Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti Ağdamda Ombudsman Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirir.

 

Ombudsman Aparatından Modern.az-a bildirilib ki, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan torpaqlarında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir.

 

Nümayəndə heyəti Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirir. Pənahəli xanın məqbərəsi, Ağdam Cümə və Qiyaslı məscidləri, eyni zamanda şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərin yerində monitorinqi aparılır.

 

Qonaqlar Ağdamda işğal dövründə minalanmış ərazilərə baxış keçiriblər. Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı nümayəndə heyətinə mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlıqlarına yaratdığı ciddi təhlükə, eyni zamanda mina qurbanları ilə bağlı ətraflı məlumat verib.