Modern.az

Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR

Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR

28 Sentyabr 2021, 08:45

O, 66 illik ömrünün 47 ilini teatr və kino sənətinə həsr etdi. Həm aktyor kimi film və tamaşalarda müxtəlif rollar oynadı, həm də rejissor olaraq ortaya xeyli iş qoydu – bir çox səhnə əsərlərinə quruluş verdi. Amma bir çox həmkarları ilə müqayisədə əziyyəti layiqincə qiymətləndirilmədı. Nə Əməkdar artist, nə də Xalq artisti fəxri adı aldı…

Söhbət tanınmış aktyor və rejissor, mərhum Şahmar Qəriblidən gedir.

Dostları deyirlər ki, hər dəfə respublikanın sənətkarlarına fəxri adlar veriləndə onlar siyahıda Şahmar Qəribli ismini də görmək istəyiblər… Amma bu, aktyorun dostlarına qismət olmayıb.

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində Şəhmar Qəriblidən bəhs edir.

Şahmar Qərib oğlu Qəribli 13 fevral 1952-ci ildə Kürdəmir rayonunda anadan olub. Onda teatr və kino sənətinə maraq hələ orta məktəbdə oxuduğu zaman yaranıb. Məktəbin və rayonun dram dərnəyinin hazırladığı səhnəciklərdə, tamaşalarda oynayıb.

1971-ci ildə Mirzə ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsinə qəbul olunub. Burada o, görkəmli aktyor Adil İsgəndərovdan sə­nə­tin sir­lə­rini öy­rən­ib. Adil İsgəndərov Şahmarın gələcəkdə yaxşı aktyor ola biləcəyini elə birinci kursdan ona deyib və öz üzərində daha ciddi işləməsini dönə-dönə tapşırıb.

Şahmar Qəribli artıq ikinci kursda oxuyanda Azərbaycan Dövlət Televiziyası ilə əməkdaşlıq edirmiş. Orada maraqlı rollara çəkilən Ş.Qəribli hələ tələbə ikən aktyor kimi tanınmağa başlayıb.


1975-ci ildə ali təhsilini başa vurandan sonra onun təyinatını Şəki Dövlət Dram Teatrına veriblər. Lakin orada cəmi üç ay qala bilib. Çünki Şəkidə yaradıcılıq potensialını tam açmaq üçün şərait  yox idi və bu səbəbdən də o, iş yerini Sumqayıta dəyişib.

Ş.Qəribli 1976-cı ildən başlayaraq 1991-ci ilə kimi fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb.

Onun Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi ilk işi “Komsomol poeması” tamaşasındakı Şahsuvar rolu olub. Bu rolu çox məharətlə ifa edərək teatr rəhbərliyinin, kollektivin, tamaşaçıların rəğbətini qazanıb.

1976-cı ilin dekabr ayında Şahmar Qəribli ordu sıralarına çağrılıb. Əsgərlik etdiyi ilk ayda, andiçmə mərasiminə bir neçə gün qalmış hərbi hissədə qəzaya düşüb. İş zamanı üstünə böyük dəmir-beton pilitə düşdüyünə görə onu ağır vəziyyətdə xəsətəxanaya çatdırıblar. Orada həkimlərin böyük səyi nəticəsində onu həyata qaytarıblar. Uzun müddət hərbi hospitalda müalicə alıb.

1980-ci ildə Şahmarı Sumqayıt teatrının rəhbərliyi yenidən aktyor ştatına işə götürüb.

O, aktyor kimi bu teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. “Adamın adamı”nda Fağır Bağır, “Müfəttiş”də Qumarbaz, “Bütün Şərq bilsin”də Jandarm,  “Dəyirman”da Temir müəllim, “Bayramın birinci günü”ndə Rüstəm, “İtirilmiş məktub”da Sərxoş vətəndaş, “Müfəttişdə”də Qumarbaz, “Diribaş adamlar”da Aristarx və başqa rollar oynayıb.

1992-1994-cü illərdə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq təhsili alıb. 

2001-2010-cu illərdə "Lider" telekanalında silsilə satirik proqramların quruluşçu rejissoru kimi fəaliyyət göstərib.

Daha sonra müxtəlif telekanallarda hazırlanan və maraqla baxılan sənədli filmlərin rejissoru olub.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib.

16 fevral 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 66 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum doğulduğu Kürdəmir rayonunda torpağa tapşırılıb.

Şahmar Qəriblinin bir qız, bir oğlan övladı yadigar qalıb.


Sənət yoldaşları deyirlər ki, Şahmar Qəribli yaradıcı aktyor idi. Canlandırdığı rolun tarixini, xarakterini, ətrafdakılara münasibətini tam öyrənir, mükəmməl mənimsəyir, dramaturqun ideyasına, rejissorun traktovkasına xələl gətirmədən əlavə rənglər tapırdı.

Teatr tənqidçilərinin sözlərinə görə, Şahmar Qəriblinin səhnədə canlandırdığı obrazlar koloriti, bitkinliyi və yadda qalan çaları ilə diqqət cəlb edib, yaddaşlara həkk olunub.

O, geniş amplualı aktyorlar sırasına daxil idi. Dramatik rolları da, komik obrazları da məharətlə ifa etmişdi.

Şahmar Qəribli ayrı-ayrı illərdə Azərbaycan Televiziyasının "Səhər görüşləri”, "Yumor axşamı”, "Hekayə axşamı” kimi proqramlarında yadda qalan obrazlar yaradıb.

O, teatr səhnələrində verdiyi quruluşlarla istedadının başqa bir səmtini də göstərib.

Sumqayıt teatrı onun quruluşçu rejissor kimi hazırladığl “Ölülər” tamaşasını təqdim edəndə səhnə əsəri əməlli-başlı səs-küy yaradıb. Hətta görkəmli sənətkarlar Məlik Dadaşov və Həsənağa Turabov tamaşa haqqında müsbət fikirlər səsləndiriblər.   

Daha sonra “Dəfn”, “Anasının gül balası”, “Qorxaq”, “Gülməyəsən neynəyəsən”, “Dünyanın qurtaracağındakı ev” tamaşalarına da quruluş verib.

Ş.Qəriblinin kinoda ilk rolu 1986-cı ildə rejissor Tofiq İsmayılovun çəkdiyi “Yay gününün xəzan yarpaqları” filmində olub.

Ş.Qəribli hər dəvəti müsbət dəyərləndirməyib, bəzən ssenarisni bəyənmədiyi, yaxud maddi şərtləri onu qane etməyən təkliflərdən imtina edib.
Çünki o bu sahədə yaxşını pisdən ayırmağı bacaran sənətkar olub.

O, “Qəzəlxan”, “Fəryad”, “Yerlə göy arasında”, “Cavid ömrü”, “Dolu”, “Sübhün səfiri”, “Çölçü” və başqa filmlərdə yaratdığı rollarla tamaşaçıların yadında qalıb.

Yəqin ki, “Fəryad” filminə baxanlar Xocalı şəhərinin işğalı ilə bağlı təşkil olunan yeyib-içmək məclisini xatırlayırlar. Filmdə erməni Styopa roluna çəkilmiş aktyor həmin məclisdə tamada seçilir və çıxış edir.



Dostlarının xatirində optimist insan kimi qalan aktyor taleyinin çətinliklərini, həyatın sürprizlərini yumor və təbəssümlə qarşılayırmış.

Deyirlər ki, ən ağır problemi olan şəxs Şahmar Qəriblinin həmsöhbəti olub ondan iki lətifə eşitsəymiş, dərdi yadından çıxarmış.

Sənətkar 60 illik yubileyində tanınmış jurnalist Etibar Cəbrayıloğluna verdiyi müsahibədə bildirmişdi ki, səhnəyə çıxan ilk gündən qarşısına prinsip qoyub:

“Heç kimə bənzəməmək, heç kimi təkrarlamamaq və ən epizodik rolu belə yaddaqalan etmək… ...Məni filmə dəvət edən hər bir rejissora deyirəm ki, tapşırılan rola vicdanla və məsuliyyətlə yanaşacağam, film ekrana çıxanda da mənim roluma görə heç kim sizi tənqid etməyəcək”.

Mərhumla tələbə yoldaşı və dost olmuş Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu onunla bağlı xatirələrində yazır:

“Şahmar Qəriblinin keşməkeşli həyat yolunun düz 47 ili mənim gözlərim qarşısından keçib...
1971-ci ilin iyun ayı idi. O vaxt biz Mirzə ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə imtahan verirdik.
Həmin il aktyorluq fakültəsinə cəmi 26 nəfər tələbə qəbul olunacaqdı, amma bir yerə 30 nəfərdən çox adam sənəd vermişdi. İlk sənət imtahanları çox çətin keçirdi. Çünki imtahan götürən tanınmış sənətkarlar, Azərbaycan teatr və kino sənətinin korifeyləri Rza Təhmasib, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov və başqaları hər bir müdavimi çox ciddi formada sorğu-suala tutur, ondan daha çox şeylər soruşurdular.
Yalnız və yalnız istedada, biliyə qiymət verilirdi. Tanışlıq, qohumluq, pul rol oynamırdı.
Mən Şahmarla elə imtahanların gedişində tanış oldum…

...Elə ilk tanışlığımızdan da onun daxilində böyük yumor hissinin və hazırcavablığının şahidi oldum. Danışdığı ən xırda söhbəti elə maraqlı ifadələrlə danışırdı ki, ətrafında olanlar istər-istəməz ona maraqla qulaq asırdılar. Bu da əlbəttə, onda olan Allah vergisindən irəli gəlirdi. Şahmar imtahanların hamısından “5” qiymət aldı”.


A.İdrisoğlunun sözlərinə görə, 1976-cı il yanvarından Şahmar Qəribli ilə Sumqayıt Dövlət Dram Teatrında birgə işləyiblər:

“Mərkəzi Domna Peçlərinin Təmiri müəssisəsinin yataqxanasında bizə bir otaq verdilər və bizi Sumqayıta daimi qeydiyyata götürdülər. Biz, artıq Şahmarla həmin otaqda bir yerdə qaldıq. Bir qazandan xörək yedik. Aramızda heç vaxt umu-küsü olmadı. Bir-birimizi yarım sözdən başa düşürdük. Mən ondan iki yaş böyük olduğuma görə, həmişə böyük qardaş kimi hörmət eləyirdi. Verdiyim məsləhətlərə də qulaq asırdı. Artıq mən onun, o isə mənim valideyinlərim, qardaşlarım ilə tanış olmuşdu. Yataqxanada bir yerdə qalmağımız bizim dostluğumuzu daha da möhkəmlətdi…

…1989-cu ildən mən artıq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik eləməyə başladım. Həmin vaxtı Şahmar Qəriblinin də rejissorluğa həvəsi olduğunu görüb, bir neçə tamaşaya quruluş verməsinə şərait yaratdım. Tələbəlik illərindən bilirdim ki, Şahmar həm də maraqlı şeirlər, səhnəciklər, ssenarilər, pyeslər yazır.
Özünün yazdığı “Gəlin açıq danışaq” və “Sehirli açar” pyeslərinə teatrda quruluş verdi. Hər iki tamaşa da maraqlı alındı...

…Hazırladığı tamaşalara peşəkar quruluş verdiyini görüb, 1992-ci ildə Şahmar Qəriblini teatrın öz hesabına iki illik rejissorluq kursunda təhsil almaq üçün Moskvaya göndərdim. O, iki il məşhur rejissor və ustad pedaqoq Leonid Xeyfitsin kursunda təhsil aldı. Xeyfitsin sevimli tələbələrindən biri oldu. Şahmar diplom tamaşası kimi Sumqayıt Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasına çox maraqlı quruluş verdi. Bu tamaşanı Moskvadan gələn teatr mütəxəssisləri də bəyəndilər. Azərbaycan mətbuatı bu tamaşa haqqında maraqlı ressenziyalar yazdı”.

A.İdrisoğlu bildirir ki, Şahmar Qəribli ilə birlikdə Sumqayıtda Estrada teatrı açmağı düşünsələr də, onun işdən çıxmağı bu planın gerçəkləşməsinə mane olub:

“Mənim Sumqayıt Dövlət Musiqili-Dram Teatrından çıxıb Dağıstana işləməyə getməyim bizim planlarımızı yarımçıq qoydu. Sonra Şahmar Qəribli də teatrdan çıxıb, taleyini “Lider”  Televiziyası ilə bağladı. O, 8 il orada işlədi.
Bu müddətdə 19 bədii və sənədli filmlər çəkdi. Bu filmlərin də hamısı respublika istimaiyyəti tərəfindən maraqla qarşılandı. Unudulan, yaddan çıxan sənətkarları belə ekran həyatına gətirib, əbədi yaşatdı. Çəkdiyi filmlər isə özünün peşəkarlığı ilə seçildi. Bunlardan “Ağ dünya”, “Özümüz”, “Pirlər”, “Ötən əsrdən gələn adam”, “Öxu tar”, “Yastı balaban”, “Udun nağılı”, “Həsrətli gözlərin rəngi”, “Mirzə Cəlil-ömrün qürub çağı”, “Həmidə xanım Cavanşir” və başqaları Azərbaycan televiziyasının tarixinə yazıldı…

Şahmar televiziyada rejissor işlədiyi müddətdə aktyorluq sənətini də davam etdirdi. Quruluş verdiyi filmlərin çoxunda özü də çəkildi. Eləcə də başqa bədii filmlərdə də rol aldı. Həmin vaxtlar 13 bədii filmdə maraqlı rollar oynadı.

Daha sonra taleyini yenidən Sumqayıt Dövlət Musiqili-Dram Teatrı ilə bağladı”…

Ağalar İdrisoğlunun sözlərinə görə, ömrünün 47 ilini teatr və kino sənətinə bağlayan Şahmar Qəribli bu sahələrdə gözəl mütəxəssis olduğunu sübut etsə də, layiqli qiymətini ala bilmədi:

“Onun sənəti yüksək rütbəli məmurlar tərəfindən layiqincə qiymətləndirilmədı. Xalqın sevimli aktyoru və rejissoru olan Şahmar Qəribliyə nə Əməkdar artist, nə də Xalq artisti fəxri adı verildi...
…Ona qarşı haqsızlıq və biganəlik də çox kövrək insan olan Şahmar Qəribliyə pis təsir edirdi. Özünü tox tutsa da, mən onun yaxın dostu kimi bu incikliyi duyur və görürdüm. Hətta onunla bağlı mətbuatda dərc etdirdiyim “Fitri istedadlı sənətkar” portret yazısından sonra fikirləşirdim ki, yaddan çıxan Şahmar Qəribliyə hökmən fəxri ad veriləcək. Amma əfsus ki, yenə də yaddan çıxdı...”.

Sənət dostu deyir ki, ömrünün son vaxtlarında Şahmar Qəribli öz tərcüməsində Fiqeyredonun “Ezop” faciəsi üzərində işləyir, bu əsərə quruluş verməyi planlaşdırırmış. Ezop rolunu da özü oynamaq istəyirmiş.

“Bu tamaşa ilə elə bil ki, o, illərlə özünə qarşı olan haqsızlıqları səhnədə göstərmək istəyirdi...

…Ona qarşı uzun illər olan haqsızlığa mərdanəliklə sinə gərən Şahmar Qəribli ömrünün axırıncı illərində yazıçı kimi özünü bədii yaradıcılığa daha çox həsr elədi. O, bir-birindən maraqlı pyeslər, hekayələr, şeirlər yazdı. Onun yazdığı “Kəfən pulu”, “Biri var idi, biri yox idi”, “Allah xeyir versin” hekayələri, “Xoşbəxt adamlar və yaxud əvvəla salam”, “Dünyanın qurtaracağındakı evimiz”, “Gəlin açıq danışaq” pyesləri, “Yuxun çin olsun”, “Bir gün”, “Hikkə” kino-ssenariləri mənim çox xoşuma gəlir. İnanıram ki, bu pyeslər əsasında tamaşalar hazırlansa və ssenarilər əsasında kinofilmlər çəkilsə, Azərbaycan incəsənəti çox şeylər qazanar”.


Şahmar Qəriblinin qızı Nərgiz hazırda Türkiyədə yaşayır və orada Nərgiz Qəribli Qaya ismi ilə gənc şairlərdən biri olaraq tanınır. O, Anadolu Universitetini bitirib. Şeirlər və hekayələr yazan Nərgiz xanımın 2014-cü ildә "Yersiz cümlәlәr” adlı ilk kitabı çıxıb. 2015-ci ildәn Türkiyədə "Tekstil” jurnalının redaktoru işlәyir. Eyni zamanda, tərcüməçiliklə məşğuldur.

Oğlu Qərib Qəribli isə portret rəssamı kimi fəaliyyət göstərir.

Ağalar İdrisoğlu:

“Şahmar bir ata kimi qızı Nərgizin toyunda böyük fəxarət hissi keçirib, çox sevindi. Təəssüf ki, atasının adını qoyduğu və həmişə “dədə” deyib çağırdığı oğlu Qəribin toy gününü görmək ona qismət olmadı”.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi