Modern.az

“Gığı dərəsi”nin Şəhid Türk məzarları

“Gığı dərəsi”nin Şəhid Türk məzarları

26 Sentyabr 2021, 10:27

Zəngəzur dağlıq silsiləsinin Şərq yamaclarında tarixi-coğrafi Türk-Müsəlman torpaqları olan Qərbi Zəngəzur mahalının (Qafan-Mədən nahiyəsinin) Oxçuçay hövzəsindəki “Gığı dərəsi” eynidadlı çayın (Gığı çayı (uzunluğu 15 km)-Qapıcıq zirvəsindən (3905 m) başlayan Gərd və Qazangöldağ zirvəsində (3829 m) mənbəyi olan Güneyyurd çayının (uzunluğu 15 km) birləşməsindən yaranır, Mahmudlu kəndi yaxınlığında) yatağı ətrafındakı kəndləri (Acıbac, Pəyən, Keypəşin, Gərd, çaykənd, Mahmudlu, Gığı, Püşən, Baharlı, Zeyvə…) əhatə edir.

 
“Gığı dərəsi” əlverişli təbii şəraitinə, zəngin mineral xammal ehtiyatına (məşhur Ge(ü)calan mis-molibden yatağı burada yerləşir), nəqliyyat dəhlizi imkanına malik olduğundan beynəlxalq siyasi-iqtisadi və hərbi əhəmiyyətli mövqe kəsb etdiyindən 1904-1906-cı, 1915-1918-ci illərdə, eləcə də 1920-ci ildən sonrakı dövrlərdə hay-rus birləşmələrinin hədəfində olmuş, bütöv Azərbaycan dövlətçiliyinə qarşı silahlı qəsdlərin meydanına çevrilmişdir. Təsadüfi deyil ki, hay kilsəsinin qanlı cəlladı və Türk-Müsəlman dünyasının qatı düşməni Q.Nijdenin 1917-1920-ci illərdə qərargahı Qafan-Mədən şəhərində olmuş, bölgənin bütün kəndlərində (1920-ci ilədək nahiyədə 97 Türk-Müsəlman kəndi mövcud olub) kökənli oğuz-qırçaq, sak-xəzər tayfalarının xalqlarına qarşı amansız qətliam-soyqırım faciələrini yaşatmışdır (nizami hay-kazak piyada və süvari dəstələri ilə).

 
Naxçıvan-Ordubad istiqamətindən bölgəyə daxil olan Osmanlı Türkiyəsinin XV Ordusu, Kazım Musa Qarabəkir paşanın (1882-1948) başçılığı ilə əsgər-zabit heyəti yerli özünümüdafiə qüvvələri ilə birlikdə “Gığı dərəsi” hövzəsindəki kəndləri hay-rus işğalçılarından azad etmiş, dinc əhalinin geri qayıtmasını təmin etmişlər-1920-ci ilədək.

  
Bu döyüşlərdə şanlı və xilaskar əsgər-zabitlərin Şəhid olanları isə müqəddəs Azərbaycan torpağında uyuyaraq, məzarları həmişə ziyarət ocağına çevrilmişdir.

  
Gığı kəndinə cənub istiqamətdə, 3-4 km aralı olan Pir Həmzə dağından, çayın sol sahilindəki Qızıl güney örüşündən (yüksəklikdən) hücum edən düşmənlər dinc sakinləri qətlə yetirmiş, evləri yandırmış, mal-mülkü qarət edib aparmışlar. Bu qanlı döyüşlərdə Gığı kəndində canı-qanı bahasına düşmənə sinə gərən Türk əsgərlərindən Şəhid olanları çayın qırağında yerləşən kənd qəbirstanlığında dəfn etmişlər.

 
Sonralar ziyarət ocağına çevrilən  4 Şəhid Türk əsgərinin dəfn edildiyi, uzun (1,5 m) sinə daşları olan qəbirlər (hündürlüyü 40-50 sm, eni 70-80 sm) qorunub saxlanılmışdır. Məzarüstü yazılar pozulmuş (sinədaşlarının yanlarında), oxunmaz halda idi, ancaq ay-ulduz naxışı bilinirdi.

  
Həmin qəbirlər kənd evlərindən (Muşqulat Məstalı oğlunun-1908-1989, Əziz Məcid oğlunun-1910-1994..) 15-20 m aralıda.

  
Qonşu Yuxarı Pürülü kəndində yaşayan və Gığı kənd orta məktəbində riyaziyyat müəllimi işləyən Həsən Abış oğlu Şəkərəliyev (1918-1987), yaşlı sakinlərdən İsa Ələkbər oğlu (1885-1972) 1950-1960-cı illərdə həmişə şagirdlərə, cavan nəsilə həmin qəbirləri göstərər, barələrində ətraflı məlumat verərdi, unutmamağı  tövsiyə edərdilər.

  
(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qafan  nahiyəsinin Baharlı kənd sakini Heydər İsmixan oğlu Dünyamalıyevin (1941) və Gığı kənd sakini Adışırin İsa oğlu Ələkbərovun (1942)  məlumatlarından istifadə edilmişdir).


Qismət  Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı