Modern.az

FHN hava ilə bağlı əhaliyə müraciət etdi

FHN hava ilə bağlı əhaliyə müraciət etdi

23 Sentyabr 2021, 20:48

Fövqəladə Hallar Nazirliyi (FHN) əhalini hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

 

FHN-dən Modern.az-a daxil olan müraciətdə deyilir:

 

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

 

Belə ki, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı ilə əlaqədar daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

 

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

 

Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir