Modern.az

“İnternetin sürəti niyə zəifdir” sualına aydınlıq gətirildi

“İnternetin sürəti niyə zəifdir” sualına aydınlıq gətirildi

Aktual

24 Sentyabr 2021, 14:04

Son iki ildə Azərbaycanda internet istifadəçilərinin sayı kəskin artıb. Bu artım pandemiya şəraiti ilə əlaqələndirilir. Məlumata görə, əhalinin təxminən 80%-i internet istifadəçisidir və onların 42%-i sosial mediadan istifadə edir. Təkcə ötən ildən bəri 600 mindən çox insan sosial mediaya qoşulub.

 

İnsanların sosial mediada vaxt keçirməyə meyillənməsi əsasən COVID-19 böhranı və karantinlə bağlıdır, çünki daha çox insan internetdən istifadə vərdişlərini bu dövrdə dəyişməyə başladı.

 

İstifadəçilər kəskin artsa da ölkədə internetin keyfiyyətində dəyişiklik hiss edilmir və sürətlə bağlı problem hələ də həllini tapmayıb. Xüsusilə son bir ay ərzində bütün ölkə üzrə internetin sürətində ciddi geriləmə olduğu hiss edilir. Bu barədə sosial şəbəkələrdə istifadəçilərin çoxsaylı şikayətlərinə rast gəlmək olar. Vətəndaşlar internetin sürətinin zəif, qiymətinin isə baha olmasından narazılıq edirlər.

 

Məsələ bununla yekunlaşmır. İnternet infrastrukturunun zəif olması hətta təhsilin belə distant formada təşkil olunacaq bir zamanda tənqid ediləcək məqama çevrilib.

 

 

Modern.az abunəçilərin internetin keyfiyyəti ilə bağlı suallara aydınlıq gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) aidiyyəti struktur bölmələrinə internetin sürətinin aşağı olması ilə bağlı kütləvi müraciətlər daxil olmayıb. 

 

Nazirlik internet xidmətində çətinlikləri olan müraciətçilərin məlumatları təqdim olunduğu halda müvafiq araşdırma aparılacağını və zəruri tədbirlər görüləcəyini qeyd edib. 

 

Məlumat üçün o da bildirilib ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC internet tariflərində dəyişiklik edib. Yeni tariflərə əsasən internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib. Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib.

 

Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə hər iki qurumun müraciətlərin qəbulunu 24/7 həyata keçirən Çağrı Mərkəzi fəaliyyət göstərir.

 

 

Azərbaycanda mövcud olan internet probleminə laqeyd yanaşmayan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə ölkədə internet probleminin olmasını təsdiqləyib. Hətta İKT mütəxəssisi problemin dövlət başçısı, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səviyyəsində də səsləndirildiyini də vurğulayıb:

 

“Bu problem uzun müddətdir ki, öz həllini tapmayıb. Məsələ nazirliyin indiki rəhbərliyinin günahı deyil, onlara da sələflərindən miras qalıb. Azərbaycanda qonşu ölkələrdən fərqli olaraq, keyfiyyətli internetə əlçatımlılıqla bağlı infrastruktur məsələsi öz həllini tapmayıb. Qonşularda keyfiyyətli internetə əlçatımlılıq problemi vaxtında həll edildi. Azərbaycanda isə 2014-cü ildə böyük bir dövlət proqramı hazırlandı. “Hər evə optika” adı verilən bu proqram genişzolaqlı, keyfiyyətli internetin əldə olunması ilə bağlı idi. Dövlət bu proqrama nəzərdə tutulan yarım milyard manat vəsaiti son anda ayırmaqdan imtina etdi. Həmin pulun ayrılmamasının obyektiv səbəbləri var idi. Hazırlanan proqramda şəffaflıqla bağlı ciddi problemlər, korrupsiya, vəsait itkiləri görünürdü.  Bundan sonra internet probleminin həlli istiqamətində yalnız epizodik addımlar atıldı. Azərbaycanda kompleks şəklində keyfiyyətli internet məsələsi öz həllini tapmadı”.

 

 

Nazirliyin indiki rəhbərliyinin internet problemini həll etmək üçün yeni təşəbbüslə çıxış etdiyini söyləyən Osman Gündüz internet abunəçilərinə şad xəbər verib:

 

“İndiyə qədər nazirlik yalnız dövlət provayderlərinin – “Baktelekom”, “Aztelekom”, “Azeurotel” və s. xətti ilə keyfiyyətli internet problemini həll etmək istəyirdi. Ancaq indiki rəhbərlik dövlət və özəl partnyorluğu birləşdirib. Ümid doğuracaq məqam budur. Hesab edirəm ki, təşəbbüsün prinsipləri açıqlananda,dövlət tərəfindən bura yetərincə investisiya ayrılsa, yaxın zamanda problemi həll edə bilərik”.

 

“Bəs ölkədəki problem həll edilənə qədər nə etmək lazımdır” sualına gəlincə, mütəxəssis internet istifadəçilərinə məsləhətlərini dilə gətirib:

 

“İnternet satışı ilə məşğul olan və böyük pullar qazanmaq istəyənlər var. Biz buna çəkidə aldatmaq deyirik. Ona görə, düşünürəm ki, həm hökumət tərəfindən, həm də cəmiyyət tərəfindən atılan addımlar gücləndirilməlidir. Hökumət keyfiyyətsiz internetlə bağlı cəza tədbirlərini artırsa, daha yaxşı olar. Bəlli standartlar müəyyən olunmalı, onları pozan provayderlərə qarşı sərt tədbirlər görülməlidir.

 

Vətəndaşlar isə bir qədər diqqətli, ayıq olaraq, özünün internetini monitorinq etməyi bacarmalı, sürətini ölçməyi öyrənməli, dövlət qurumuna, provayderə müraciət etməli və hətta məhkəməyə belə getməlidirlər. Necə ki, vətəndaş bazardan 1 kiloqram meyvə alanda çəkidə aldadan satıcıya etiraz edirsə, onlayn mühitdə də dəqiqlik tələbini qoymalıdır. Hökumət rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qorumaq üçün qanunvericiliyi təkmilləşdirməli, vətəndaşlara hüquqlar verməli, özü isə bunun arxasında durmalıdır”.

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir