə tarix muzeyi özbək xalqına xidmət edir.

 

Bundan başqa, Səfirlik tərəfindən görülən məqsədyönlü iş nəticəsində Azərbaycanın İsmayıllı və Özbəkistanın Riştan şəhəri “qardaşlaşmış şəhərlər” olub.

 

Hazırda Şuşa və Xiva, habelə İçəri şəhər və İçhan Qalanın “qardaşlaşması layihəsi” üzərində müvafiq işlər aparılmaqdadır və qısa müddət ərzində yekunlaşması planlaşdırılır.    

 

İqtisadi əlaqələrə gəlincə, Azərbaycan və Özbəkistan arasında hal-hazırda ticarət dövriyyə həcmi 54,2 milyon ABŞ dolları təşkil edir və ötən ilin 9 ayı ərzində COVİD-19 pandemiyasına baxmayaraq, Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

 

Özbəkistan Respublikasında fəaliyyət göstərən Azərbaycan kapitalı ilə olan müəssisələrin sayı 197-yə çatıb və Azərbaycan tərəfi ilə sənaye əməkdaşlığının qurulması çərçivəsində 355 milyon dollardan çox dəyəri olan layihələr üzərində iş aparılır.

 

Xüsusilə neft və qaz, turizm, kənd təsərrüfatı sahəsində, avtomobil və avtobusların yığılmasının təşkili, xalçaçılıq, üzümçülük və şərabçılıq, zərgərlik, nəqliyyat və logistika istiqamətində mövcud olan əməkdaşlığın yeni layihələrin hazırlanması və  təşkili işləri davam etdirilir.

 

Eyni zamanda Özbəkistan və Azərbaycanın işgüzar dairələri nümayəndələrinin çox sayda qarşılıqlı səfərləri ticari-iqtisadi əlaqələrin inkişafında təkan verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv