Arxiv
25 Sentyabr 2021, 17:57 | AKTUAL
Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm”

... Kameranın işığı yanır, üzünə düşən işıq şüası gözlərini qamaşdırsa da, gözünü qıymır, kirpiyini qırpmır, üzü kameraya dik baxır. Operator onun arxada topaladığı saçının dəstəsindən ayrı düşmüş durna kimi üzünə kölgə salan telini geri çəkməsini astadan, ehtiyatla xahiş edir. Titrək və zərif əlini başına çəkir. Elə qürurludur ki...

 

Gözlərinin dibi sanki dərd yığınıdır. Oğul dərdi belini əyib. Amma vüqarlıdır...

 

Kiçik mikrofonu köynəyinin yaxasına taxıram. Əlimin altında ürəyinin döyüntüsünü hiss edirəm. "Tuk-tuk, tuk-tuk..." Sanki həsrətin, dərdin, acının nəğməsidir bu, ürəyin dərdli melodiyasıdır. Elə bilirəm bu an öz nəbzim dayanıb. Əlimin altındakı çırpıntı dolu ürək döyüntüləri məni kövrəldir.  Bir anlıq onu qucaqlayıb hönkürmək, qışqırmaq istəyirəm. Sanki cürətim çatmır, bacarmıram. Içi yanğıyla dolu olsa da,  elə mətin duruşu var ki...

 

 

"Hazıram!"- deyir. Həyətdən səs gəlir. Operator üzündə narazı ifadə ayağa durur, qapını açaraq, bayırdakılara xəbərdarlıq edir. Yerinə qayıdıb "Başlayaq" deyir. “Oğlunuzdan danışın, uşaqlığı, xasiyyəti...”

 

Dodaqları səyriyir, gözünün dibindən boylanan kədər bütün üzünə yayılır, amma bu, bir anlıq kölgə kimi keçib gedir. Başını yenə dik tutur, kameraya zillənən kirpiklərini heç qırpmadan "Mənim oğlum əsl oğul idi, Vətənini, torpağını sevən, qəhrəmandır o. Mən şəhid leytenant Məhəmmədin anasıyam!"- deyir.

 

Hamımız hərəkətsiz, lal-dinməz dayanmışıq, heyrətlə baxıram, qürur duyuram onunla. Şəhid anasının fəxarətlə balasına - qalib ordunun qəhrəman zabitinə yaraşan bir tərzdə təqdimatı qarşısında söz də aciz qalır.

 

Dayan, zaman, dayan, şəhid anası danışır! Yağı düşmən tar-mar ol! Igidimə qalxan əlin qurusun! 

 

Sakit olun, səssiz olun, Şəhid anası danışır! O, təkcə Məhəmmədin anası deyil, o, bütün igid, qəhrəman şəhid oğulların anasıdır! Onun Məhəmmədi Vətənə canını fəda edən bütün şəhid anaların balasıdır!

 

O, danışır, danışır, balasının uşaqlığından, məktəb illərindən, universitetə daxil olmasından, hərbini seçməsindən, gözəl, yaxşı övlad olmasından... Gözlərinin içinə sanki işıq gəlir, üzü gülməsə də, elə bil ki, aydınlanır, rəngi açılır, amma bu, uzun çəkmir. Oğlunun şəhid olması xəbərini aldıqları günü xatırlayır. Yenə dünyası qaralır, yenə o günə qayıdır elə bil. İndi onun baxışlarında zaman da dayanıb... İndi  o, zamanı geri çəkərək Məhəmmədli günlərinə qayıtmağı elə istərdi ki...

 

Bir ildir ki, Məhəmmədin anası onun yolunu gözləyir. Hər gün anasına verdiyi sözü tutacağını, gələcəyini gözləyir. Sonsuzadək...

 

 

... Həyətdə darvazanın girişindəki ən hündür yerdə dalğalanan müqəddəs üçrəngli bayrağımıza işarə ilə  "O bayraq ora sancılanda mən bildim ki, nəsə var, məndən gizlətsələr də, ürəyim narahat idi, pis xəbəri hiss etmişdim, amma inanmaq istəmirdim" deyir. "Mənim balam da, bütün səhidlərimiz də müqəddəs bayrağımızın Qarabağda həmişəlik dalğalanması üçün döyüşdülər, şəhid oldular!"

