Modern.az

Ürək dağlayan görüntü: Övladına görə şəhidliyi seçən ATA - FOTOLAR

Ürək dağlayan görüntü: Övladına görə şəhidliyi seçən ATA - FOTOLAR

23 Sentyabr 2021, 13:24

Bu il birinci sinfə qədəm qoyan şagirdlər arasında Vətən müharibəsində Şəhid olan döyüşçülərimizin övladları da var. İlk dəfə məktəbli formasında həyəcan və sevinc hissi yaşayan Şəhid övladları dərsə yollanmazdan öncə atalarının məzarını ziyarət edib, onlardan xeyir-dua “alıblar”.

 

Belə şəhid övladlarından biri də mayor Səyavuş Kəlbalıyevın oğlu Hümbətdir.

 

6 yaşlı Hümbətin atasının məzarı önündə lentə alınan fotosu dünən sosial şəbəkələrdə geniş paylaşılaraq, hamını kövrəltdi.

 

 

Şəhidimizin həyat yoldaşı Pərvanə xanım övladının yaşadığı duyğulu anlarla bağlı Modern.az-a danışıb. Bildirib ki, övladını atasının məzarı başında görəndə ürəyi dağa dönür və bu mənzərə onu sarsıdır.

 

“Övladlarımın hər bir işində öncə Səyavuşun məzarını ziyarət edirik, sonra işlərimizə başlayırıq. Hümbət bağcanı bitirən zaman aldığı sertifikatı ilk olaraq atasının məzarına apardı, lisey imtahanından keçəndə də gedib atasına xəbər verdi. Bu, bizim borcumuzdur, ilk xeyir-duanı ailəmizin böyüyündən almalıyıq.

 

Səyavuş 16 illin peşəkar zabiti idi və getdiyi hər rayonda onun yanında olmağa çalışırdıq. Hümbət hər səhər hərbçi kimi atası ilə işə gedirdi, axşam da qayıdırdılar. Buna görə uşaqlıqdan deyir ki, “mən atam kimi hərbçi olacağam”.  Ən böyük arzusu hərbçi olmaqdır. Atası da bilirdi ki, Hümbət hərbçi olmaq istəyir. Bəlkə də Vətən sevgisi, düşmənə nifrət hissləri Hümbətə atasından keçib. Mən özüm hərbi formanı çox sevirdim, yoldaşımı o formada görəndə ürəyim dağa dönürdü”.

 

 

Şəhid xanımı övladının hərbçi olmaq arzusuna qarşı çıxmadığını və ona sonadək dəstək verəcəyini söyləyib:

 

“Heç vaxt övladıma qarşı olmaram ki, sən hərbçi olma. Bir dəfə zarafatla atasına dedim ki, bəlkə, Hümbəti qoymayaq əsgər getsin. Acıqlı bir səslə dedi ki, “sən məni təhqir edirsən, mənim övladım necə əsgər getməyə bilər. Gedəcək, əsgərliyini çəkib gələcək”. Hətta Hümbətin özü də əsəbləşdi və əsgər olacağını dedi.

 

Mənə qarşı çıxan insanlar çox olur. Deyirlər ki, onun atası şəhid olub, necə icazə verirsən hərbçi olsun. Ata şəhid olubs,a oğul da şəhid olacaq deyə bir qanun yoxdur. Şəhid olacaqsa, bu onun qismətidir və bir hərbçinin şəhidlikdən üstün vəzifəsi yoxdur. İlk məktəbli şəklini Hümbət hərbi formada çəkdirdi. Atasından xatirə qalan forması var idi, yeni formada aldırdı və hər gün evdə hərbi forma ilə gəzir.

 

Səyavuş xeyirxah övlad, vətənpərvər zabit, vəfalı həyal yoldaşı və mükəmməl ata idi. Mənim üçün yer üzündə Səyavuş kimi ata yoxdur. Müharibə olsa necə olacaq, müharibəyə gedəcəksən söhbətlərinə əsəbiləşirdi. Hər zaman atasına deyirdi ki, “siz 1992-1993-cü illərdə torpaqlarımızı qoyub gəlməməliydiniz, orda vuruşmalıydınız. Müharibə məsələsi, ermənilərlə olan düşmənçiliyimiz məndən  sonra oğluma qalsa, mənim övladım 18 ildən sonra əsgərliyə gedib erməni ilə sırf Qarabağı azad etmək üçün vuruşsa, silahı öz başıma diriyəcəyəm. Müharibəni özümdən oğluma ötürə bilmərəm”.

 

Düşünürəm ki, oğulsuz qalmamaq üçün oğlunu atasız qoydu. Çox istərdik ki, Qarabağa, ata yurdu Cəbrayıla onunla gedək. Anasının qucağında Qarabağdan məcburi köçkün kimi gəldi, 28 ildən sonra tankın üstündə kəşfiyyatçı olaraq Qarabağa döndü. Tapşırılmışdı ki, müharibəyə getməsin, çünki onun işi arxa cəbhədən idarəetmə idi.  Amma Səyavuş getdi və şəhid oldu. Şəhid olmağı heç arzulamırdı, komandasına belə demişdi ki, “şəhid olmağı qadağan edirəm”. 28 illik acınacaqlı həyatın, həsrət qoxan torpağın qisasını özü aldı, oğluna buraxmadı. Bütün şəhidlərə, qazilərə, hərbçilərə minnətdarıq ki, Qarabağı bizə, bizi Qaarbağa qaytardılar”.

 

Humay İsgəndərova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir