Modern.az

Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır

Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır

28 Sentyabr 2021, 09:17

Parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına Milli Məclisdə Qarabağa qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiyanın yaradılması məsələsi də daxil edilib. Belə ki, komissiyanın fəaliyyəti çərçivəsində beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.


Bununla bağlı Modern.az-a danışan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, “Böyük qayıdış” siyasəti vahiddir və bunu dövlət həyata keçirir. Komitə sədrinin sözlərinə görə, sözügedən komissiya, o cümlədən digər təşəbbüslər yalnız vahid siyasətin daxilində köməkçi xarakter daşıyan addımlardır:


“Qarabağa “Böyük qayıdış” Ermənistan üzərindəki qələbədən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Hər kəs bu hərəkata qoşulmaq, töhfə vermək niyyətindədir. Bu yeni doğuluş və diriliş hadisəsi kimi təzahür edir. Darmadağın edilmiş, viranəyə çevrilmiş, yandırılmış torpaqlarda yenidən məskunlaşma, qayıdış və böyük Azərbaycan quruculuğunu daşımaq vəzifəsi qarşısındayıq.


Belə olan təqdirdə, parlamentin İnsan hüquqları komitəsi kimi bizim də öhdəmizə düşən vəzifələr mövcuddur. Ali Baş Komandan bəyan edib ki, hər bir evə, ailəyə vurulmuş ziyan qiymətləndirilməlidir. Bu özü özlüyündə hüquqi araşdırmaları tələb edir. Beynəlxalq savaşa çıxdığımız hüquqi, siyasi, informativ döyüşlərdə insanlarımızın hüquq və azadlıqlarının təmin olunmasına çalışırıq. Çünki ermənilər ilk növbədə insanlarımızın hüquqlarını pozurlar.


“Böyük Qayıdış” müxtəlif mərhələlərdən keçəcək. O cümlədən bu illər ərzində aparılmamış bir sıra islahatlar, yeni qanunlar, orada yaşayacaq insanların imtiyazları geniş hədəflərdir. Bu baxımdan beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırkı fəaliyyətini izləməkdəyik. Ələlxüsus da abidələr məsələsi savaş səngərinə dönüb. Azərbaycanla yüksək münasibətlərə sahib olan və hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycanda fəaliyyət göstərən UNESCO platformasının hər zaman dünyada humanizm üçün xidmətlər göstərdiyi bir şəraitdə son bir ilə yaxın dövrdə fərqli davranışlarını görməkdəyik. Amma bu da insanların mədəniyyət hüququnu özündə ehtiva edir”.



Z.Oruc xatırladıb ki, müharibənin başa çatmasından cəmi 10 gün sonra mühüm əlaqələndirmə qərargahı yaradılıb:


“Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılıq etdiyi qərargah 17 fərqli qrupu, 200-ə yaxın insanı əhatə edərək qayıdışın dayanıqlı, sistemli həyata keçirilməsini özündə ehtiva edir. Bunun mühüm bir hissəsi hüquqi, qanunvericilik aktlarında dəyişiklik olacaq.


Biz ötən onillər ərzində beynəlxalq sənədləri ratifikasiya edərkən həmişə ora qeyd, əlavələr etməyə çalışmışıq. Bu əlavələrdə həmişə göstərirdik ki, Qarabağ Azərbaycanın nəzarəti altında olmadığından orada baş verəcək terror, cinayətkarlıq əməlləri, qaçaqmalçılıq və s. kimi məsələlərdə məsuliyyət daşımırıq. Mən əminəm ki, indi bununla bağlı dəyişiklik olacaq, çünki öz ərazilərimizin sahibiyik. Ona görə, İnsan haqları üzrə komitədə müəyyən işçi platformalar yaratmaq, burada aktiv iştirak etmək niyyətimiz var. Komitə üzvlərinin böyük əksəriyyəti bununla bağlı fikirlərini irəli sürüb. Həmin səbəbdən işçi planımızda böyük qayıdışla bağlı platformanın, dinləmələrin keçirilməsini nəzərdə tutduq.


Müxtəlif qurumlar, beyin mərkəzləri, qeyri-hökumət təşkilatları “Böyük qayıdış”la bağlı çalışmaların içərisindədirlər. Qeyd etdim ki, “Böyük qayıdış” siyasəti vahiddir, bunu dövlət həyata keçirir. Digər təşəbbüslər isə yalnız bu siyasətin daxilində köməkçi xarakter daşıyıq. Qeyd etdiyimiz komissiyanın fəaliyyətində də söhbət işçi müzakirələrdən, dinləmələrdən gedir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!