 

Məmmədov Məhəmməd Zakir oğlu 1994-cü il yanvarın 27-də Qazax rayonunun Alpout kəndində anadan olub. 2001-2012-ci illərdə Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirən Məhəmməd yüksək balla 2012-ci ildə Bakı Dövlət Universitetinin Qazax filialının tarix-coğrafiya müəllimliyi ixtisasına qəbul olub.  2016-cı ildə ali məktəbi bitirən Məhəmməd elə həmin il hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurduqdan sonra o, valideynlərinə hərbçi olmaq istədiyini deyir. Vətənə sevgi, vətənpərvərlik hisslərinin möhkəm olması ailədən çox asılıdır. Məhəmmədin də bu qərarı heç də təsadüfi deyildi. Məhəmmədin atası Zakir Məmmədov I Qarabağ müharibəsi veteranıdır. O, I Qarabağ savaşında qanlı-qadalı illərdə Vətənə şərəflə xidmət etmişdi. Ailə olaraq oğlunun bu qərarına qarşı çıxmırlar, bilirlər ki, Məhəmməd öz el-obasının, valideynlərinin başını hər zaman uca tutacaq. Məhəmməd Məmmədov N saylı hərbi hissədə zabit kimi xidmət etməyə başlayır. İşinə çox məsuliyyətlə yanaşdığından, o şəxsi heyətin dərin hörmət və rəğbətini qazanır. Məhəmmədin kiçik qardaşı Nurlan Məmmədov da 44 günlük Vətən müharibəsində iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Nurlan Məmmədov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Məhəmməd müharibənin ilk günlərindən ön cəbhədə olur. N saylı hərbi hissənin motoatıcı taborunun tərkibində tağım komandiri olan leytenant Məhəmməd Məmmədov sentyabrın 30-da ayağından və çiynindən qəlpə yarası alır. O, həkimlərin təkidinə baxmayaraq, hospitala  getmir. “Mənim əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm”- deyərək, yarasını sarıdıb yenidən döyüşə qayıdır. Cəsur zabit yenidən xain düşmənlə vuruşa atılır.

 

Leytenant Məhəmməd Məmmədov oktyabrın 6-da cəbhənin Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən snayper gülləsi ilə vurulur. Və döyüş meydanında qəhrəmancasına şəhid olur. 

 

Məhəmməd Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Şəhid leytenant doğulub boya-başa çatdığı Alpout kəndində dəfn olunub. İndi onun məzarı müqəddəs ziyarətgaha çevrilən, Vətən uğrunda canından keçən igid oğul və qızların uyuduğu müqəddəs məkanlardan biridir! Böyüdüyü evdə Məhəmmədin otağı da ziyarətgahdır. Anası hələ də həmin otağa daxil ola bilmir, ürəyi tablamır balasının ayrılığına. Şəhidin şəxsi əşyaları, hərbçi geyimi, vəsiqəsi, 44 günlük Vətən müharibəsindən sonra təltif olunduğu medalları otağını bəzəyir Məhəmmədin. Sanki burada bir hüzr var, bir ana nisgili, ağrısı var, lakin həm də qürur, fəxarət dolu, qısa olsa da, şərəfli, ləyaqətli ömür yolu keçən bir qəhrəmanın izləri var!

 

Alpout kəndinin girəcəyində şəhidin ailəsi onun adını əbədiləşdirərək bulaq inşa etdirib. Həmin bulağın ətrafında şəhidin xatirəsinə ithaf olunmuş böyük bir foto stend də var. Sanki gələnləri, gedənləri qarşılayıb yola salan gənc, gözəl simalı, qamətli Məhəmmədin ruhu Ana Torpağına, kəndinə qayıdıb elinin-obasının keşiyini çəkir. Onun ruhu doğma yurdundan pərvazlanıb həm də doğma Qarabağda dolaşır. Azadlığı uğrunda canını qurban verdiyi, bu gün azad, firavan günləri soraqlayan gözəl Qarabağın aydın səmasında əbədilik nura boyanan bütün igid, qəhrəman şəhidlərimizin ruhu kimi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Zeynab Kazımova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv