Modern.az

Doğum günü şəhid olan baş leytenant

Doğum günü şəhid olan baş leytenant

28 Sentyabr 2021, 14:39

Bu gün Vətən müharibəsində şəhid olan baş leytenant Ağaqardaş Abbasovun doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Abbasov Ağaqardaş İlham oğlu 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Qəhrəman şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib. Ali təhsil alsa da, hərbiyə olan marağı onun hərbçi olmasına səbəb olmuşdu. O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək olub.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib. Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün də çalışıb. O, 28 sentyabr tarixində şəhid olub. Doğulduğu Hüseynxanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

 

Şəhid baş leytenant Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz ölümündən bir neçə ay sonra ata olub. Özünün istəyi ilə qızına İlknur adı verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?