Arxiv
23 Sentyabr 2021, 16:37 | TƏHSİL
Məktəblərin yaratdığı tıxaclar: ekspert çıxış yolu üçün TƏKLİFLƏR VERDİ

Dünəndən ibtidai siniflərdə dərslərin başlanması paytaxtın xeyli küçə və prospektlərində tixacların artmasına səbəb olub. Gələn həftədən bütün siniflərdə, habelə digər təhsil ocaqlarında (kolleclərdə, peşə liseylərində, universitetlərdə və s.) dərslərin açılacağını nəzərə alsaq, vəziyyətin daha da gərginləşəcəyini deyə bilərik.

Modern.az-ın məlumatına görə, yol hərəkəti məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlərə ehtiyac olduğunu deyib.

Ə.Hüseynov deyib ki, müşahidələrə görə, paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından o başına uşaqların daşınması geniş yayılıb.

“Təhsil qurumları elə etməlidirlər ki, ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında belə ciddi fərqlər olmasın, hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olsun, tədris prosesi təşkil olunsun ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun. Bundan sonra valideynlərlə maarifləndirmə işi də lazımdır ki, uşağınızı çox uzağa aparmağın əhəmiyyəti yoxdur, nə özünüzə, nə də uşağa əziyyət verməyin. Ümumiyyətlə, elə edilməlidir ki, özəl və xüsusi təmayüllü məktəblər istisna olmaqla qalan bütün təhsil ocaqlarında normal tədris, kommunal şərait olsun ki, valideyn uzaqda məktəb axtarmasın. Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsın”.


Ə.Hüseynovun sözlərinə görə, şəhərətrafı bəzi məskunlaşma ərazilərində hələ də ya məktəb yoxdur, ya da normal deyil.


“Ona görə də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olur və tıxaclar daha da şiddətlənir. Həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər tikilməlidir ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın”.


Hüquqşünasın digər təklifi ondan ibarətdir ki, məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata xüsusi diqqət yetirilməlidir ki, şagird və tələbələrin marşrut avtobusları və metro ilə gəlib-getməsində çətinlik olmasın.


“Şagirdlərinin əhəmiyyətli hissəsi uzaqdan gələn məktəblərdə (təmayüllü və özəl məktəblərdə) dərslərin başlama vaxtının fərqləndirilməsi yaxşı olar. Məsələn, belə məktəblərin bəzilərində dərslər 8.00-da, bəzilərində 8.15-də, bəzilərində 8.30-da və s. (15 dəqiqə fərqlə bunu 9.30-dək uzatmaq olar) başlasa, yaxşı olar.

Məktəbə fərdi avtomobillə uşaq gətirməyə məcbur olan valideynlər çox diqqətli və intizamlı olmalıdırlar. İşlərini elə planlaşdırmalıdırlar ki, məktəb yanında yalnız uşağı düşürmə və mindirmə vaxtı (yəni orta hesabla 20 saniyəni aşmamaqla) dayansınlar. Dayanıb gözləmə olacaqsa, sıxlıq və tıxac qaçılmaz olacaq”.


Ə.Hüseynov deyib ki, məktəblərin ətrafında dayanma, durma və parkalnmalara ciddi nəzarət olmalıdır. Elə edilməlidir ki, ən azı ikinci və üçüncü cərgələrdə dayanma və parklanma olmasın:


“Düşünürəm ki, qeyd etdiyim tədbirlər tıxacların yumşaldılmasına səbəb olar. Bunlar həm valideynlərə və uşaqlara, həm ümumilikdə təhsil sisteminə, həm də hamımıza faydalaı olar. Unutmayaq ki, uzağa gedən, yaxud tıxacda qalan uşaq da yorulur, bilikləri mənimsəmə qabiliyyəti azalır. Valideyn isə gərəksiz vaxt itkisinə məruz qalır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv