Arxiv
24 Sentyabr 2021, 11:30 | AKTUAL
Ağsaqqallar Şurasından Tahir Süleymanova ad günü təbriki

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun doğum günüdür.  

 

Şuranın sədri Eldar Quliyev İdarə Heyətinin üzvləri adından ona təbriklərini çatdırıb:

 

Təbrikdə deyilir:       

 

"Hörmətli Tahir müəllim!

 

  Sizi – ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən nüfuzlu şəxsiyyəti, hər zaman xalqına, Vətəninə bağlı olan müdrik ağsaqqalı şərəflə yaşadığınız ömrünüzün 73-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!

 

Xalqımız Sizi daim yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanan müdrik bir ağsaqqal kimi tanıyır. 20 illik parlament fəaliyyətiniz boyu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində, həmçinin  parlamentlərarası işçi qruplarının və nümayəndə heyətlərinin işində yaxından iştirakınızla Milli Məclisin uğurlu fəaliyyətinə böyük töhfələr vermisiniz. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman  dəstəkləmiş, ölkəmizin ictimai və sosial-iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq xalqımıza böyük xidmətlər göstərmisiniz. Sizin fədakar əməyiniz dövlətimiz, həmçinin bir sıra xarici ölkələr və təşkilatlar tərəfindən dəfələrlə yüksək təltiflərlə - “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Rusiya Federasiyasının “Dostluq” medalı ilə, həmçinin Türkiyə-Azərbaycan Dostluq qrupundakı səmərəli fəaliyyətinizlə əlaqədar bir sıra medal və mükafatlarla, 2 dəfə “Qızıl Buta” və H.Z. Tağıyev adına mükafatla, o cümlədən yübliley medalları, fəxri fərmanlar və diplomlarla qiymətləndirilib.

 

Hörmətli Tahir müəllim!

 

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü və sədr müavini olaraq Siz bu gün də müstəqil dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin, xüsusilə də gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayırsınız. Əminik  ki, bundan sonra da ölkəmizin tərəqqisi naminə var qüvvənizlə çalışacaq, qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.

 

Dərin hörmət və səmimiyyətlə,

 

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili                                  

 

Eldar Quliyev".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv