Modern.az

Ərdoğanla bağlı iddialara son qoyuldu: 2028-ci ilə qədər....

Ərdoğanla bağlı iddialara son qoyuldu: 2028-ci ilə qədər....

29 Sentyabr 2021, 12:58

2003-cü ildən Türkiyəyə baş nazir postunda rəhbərlik edən Ərdoğan 2014-cü ildən fəaliyyətini prezident kürsüsündə davam etdirir. 2017-ci il aprelin 16-da qüvvəyə minən Konstitusiya dəyişikliyinə əsasən, ölkə parlament respiblikasından prezident respublikasına çevrildi. Yeni konstitusiyaya görə, o, 2023-cü ildə bitəcək ikinci dönəmindən sonra üçüncü dönəm də prezident qala bilər.

     

Türkiyə və Azərbaycan cəmiyyətində prezident Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə iştirak etməyəcəyi, hətta artıq siyasətdən çəkiləcəyi ilə bağlı iddialar yayılıb.

 

Bu iddiaların cəfəngiyat olduğunu, müxalif qüvvələr tərəfindən ortaya atıldığını düşünənlər və həqiqət olduğunu irəli sürənlər arasında media üzərindən söz savaşı da artıq başlayıb.

 

Bununla bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf partiyasından (AK Parti) olan deputatı Şamil Ayrım iddiaları təkzib edib. “AK Parti” təmsilçisi qətiyyətlə qeyd edib ki, bütün dünya Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı seçkilərdə də partiyanın prezidentliyə namizədi olacağını bilməlidir:

 

“Hörmətli Ərdoğan “Cumhur İttifaqı”nın da vahid başqan adayıdır. Bununla bağlı Milliyyətçi Hərakat Partiyasının (MHP) da açıqlaması var.

Müxalifət partiyaları bizi seçimlərdə məğlub edə bilmədilər, bunu bütün dünya gördü. Hər seçkidə Ərdoğanın liderliyindəki partiyamız seçkiləri qazandı. Buna görə müxalifətin indiki planı “Ərdoğansız Türkiyəni necə dizayn edə bilərik” - fikridir. Onlar Ərdoğandan qurtulma yollarını hesablamağa çalışırlar. Bu fikirlərini isə sosial mediada, çeşidli yayım orqanlarında yaymağa çalışırlar”.

 

Ş. Ayrım söyləyib ki, Türkiyənin son 20 ildə haradan hara gəldiyini bütün dünya çox yaxşı bilir:

“Müdafiə sənayesində Türkiyə dünyada lider ölkələrdən birinə çevrilib. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanmasında bizim istehsal etdiyimiz pilotsuz uçan aparatlarımızın nə qədər uğurlu olduğunu hər kəs bildi. Prezident Ərdoğan bir cümlə işlətdi: “Bizdə nə varsa, Azərbaycanda da eynisi olacaq. Bizim gücümüz, Azərbaycanın gücü, Azərbaycanın gücü isə bizim gücümüz deməkdir”.

 

Başqa bir nümunə verə bilərəm ki, pandemiya dönəmində bütün inkişaf etmiş ölkələr görünməz bəla ilə mübarizə apara bilmədiyi halda Türkiyə uğurlu bir mübarizə siyasəti həyata keçirdi. Türkiyə rəhbərliyinin bu məsələdə də əhəmiyyətli addımları bütün dünyaya nümunə oldu. Sonda vaksinasiya məsələsində də Türkiyə çox önəmli bir səviyyəyə gəlib çatdı. Bütün bunlar Ərdoğanın nə qədər uğurlu siyasətçi, uzaqgörən prezident olduğunu bir daha sübut edir.

Son zamanlar bütün dünyada iqtisadi geriləmələr var. Nədənsə, bizdə müxalifəti təmsil edənlər bu problemlərin həlli üçün hansısa addım atmaq, layihə hazırlamaq əvəzinə, dedi-qodularla, yalan, yanlış xəbərlərlə özlərinə nüfuz qazanmağa çalışırlar.

“AK Parti” olaraq,  önümüzdəli seçkilərə prezidentimizin liderliyi ilə gedəcəyik. Çünki hələ görüləcək çox işimiz var”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir