Arxiv
23 Sentyabr 2021, 10:13 | PARLAMENT
Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihələri

Sentyabrın 8-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Bu günə qədər parlamentin 15 komitəsinin hər birinin iclası keçirilib. İclaslarda komitələrin 2021-ci ilin payız sessiyası üçün işlər planı müzakirə olunaraq təsdiqlənib. İş planlarında bir neçə qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.

 

Modern.az həmin qanun layihələrini təqdim edir:

 

Elm və təhsil komitəsində iki yeni qanun layihəsinin - “Ali təhsil haqqında” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və komitədə müzakirə olunması nəzərdə tutulub. "Ali təhsil haqqında" qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə uyğundur və komitənin iş planına daxil edilib.

 

Əmək və sosial siyasət komitəsi “Turizm haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq. Həmçinin, iş planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə işçi qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib. Payız sesssiyasında komitədə sözügedən layihənin hazırlanması üzrə iş davam etdiriləcək.

 

Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq.

 

Mədəniyyət komitəsində qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində payız sessiyasında “Lombardlar haqqında”, “Turizm haqqında”, "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında” qanunlar isə yenidən işlənəcək. 

 

Gənclər və idman komitəsində cari sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq.

 

Aqrar siyasət komitəsi payız sessiyasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını nəzərdə tutub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv