Modern.az

Zəngəzur dəhlizinin açılması Gürcüstanı narahat edir?

Zəngəzur dəhlizinin açılması Gürcüstanı narahat edir?

Qərbi Azərbaycan

30 Sentyabr 2021, 09:26

Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili prezident İlham Əliyev və baş nazir Əli Əsədov tərəfindən qəbul edilib.

Baş nazirin ölkəmizdə həyata keçirdiyi görüşlərin əsas müzakirə mövzusu isə iki ölkə arasında dostluq və əməkdaşlıq məsələləri, xüsusilə iqtisadi sahədə həyata keçirilən birgə layihələr, gələcək planlar olub. Son zamanlar Gürcüstanın Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı vasitəçilik etmək təklifi də müzakirə olunur. Bəzi ekspertlərin iddiasına görə, Zəngəzur dəhlizinin açılması Gürcüstana sərf etmir. Analitiklər bunu onunla əsaslandırırlar ki, buna qədər Azərbaycanın Türkiyə və Avropaya açılan bir çox əhəmiyyətli iqtisadi layihələri Gürcüstan üzərindən həyata keçirilib. Məhz bu səbəbdən Gürcüstan Zəngəzur dəhlizinin açılmasını nəqliyyat, logistika baxımından alternativ kimi qiymətləndirir.

 

Bəs reallıqda Gürcüstan və Azərbaycan arasında iqtisadi tərəfdaşlıq hansı səviyyədə inkişaf edir? Zəngəzur dəhlizinin açılması Gürcüstana sərf edirmi?

 

Bu suallar ətrafında Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Gürcüstanın regionun təhlükəsizliyində digər dövlətlər qədər maraqlı olduğunu düşünür:

 

“Bütün dünya ictimaiyyətinə məlumdur ki, 44 günlük Vətən Müharibəsindən, yəni Ali Baş Komandan, prezident İlham Əliyevin birbaşa komandanlığı və rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı tam məğlub etdikdən, torpaqlarımız işğaldan azad edildikdən sonra regionda yeni düzən meydana gəldi. İlk növbədə regiondakı 30 il ərzində davam edən təhdidlər, müharibə, terrorizm mənbəyi olan təhlükələr ortadan qaldırıldı. Başlıca olaraq, erməni faşizmi məğlub edildi. Bu isə regiona yeni baxış, yeni böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün geniş iqtisadi imkanlar deməkdir.

 

Müharibədən sonra region ölkələrinin “6-lıq platforması” ideyası ortaya çıxdı. Bu iqtisadi baxımdan altı dövlətin hər biri üçün əlverişli platformadır. Gürcüstan da bura daxildir. Gürcüstanın özü üçün regionda stabilliyin olması, müharibə təhdidlərinin və terror risklərinin aradan qaldırılması erməni faşizminin məhv edilməsi daha çox əlverişlidir. Çünki Ermənistan təkcə Türkiyə və Azərbaycana qarşı deyil, Gürcüstana qarşı da ərazi iddiaları irəli sürürdü. Xüsusilə Cavaxetiya bölgəsində ermənilər kompakt yaşadığından, bura daim qaynar bölgə olaraq qalırdı”.

 

Deputat vurğulayıb ki, artıq Cənubi Qafqazda stabillik olduğu üçün ölkələr dünya iqtisadiyyatına inteqrasiya edir, dünya ölkələrinin regiona marağı artır, iqtisadi fəallıq yüksəlir:

“Zəngəzur dəhlizinin açılmasına Gürcüstan qısqanclıqla yanaşmır. Əslində bu, Gürcüstan üçün nəqliyyat çıxışlarının daha çox şaxələndirilməsi deməkdir. Alternativ yolların olması deməkdir. Bütün layihələr, xüsusilə nəqliyyat kommunikasiyalar nə qədər dversifikasiya edilərsə, o qədər əlverişli olar, müəyyən risklərin aradan qalxmasına zəmin yaranar. Gürcüstan bütün istiqamətlərə, bütövlükdə dünyaya yeni çıxış əldə edir. Azərbaycanda, Türkiyədə və region ölkələrində iqtisadi fəallıq nə qədər çox artırsa, bundan Gürcüstan da faydalanır. Zəngəzur dəhlizinin açılması bütün Qafqazın əhəmiyyətli logistik mərkəzə çevrilməsi deməkdir, digər ölkələr kimi Gürcüstan da bunda maraqlıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir