Modern.az

İran Azərbaycanla münasibətləri düzəltməyə çalışacaq - EKSPERT

İran Azərbaycanla münasibətləri düzəltməyə çalışacaq - EKSPERT

28 Sentyabr 2021, 13:16

Prezident İlham Əliyev 27 sentyabr Anım günü ilə bağlı Türkiyənin “Anadolu” Agentliyinə müsahibə verib. Müsahibə zamanı prezident İranın yük maşınlarının Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz daşımalar etməsi və qonşu ölkənin Azərbaycan sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsi məsələlərindən də danışıb.


İranın bu cür addımlarına səssiz yanaşılmayacağını qeyd edən ölkə başçısı bölgədəki uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir şeyin olmasını istəmədiyini bildirib:


“Bir daha demək istəyirəm ki, Azərbaycan burada da çox məsuliyyətli və ölçülü davranır. Ümid edirəm ki, qanuni addımlarımıza olan emosional reaksiyalar müvəqqətidir”.


İran və Azərbaycan arasındakı münasibətlərin son durumu haqqında Modern.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan düşünür ki, prezidentin də xəbərdarlığından sonra münasibətləri düzəltməyə çalışan İran bir qədər də geri addım atacaq:


“İran xarici siyasətində adətən hansısa problemi şişirdib, sonradan onun həlli ilə məşğul olmaq taktikasına yönəlir. Azərbaycan və İran arasında gərginlik azalmaqdadır. İranın xarici işlər nazirinin müavininin Bakıya səfəri, İranın ölkəmizdəki səfirinin Azərbaycanla bağlı açıqlamaları onu deməyə əsas verir ki, artıq iki ölkə arasındakı münasibətlər normallaşa bilər.

Səfir bu yaxınlarda müsahibələrin birində İranın Azərbaycan Respublikasının yanında olduğunu və ölkəmizin qələbəsinə sevindiyini söyləyib. Səfir hökumətin təmsilçisidir və bu, İran hökumətinin fikri kimi də qəbul oluna bilər. Odur ki, İran və Azərbaycan arasında gərginliyin artacağını, fövqəladə nələrinsə baş verəcəyini gözləmirəm. Bundan sonrakı mərhələ mənə elə gəlir ki, əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi, real addımların atılması istiqamətində davam edəcək. İran vəziyyəti axıra qədər gərginləşdirib nəyə nail olacaq? Azərbaycanla müharibə edəcək? Yoxsa diplomatik münasibətləri kəsəcək? Əlbəttə, bunların heç biri baş verəsi deyil. Belə addımlar indiki məqamda İrana sərf etmir. Sanksiyalarla üz-üzə qalan dövlət bu addımları ata bilməyəcək”.


S.Soltan bu yaxınlarda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün nəzərdə tutulduğunu söyləyib:


“İran regionda, Cənubi Qafqazda yaranmış reallıqla barışmağa məcbur olacaq. Başqa çıxış yolu yoxdur.

İran-Azərbaycan münasibətləri yumşalmağa doğru getdiyindən, cənubi azərbaycanlıların da etirazlara başlamasına səbəb yoxdur. Bu artıq geridə qalmış mərhələdir. Soydaşlarımızın geniş aksiyalar keçirəcəyinə, İran hökumətinə qarşı addımlar atacağına inanmıram”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq