Modern.az

İlham Əliyevin qaldırdığı plakatdakı şəhid kimdir? - DOSYE

İlham Əliyevin qaldırdığı plakatdakı şəhid kimdir? - DOSYE

27 Sentyabr 2021, 19:50

Sentyabrın 27-də Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində Anım yürüşü təşkil edilib.

Modern.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da gənc kursantlar və hərbçilərin addımladığı yürüşə qatılıb.

Yürüş zamanı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki vətəndaşların hər birinin fotolarından ibarət plakatlar qaldırılıb.

Prezident İlham Əliyev yürüşdə şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı aparıb. 

Adil Asəm oğlu İbrahimli kimdir?

Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti - baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub.

Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub.

2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsini alıb.

Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək, Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.

Baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub.

O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli sərəncamına əsasən, Adil İbrahimliyə ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” adı verilib. Ölkə başçısının digər sərəncamları ilə şəhid zabit “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu